Fizioloji bradikardiya ayırd edilməli və simptomatik bradikardiyanın əsasında duran səbəb təyin edilməlidir.
Simptomatik bradikardiya müəyyən edildiyi halda, ürək vurğularının tezliyini aşağı salan dərman preparatları dayandırılmalıdır (qəbuluna fasilə verilməlidir) (üskükotu preparatları, beta blokatorlar, verapamil (verapamil), diltiazem (diltiazem), demensiya zamanı istifadə edilən xolinergik preparatlar).
Huşun pozulmalarının baş verdiyi və bradikardiya nəticəsində güclü simptomatikanın qeyd olunduğu bütün pasientlər daha geniş müayinələrə yönləndirilməlidir.
Ümumi məlumat
Huşun pozulmaları, bayılmaönü vəziyyət və ya ürək çatışmazlığına gətirmədikdə, ürəyin sağlam olduğu halda bradikardiya təhlükə kəsb etmir.
Bradikardiyanın (<50 vurğu/dəq) səbəbi xoşxassəli sinus bradikardiyası, sinus düyününün disfunksiyası və ya atrioventrikulyar keçiricilik pozulması ola bilər.
Ürək vurğularının tezliyi sadəcə nəbzin əllənməsi vasitəsilə dəyərləndirilərsə, nəbz defisiti nəticəsində yanlış olaraq bradikardiya təsəvvürü yarana bilər.
Qulaqcıq fibrilyasiyası və ya ektopik sistolaları olan pasientlərdə, daha zəif ürək vurğuları çox zaman hiss edilmir; məsələn, 80 vurğu/dəq ilə bigeminiya halında palpasiya vasitəsilə bu ürək yığılmalarının yalnız yarısı hiss edilə bilər.
Sinus bradikardiyası
Sinus bradikardiyası zamanı, ürək vurğularının tezliyi 50-dən aşağıdır və P dişinin forması normaldır.
Yaxşı fiziki hazırlıq, məs., fiziki dözümlü idmançılarda
Ürəkbulanma, qusma, öskürəklə assosiasiya olunan vaqal refleks
Dərman preparatları (məs., beta blokatorlar, diqoksin (digoxin), verapamil (verapamil), diltiazem (diltiazem), antiaritmik preparatlar, demensiya üçün dərman preparatları)
Hipotireodizm
Bradiaritmiyalar
Pozulma sinus düyününün aktivasiyası (sinus düyününün dayanması), impulsun qulaqcıqlara ötürülməsi (sinoatrial blokada) və ya qulaqcıqlardan mədəciklərə ötürülməsi (atrioventrikulyar blokada) mexanizmlərindən hər hansı birində baş verir.
Sinus düyününün zəifliyi sindromu (SDZS) əksər hallarda sinus bradikardiyası, ürək vurğuları tezliyinin fizioloji artımının məhdudlaşması, sinus düyünü funksiyasının pozulmaları və çox zaman həmçinin qulaqcıq mənşəli taxiaritmiyalar ilə özünü biruzə verir (bradi-taxi sindromu adlandırılır).
Bu pasientlər sinoatrial düyünün funksiyasını zəiflədən dərman preparatlarına qarşı çox həssasdır.
Böyüklərdə meydana çıxan atrioventrikulyar keçiricilik pozulmasının (AV blokada) əsasında keçirici yolun degenerasiyası və ya zədələnməsi durur.
Birinci-dərəcəli atrioventrikulyar blokadada, PQ intervalı uzanmış olur (>0.2 s). Sinus düyününün fəaliyyəti normaldırsa, bu blokada bradikardiyaya səbəb olmayacaqdır.
İkinci dərəcəli Mobits I (Venkebax) tip atrioventrikulyar blokadada, PQ intervalının tədricən uzanması, birP dişi itənə qədər davam edir. İstirahət, xüsusilə də gecə vaxtı, o cümlədən tamamilə sağlam və hər hansı simptomlara malik olmayan şəxslərdə də meydana çıxa bilər.
Mobits II tip atrioventrikulyar blokadada, P dişinin itməsi, daha öncəki uzanma olmadan baş verir. Mobits I tip blokadaya nisbətən proqnoz pisdir.
Üçüncü dərəcəli atrioventrikulyar blokada (tam blokada) zamanı, P dişləri mədəciklərə tamamən keçirilmir. Tam blokadada ürək yığılmalarının tezliyi əvəzedici ritmin mənşəyindən asılı olaraq 20-60 vurğu/dəq arasındadır.
Bəzi sindromlar və xəstəliklər tez-tez sinoatrial və atrioventrikulyar düyünlərin funksiyasının pozulması ilə assosiasiya olunur. Misal olaraq, bunlara aiddir:
vazodepressiv sindrom
karotid düyünün hiperhəssaslığı sindromu
yüksəlmiş kəllədaxili təzyiq
hipotermiya
miokard infarktının kəskin fazası, xüsusilə arxa-bazal miokard infarktı zamanı.
Diaqnostika
Bradikardiyanın diaqnostikasının əsasını simptomlar baş verdiyi zaman qeydə alınan EKQ təşkil edir.
Simptomların baş verdiyi zaman yerinə yetirilə bildiyi halda, 12-aparmalı EKQ yetərlidir.
Holter monitorinqi sinoatrial düyündə funksional pozğunluqların aşkarlanması üçün yaxşı metoddur, həmçinin onun vasitəsilə keçici atrioventrikulyar blokadanın mövcudluğu müəyyən edilə bilər.
Holter monitorinqi ərzində simptomlar meydana çıxmadığı halda, yekun protokolun normal olması bradikardiyanı istisna etmir.
Bradikardiya huşun pozulmaları ilə assosiasiya olunduğu halda, implantasiya edilən EKQ-monitoru göstəriş ola bilər (bax Bayılma ).
Ürək xəstəliyinin istisna edilməsi üçün exokardioqrafiya yerinə yetirilir, eyni zamanda, göstəriş olduğu zaman fiziki yük sınağı və ya elektrofizioloji müayinə icra edilə bilər.
Reflektor bradikardiya passiv ortostatik sınaq zamanı müəyyən edilə bilər.
Müalicə
Simptomsuz bradikardiya müalicə tələb etmir.
Simptomatik bradikardiya zamanı, müalicəyə ehtiyac olması pasientin əsas xəstəliyi, bradikardiyanın səbəb olduğu hemodinamik pozulmalar və pasientin subyektiv vəziyyətindən asılıdır.
Sinoatrial düyünün yüngül funksional pozulmaları, birinci dərəcəli və ikinci dərəcəli Mobits I tip atrioventrikulyar blokadanın müalicəsi üçün, ürək vurğularının tezliyini aşağı salan dərman preparatlarının qəbulunun dayandırılması çox hallarda yetərli olur.
İkinci dərəcəli Mobits II tip atrioventrikulyar blokadada və tam blokadada çox hallarda səbəb distal keçirici sistemdədir və pozulma bradikardiya törədən dərman preparatının qəbulunun dayandırılması ilə korreksiya edilməyəcəkdir.
Ağır dərəcəli bradikardiya zamanı ilk tibbi yardım
5-dəqiqəlik intervallarla təkrar edilən atropin (atropine) 0,5 mq v.d., kəskin bradikardiya zamanı (vaqotoniya nəticəsində inkişaf edən) birinci sıra terapiyasıdır.
Ehtiyac olduqda, həmçinin izoprenalin (isoprenaline) infuziyası istifadə edilə bilər.
Müvəqqəti kardiostimulyasiyaya ehtiyac yaranması, pasientin simptomlarından asılı olaraq, fərdi qaydada dəyərləndirilir .
Bradikardiyaya səbəb olan bütün dərman preparatlarının qəbulu dayandırılır və dərmanla zəhərlənmə halında aktivləşdirilmiş kömür tətbiq edilir. Diqoksin (digoxin) ilə zəhərlənmə zamanı, spesifik antidot istifadə olunur. Kalsium-kanalı blokatorlarının effekti kalsium qlükonat (calcium gluconate) vasitəsilə aradan qaldırıla bilər.
Simptomatik bradikardiya üçün effektiv uzunmüddətli farmakoloji müalicə mövcud deyil, bununla əlaqədar, daimi kardiostimulyatorun implantasiyası tələb olunur .
İlk tibbi yardımdan sonra, sinoatrial düyünün ağır funksional pozğunluqları və ya Mobits II tip və ya tam atrioventrikulyar blokadadan əziyyət çəkən pasientlər, daimi kardiostimulyatora ehtiyac olmasının dəyərləndirilməsi üçün daha spesifik kardioloji müayinələrə yönləndirilməlidir.
Yüksək dərəcəli AV blokada daha öncə sağlam olan cavan şəxslərdə nadir hallarda rast gəlinir və adətən hərtərəfli etioloji müayinələrin aparılmasını və məsələn, ürəyin sarkoidozunun istisna olunmasını tələb edir.
Daimi kardiostimulyator müalicəsi göstərişdirsə, infeksion və digər ağırlaşmaların qarşısının alınması məqsədilə, müvəqqəti kardiostimulyasiyaya müraciət etmədən, birbaşa daimi kardiostimulyatorun implantasiyası tövsiyə olunur.