Ağızda göbələk infeksiyası
EBM Klinik protokolları
24.03.2017 • Sonuncu dəyişiklik 24.03.2017
TuulaSalo
MariaSiponen
Giriş
- Ağızda göbələk infeksiyasına demək olar ki, yalnız Candida albicans maya göbələyi səbəb olur. Bu normal ağız paraziti hesab olunur və ona 20 - 50% -ə qədər simptomsuz şəxslərin ağız boşluğunda da təsadüf etmək mümkün olur.
- Göbələk infeksiyası sahib orqanizmin müqaviməti zəiflədikdə və ağız florasının təbii balansı pozulduqda klinik olaraq təzahür edir. Bu səbəblə də göbələk infeksiyası sahib orqanizmin müqavimətinin ya yerli, ya da sistemşəkilli pozulmasının bir əlaməti olaraq qəbul edilir.
- Yerli təşviqedici faktorlara yenidoğulmuşlarda ağzın qeyri - normal bakterial florası, protez istifadəçilərində zəif ağız gigiyenası, ağız suyu ifrazının azalması, siqaret çəkmək və inhalyasion qlükokortikoidlər aid edilir.
- Sistemşəkilli təşviqedici faktorlara antibiotiklər, diabet, Daun sindromu, APEKED (autoimmun-poliendokrinopatiya-kandidoz-ektodermal distrofiya), inkişaf etmiş xərçəng, immundefisit, immunsupressiv terapiya və ağız suyu vəzisi ətrafında aparılan radioterapiya.
Klinik təzahür
- Müasir klinik təcrübədə ağızda göbələk infeksiyası birincili və ikincili olaraq qəbul edilir.
- Birincili göbələk infeksiyası kəskin, xronik, kandidal infeksiya ilə yanaşı gedən və ya göbələk infeksiyasından ikincili olaraq yoluxmuş keratinləşmiş yara şəklində ola bilər.
- Kəskin infeksiyaların ən geniş yayılmış növü ağızın selikli qişasında zəif ağrılı, müxtəlif ölçülü diffuz qırmızı sahələrin göründüyü eritematoz tip sayılır. Kəskin psevdomembran tip (ağızın selikli qişasının kandidozu) ağızın selikli qişasını örtən dəyişkən ölçülü açıq rəngli və qazına bilən ləkələrlə xarakterizə olunur.
- Xronik gedişli infeksiya həm eritematoz, həm də psevdomembran xarakterli ola bilər (şəkil). Xronik gedişli infeksiya özünü həmçinin qazına bilinməyən hiperplastik, nodulyar və ya diskşəkilli formada büruzə verə bilir.
- Göbələk infeksiyası ilə yanaşı gedən hallara protez stomatiti, anqulyar xeylit (şəkil) və median rombşəkilli qlossiti (şəkilə nəzər yetirin) aid etmək olar.
- Göbələk infeksiyasından ikincili olaraq yoluxmuş keratinləşmiş yaralara leykoplagiya, qırmızı qurd eşənəyi (lupus erythematosus) və qırmızı yastı dəmrov aid edilir.
- Ağızda ikincili göbələk infeksiyası sistemşəkilli xəstəliklər nəticəsində yaranıb mukokutanos infeksiyasına aid edilir.
Diferensial diaqnostika
- Qırmızı yastı dəmrov geoqrafikdir və tüklü dil, tüklü leykoplagiya, leyko- və eritroplagiya və digər hiperkeratotik yaralar şəklində olur.
Diaqnoz
- Ağızın selikli qişasından göbələk kulturasının götürülməsi. Nümunə mikrobioloji laboratoriyadan əldə edilmiş içində gel olan daşına bilən sınaq şüşələrində (məs. Transpocult®) toplanır. Xəstə həmçinin nümunənin götürülməsi üçün laboratoriyaya da gedə bilər.
- Kulturanın analizi müəyyən olunmuş göbələyin növü və müsbət işarə bölgüsü ilə qeyd edilmiş (+,++,+++) miqdarı haqqında məlumat verir. Müalicəni təyin edərkən simptomlar və klinik təzahürlər nəzərə alınmalıdır.
- Mikroskopik müayinə üçün göbələk yaxmasının və ya biopsiyasının əldə edilməsi (PAS boyağı)
- Yaxma üçün nümunə yaradan və ya ağızın selikli qişasından birbaşa əşya şüşəsi üzərinə götürülə bilər. Nümunə spirt və ya xüsusi fiksatorlarla qarışdırılıb müayinə üçün birbaşa patoloji laboratoriyaya göndərilir. Biopsiyanın götürülməsinə ehtiyac duyulduqda o, kandidal infeksiya ehtimalına görə PAS boyağı ilə müayinə oluna bilər.
Müalicə
- Mümkün olduğu təqdirdə müalicə yalnız xəstədə kandidal infeksiyanın yaranmasına təşviq edən yerli və sistemşəkilli faktorların aradan qaldırılmasına əsaslanmalıdır.
- Müalicə hər zaman infeksiyanın patogeninə qarşı təyin edilməlidir. Hər bir patogen faktor mümükün olduğu təqdirdə aradan qaldırılmalıdır. Əlavə olaraq, mövcud altda yatan təşviqedici xəstəlik də (məs. diabet) müalicə edilməlidir.
- Protez diş taxan xəstələrdə protezdə müəyyən düzəlişlər etmək və ya onu yenisi ilə əvəzləmək düşünməlidir. Protezlər hər gün diş məcunu ilə fırçalanmalı və gecələr ağızdan çıxardılaraq qurudulmalıdır.
- Göbələk əleyhinə dərman müalicəsi alarkən protezlər hər gün,daha sonra isə həftədə bir dəfə olmaqla dezinfeksiya edilməlidir.
- İstifadə ediləcək mümkün dezinfeksiyaedici maddələr: 0.2%-li xlorheksidin məhlulu, 0.02%-li natrium hipoxlorid məhlulu və ya protez təmizləyici qazlı tabletlər. Dezinfeksiyadan sonra protezlər 15 -30 dəqiqə təmiz su ilə yaxşıca yaxalanmalıdır.
- Göbələk infeksiyası üçün xarakterik klinik əlamətlər nəzərə çarpdıqda və xəstə simptomatik olduqda dərman terapiyası təyin edilir, məsələn, ağızda dalayıcı, yandırıcı və ya həssaslıq hissi olduqda. Diaqnozu kulturanı və ya yaxma / biopsiyanı müayinə etməklə təsdiqləmək tövsiyə edilir.
- Dərman vasitəsilə yerli müalicəsi (ən çox tövsiyə olunan):
- Nistatin oral suspenziya (100 000 IU/ml) 1 - 5 ml gündə 3 -4 dəfə; müalicəyə simptomların yox olmasından ən azı bir həftə sonra da davam edilməlidir (reseptdə 4 həftə yazıla bilər).
- Mikanazol 20 mg/g və ya 2% oral gel, 2.5 ml hər 6 saatdan bir; müalicəyə simptomların yox olmasından ən azı bir həftə sonra da davam edilməlidir (reseptdə 4 həftə yazıla bilər).
- Mikonazol gelinin yanaşı istifadə olunan dərman preparatları ilə qarşılıqlı təsirini nəzərə alın (məs. varfarinlə)!
- Ampoterisin B 10 mg lozenges, 4 -6 həftə ərzində bir tabletdən gündə 4 dəfə
- Sistemşəkilli dərman terapiyası (xərçəngə qarşı müalicə almış xəstələrdə profilaktik məqsədlər üçün məsləhət görülür; müəyyən hallarda ağızda göbələk infeksiyasının müalicəsində daha effektiv təsirə malik olur).
- Flukonazol, adətən birinci gün bir dəfə 200 - 400mg, daha sonra isə 1 - 2 həftə ərzində gündə bir dəfə 100-200 mg təyin edilir.
- Xərçəngə qarşı müalicə almış xəstələrdə dozalar daha böyük, müalicənin davametmə müddəti isə daha uzun ola bilər. Xərçəng xəstələrinə profilaktik məqsəd üçün gündə bir dəfə 200-400 mg təyin edilə bilər.
- Flukonazolun heç bir təsiri olmadıqda antifunqal dərman preparatlarına olan həssaslığın dəyərləndirilməsi üçün nümunənin götürülməsi və gələcək müalicənin buna müvafiq planlaşdırılması məsləhət görülür.
- Qeyd edin: azol qrupundan olan göbələk əleyhinə preparatlar bəzi digər dərman maddələri ilə əks qarşılıqlı təsirə malik ola bilərlər, məs. varfarin. Residivləşmiş ağız kandidozunu müalicə edərkən azol qrupundan olan preparatlara qarşı rezistentlik riski nəzərə alınmalıdır.
Müvafiq mənbələr
Pappas PG, Kauffman CA, Andes DR et al. Clinical Practice Guideline for the Management of Candidiasis: 2016 Update by the Infectious Diseases Society of America. Clin Infect Dis 2016;62(4):e1-50. Pankhurst CL. Candidiasis (oropharyngeal). BMJ Clin Evid 2013;2013():1304.