Diş kariyesi, dişlərin və diş pulpasının sərt toxumasının digər xəstəlikləri
EBM Klinik protokolları
24.04.2016 • Sonuncu dəyişiklik 23.01.2015
LeoTjäderhane
Diş kariyesi
Kariyes dişin sərt toxumasının xəstəliklərinin ən geniş yayılmış növü hesab olunur. Hal - hazırda Finlandiya kimi ölkələrdə sistemli şəkildə planlaşdırılmış dişlərə qulluq proqramı sayəsində uşaqlar və böyüklər arasında kariyes halları əhəmiyyətli dərəcədə azalsa da, əvvəllər bu hala daha tez - tez rast gəlinirdi və avtomatik olaraq populyasiyanın yaşlı qrupuna da ötürülürdü.
Kariyesin birinci mərhələsi normal ağız florasının bakteriyalarının dişin sərt toxuması üzərinə çökərək lövhə əmələ gətirməsindən ibarət olur. Buna görə də ən yaxşı müdafiə vasitəsi dişləri tərkibində ftor olan diş məcunu ilə fırçalamaq sayılır.
Kariyesin formalaşdığı ilk yer dişin ''çeynəyən hissəsi'' və azı dişlərinin boşluqları, daha sonra isə dişlərin interproksimal səthi və nəhayət diş ətinin dişə birləşən nahiyəsi sayılır. Normal halda diş ətinin dişə birləşən yerində kariyesin yaranması üçün həmin nahiyədə illər ərzində diş lövhəsinin formalaşması lazımdır. Ağız suyu ifrazı azalmış şəxslərdə diş ətinin dişə birləşdiyi nahiyədə (gingival margin area) və hətta diş boynunu əhatə edən yumşaq toxumada (gingival sulcal area) kariyesin əmələ gəlmə ehtimalı artmış olur.
Mina qatında kariyesin yaranmasının ilk əlaməti dişin parlaqlığının itməsi sayılır. Sürətlə inkişaf edən diş kariyesi ağ rəngdə olur. Əgər kariyesin yaranması prosesi zəif sürətlə gedərsə və ya inkişafı dayanmış olarsa kariyes sahəsi öz qəhvəyi və hətta qaraya çalan rəngi ilə sağlam nahiyyədən fərlənmiş olur (şəkil).
Dişin sərt toxumasında qanın sirkulyasiyası zəif olduğundan bakterial invaziyanın qarşısının alınmasının yeganə yolu mexaniki kənarlaşdırılma sayılır. Kənarlaşdırılmış toxuma daha sonradan plombla doldurulur.
Dental pulpanın və periapikal toxumanın xəstəlikləri
Pulpit və onun ağırlaşmaları
Pulpit bakterial toksinlərin invaziyası nəticəsində yaranan diş pulpasının iltihabi prosesidir.
Bakteriyanın diş pulpasının boşluğunu istila etməsi pulpa toxumasının nekrozu ilə nəticələnir.
Dental pulpanın daha dərin yerini istila edən bakteriyalar nekrotik pulpanın toxuma qalıqları ilə birlikdə diş kökünün ucu (tooth root apex) ətrafında iltihabı prosesin yaranmasına səbəb olur. Bu proses diş kökünün ucundakı sümüyə çatdıqda sümük itkisi, daha sonra isə kəskin apikal periodontit ilə nəticələnir. Müalicə etmədikdə bu kəskin infeksiya, periapikal absesin formalaşmasına və intraoral və ya ekstraoral şişkinliyin yaranmasına səbəb olur. Müalicə etmədikdə vəziyyət xroniki hala çevrilə və intraoral və ekstraoral fistulanın formalaşmasına səbəb ola bilər.
Kəskin infeksiyalar əksər hallarda şiddətli xarakterli sızlayan ağrı ilə müşayət olunur. Xəstə bəzən infeksiyanın ümümi simptomlarına da malik ola bilər.
Bütün bu xəstəliklərin müalicəsi nekrozlaşmış pulpa toxumasının və pulpa boşluğu ətrafındakı dentinin endodental kənarlaşdırılmasından və plombun yerləşdirilməsindən ibarət olur. Kəskin abses hallarında ekssudativ iltihab kəsik və ya dişin çıxarılması yolları ilə kənarlaşdırılır. Lazım gəldikdə antibiotiklər təyin edilir. Bəzi hallarda pulpanın nekrozlaşmış hissələrinin kənarlaşdırılması üçün bütünlükdə dişin çıxarılması lazım gəlir.
Dişin patoloji aşınması
Dişin aşınması prosesi zədələnmə, yeyilmə və ya eroziya nəticəsində baş verə bilər. Bunların hamısına adətən eyni zamanda təsadüf edilir. Müalicənin effektiv olması üçün patoloji diş aşınmasının yaranma səbəbini müəyyən etmək vacibdir.
Patoloji diş aşınması çeynəmə aktının daha geniş problemlərinə yol aça bilər, məsələn, degenerativ dəyişikliklər və gicgah - alt çənə (temporomandibular) oynağında ağrı.
Dişlərin yayılmış zədələnməsi
Dişlərin bir - birinə sürtülməsi nəticəsində yaranan aşınma (şəkil).
Dişin ''çeynəmə'' və həmçinin interproksimal səthində müşahidə edilir.
Bu, xüsusi hallarda, yəni aşınmanın fizioloji zədələnmə həddini keçməsi hallarında xəstəlik olaraq klassifikasiya olunur.
Patoloji zədələnmənin səbəbləri dentinin balanssız okkluziyası, dişlərin sürtülməsi (xüsusilə gecə vaxtlarında (bruksizm)) və diş - çənə (dentofacial) anomaliyaları ola bilər.
Dişlərin yeyilməsi
Eksternal faktorların səbəb olduğu diş aşınması (şəkil).
Səbəb diş məcunu, diş fırçası və ya dişlərin adətən çox aqressiv fırçalanması ola bilər.
Hətta yalnış növ diş - bərpa materialından istifadə də qarşı dişin yeyilməsinə səbəb ola bilər.
Dişlərin eroziyası
Eroziya dental mikroorqanizm lövhəsi tərəfindən istehsal olunmayan turşular tərəfindən diş materialının kimyəvi zədələnməsidir.
Eroziyanın ilkin əlaməti diş səthinin parlaqlığının itməsi sayılır. Bu proses daha sonra mina qatının minerallarının itməsinə səbəb olur (şəkil).
Eroziya adətən üst kəsici dişlərin dil tərəfindən başlayaraq kəsici kənarda çox nazik bir emal qatda inkişaf edir, hansı ki, bu daha sonradan emalın sınmasına səbəb olur. Bu, kəsici kənarların kələ - kötürlü olması və tacların qısalması ilə nəticələnir.
Səbəblər
Ən geniş yayılmış eksternal (xarici) səbəblərə turş içkilərin içilməsi (məs. idman içkiləri) və vegeterian tip pəhriz aid edilir.
Ən vacib internal (daxili) səbəb mədə turşusunun ağız boşluğuna refluksu ilə nəticələnən mədə qıcqırması və ya qastroezofaqial refluks (GER) sayılır.
Dişlərin eroziyası bulemiya və anoreksiya nervozu zamanı davamlı olaraq udulmuş qidanın yeniden ağız boşluğuna qayıtması hallarının diaqnostikasında əhəmiyyətli rol oynayır, çünki bu xəstələr əksər hallarda qusduqlarını göstərməməyə çalışırlar.
Diş aşınmasının müalicəsi
Əgər sadəcə bir diş zədələnmişdirsə aşınmış diş maddəsi bərpaedici material ilə əvəzlənə bilər. Əgər eroziya bir neçə dişə yayılmışdırsa bu halda, hətta bir neçə diş də taclana bilər.