Radioterapiyanın əlavə təsirlərinin idarə edilməsi
EBM Klinik protokolları
04.05.2017 • Sonuncu dəyişiklik 04.05.2017
RistoJohansson
Əsas məqamlar
Radioterapiya yerli müalicə üsuludur və buna görə də onun əlavə təsirləri demək olar ki, hər zaman lokal xarakter daşıyır. Tipik əlavə təsirlər radiasiyanın bölünməyə qabil olan hüceyrələrə zədələyici təsirindən qaynaqlanır.
Dəri reaksiyalarına qızartı, quru və ya yaş epiteliit daxildir.
Digər simptomlara selikli qişanın zədələnmələri, fibroz, katarakta, radiasion pnevmonit və həmçinin geniş sahəyə tətbiq olunan radioterapiyadan sonra yaranan leyko- və trombositopeniya aid edilir.
Böyüyən uşaqlarda şişləri məhv etməyə kifayət edəcək qədər böyük dozalarda radiasiyaya məruz qalan nahiyələrdə sümük və qığırdaq toxumalarının inkişafının pozulması müşahidə edilir. Xüsusən kiçik uşaqlarda radiasiya baş və baş beyin nahiyəsinə doğru yönəldilmişdirsə əqli inkişaf geriliyi yarana bilər.
Dəri və selikli qişa zədələnmələri
Dəri zədələnməsi müalicənin başlanğıcından 2-3 həftə sonra qızartı şəklində təzahür edir. Mülayim bir reaksiya iki-dörd həftə ərzində öz-özünə sağalır.
Şiddətli reaksiyalar yanıq yaraları kimi müalicə edilir.
Gecikmiş əlamətlərə dərinin nazikləşməsi və hətta telenangioektaziya aid edilir; xüsusi bir müalicəyə ehtiyac duyulmur. Tər vəzilərinin funksiyası pozulur, dəri nazik və quru olur.
Radiasiyaya məruz qalmış nahiyədə saç tökülməsi müalicənin başlanğıcından üç-altı həftə sonra baş verir. Bəzən fərqli bir rəngdə və ya daha qıvrım bir formada olmağına baxmayaraq, saç adətən yenidən inkişaf edir. Saçın yenidən çıxması radiasiyanın dozasından asılıdır.
Şüalanmış nahiyədən asılı olaraq selikli qişanın təsirə məruz qalması stomatit, ezofaqit, bağırsağın qıcıqlanması və ya diareya şəklində özünü göstərir.
Ağız boşluğu və qida borusunun təsirə məruz qalması zamanı müalicə lazımi şəkildə ağız gigiyenasına əməl olunması ilə, yerli tətbiq olunan antifunqal maddələrlə və zəruri hallarda yeməkdən əvvəl anestetik gel ilə aparılır. Çox isti, qaba və ədviyyatlı qidalardan çəkinmək lazımdır.
Çənə nahiyəsinə radioterapiya tətbiq etməzdən öncə diş və ağız boşluğu xəstəlikləri müalicə edilməlidir. Radioterapiyadan sonra ağız boşluğu və diş gigiyenasına xüsusi diqqət yetirilməli, müntəzəm müayinələr və müalicə aparılmalıdır. Diş və diş əti əməliyyatlarından çəkinmək lazımdır; təcili olaraq ehtiyac duyulduğu zaman əməliyyat ixtisaslaşmış stomatoloji müəssisəsində icra olunmalıdır.
Tüpürcək vəziləri radiasiyaya məruz qaldıqda ağızda quruluq hissi əmələ gəlir. Müalicə tüpürcək əvəzedici (tibbi süni tüpürcək) məhsulların tətbiqindən və pəhrizlə bağlı konsultasiyadan ibarət olur.
İshalın müalicəsi kifayət qədər hidratasiyanı təmin edən simptomatik terapiyadan ibarətdir. Davamlı diareya zamanı nəcis kulturası təyin olunur; müalicə kulturanın nəticəsinə əsasən müəyyənləşir. Gecikmiş effektlərə bir neçə ilədən sonra yaranan bağırsaq stenozunu aid etmək olar.
Sidik kisəsinin qıcıqlanması tez-tez sidiyə çıxma, bəzən də ağrı kimi özünü büruzə verir. İnfeksiyalardan qorunmaq və onları müalicə etmək vacibdir. Müalicə, simptomların ağırlığına əsasən təyin olunan analgetiklərin istifadəsindən ibarətdir. Yerli müalicə kimi oturaq isti vannalar tətbiq olunur.
Göz nahiyəsinin şüalanması konyuktivitə səbəb olur. Müalicə yerli tətbiq olunan göz damcılarından ibarətdir. Gecikmiş problemlərə quruluq və xoralaşmanı aid etmək olar.
Digər orqan zədələnmələri
Katarakta, büllurun şüalandırılmasının gecikmiş effektidir və kataraktanın yaranması aşağı dozalı şüalanmalarda belə mümkündür; müalicə katarakta əməliyyatından ibarətdir.
Radiasion pnevmonit ağciyərlərin şüalandırılmasından iki-altı ay sonra təzahür edir. Simptomlar quru, bəlğəmsiz öskürək və mülayim qızdırmadan ibarət olur. Döş qəfəsi rentgenoqrafiyasında kölgələnmə sahəsi müşahidə oluna bilər, lakin diaqnoz başlıca olaraq pasiyentin anamnezinə və simptomlara əsasən qoyulur. Radiasion pnevmonit iltihabəleyhi dərman maddələri ilə, öskürək əleyhi vasitələrlə və hətta bəzən kodein həbləri ilə müalicə olunur. İki-dörd həftə müddətində antibiotik və 10-25 mq prednizolon gündə 3 dəfə olmaqla təyin edilə bilər. Yayılmış fibroz sahələri illər ərzində görünə bilər, lakin rentgenoqramda daha kiçik sahələr aşkar edilmir.
Adətən böyrək toxumasının hissələri zədələnmənin klinik simptomlara səbəb olmayacağı şəkildə qorunulur. Yerli reaksiyalara atrofiya və fibroz daxildir.
Ürək nahiyəsinə tətbiq olunan radioterapiya fibroza, ürək xəstəliyinin ağırlaşmasına və ən pis halda, gecikmiş ağırlaşma olaraq konstriktiv perikarditə səbəb ola bilər.
Reproduktiv sisteminin hormon və qamet yaratma funksiyası olduqca az şüalanma dozasında belə zədələnir. Buna baxmayaraq, zəruri hallarda kontraseptivlərdən istifadə olunmalıdır.
Onurğa beyni 5 həftə ərzində təxminən 45-55 Gr dozada radiasiyaya davam gətirir. Daha yüksək ümumi və birdəfəlik dozaların tətbiqi zamanı müalicədən bir neçə ay sonra başlayan və şişin yaratdığı simptomlardan ayırd edilməsi çətin ola bilən proqressivləşən paraparez riski mövcuddur.
Hematoloji sistemə aid olan əlavə təsirlər
Bədənin yarısı və ya ümumi bədənin radioterapiyası kimi geniş sahələrin şüalandırılmasından sonra leyko- və trombositopeniya, bəzən isə anemiya müşahidə edilir. Bu öz-özünə tənzimlənir və bir neçə həftə ərzində azalır. Nadir hallarda qan hüceyrələrinin transfuziyası, böyümə faktorları və ya hətta kök hüceyrə transplantasiyası tələb oluna bilər. Normal radioterapiyadan sonra qan göstəricilərində orta dərəcəli azalma halı müalicə tələb etmir; bununla belə, ağır dərəcəli neytropeniya və ya trombositopeniya halları onkoloji şöbədə nəzarət altına alınır.
Ümumi simptomlar
Baş nahiyəsinin radioterapiyası ödem və kəllədaxili təzyiqin yüksəlməsinə səbəb ola bilər. Bu halda müalicə gündə üç dəfə, 3-12 mq dexamethasone təyinindən ibarətdir və radioterapiya müddəti bitdikdən sonra dərman tədricən kəsilir.
Ürəkbulanma ümumi bədən, bədənin yarısı, bağırsaq və ya baş nahiyəsinin şüalanması nəticəsində yarana bilər. Müalicə metoclopramide təyini və mərkəzi sinir sisteminin qıcıqlanması qeyd olunduğu təqdirdə qlükokortikoidlərin təyinindən ibarətdir. Digər preparatların effektiv olmadığı halda serotonin-3-reseptor antaqonistlərinin təsirini yoxlamağa dəyər.
Yorğunluq və əqli simptomların meydana gəlməsi dəyişkən xarakterlidir. Müalicə simptomatikdir. Birincili xəstəliklə əlaqəli problemlərin differensial diaqnostikasını nəzərdə saxlayın və lazımi zehni dəstəyi təmin edin.
Ümumi bədənin radioterapiyası və radiasiya qəzalarında ilk simptomlar dəqiqələr və ya saatlar ərzində özünü büruzə verir. Yüksək dərəcədə radiasiyaya məruz qaldıqdan sonra rast gəlinən bu simptomlara ürəkbulanma, yorğunluq, əzələ gücünün itirilməsi və konfuziya halı (huşun qarışıq olması) daxildir. Əvvəlcə asimptomatik olan bir şəxsdə bir neçə gün ərzində mədə-bağırsaq sindromunu inkişaf edə bilər (ürəkbulanma, diareya, bağırsağın selikli qişasının zədələnməsi, qanaxma). Müalicə olunmadığı təqdirdə sindrom ölümcül paralitik bağırsaq keçməzliyinə proqressivləşə bilər. Hətta bir neçə həftə ərzində nisbətən aşağı dozada şüalanma ölümlə nəticələnə bilən leykopeniya və trombositopeniyaya səbəb olur.