Aşağı ətraf sınıqlarının immobilizəedici sarğılarla müalicəsi
EBM Klinik protokolları
26.06.2017 • Sonuncu dəyişiklik 26.06.2017
MattiSävelä
Aşağı ətrafın uzun immobilizəedici sarğısı
Göstərişlər
- Baldır sümüklərinin yerdəyişməyən sınıqları
- Nadir hallarda, diz oynağı nahiyəsi snıqlarında (bu sınıqlar əsasən cərrahi yolla və ya şarnırli protezin tətbiq edilməsi ilə müalicə olunur)
Ləvazimat
- Elastik borulu bint, içlik üçün tənzif, poliuretan köpük sarğısı, eni 15-20 sm olan 4-6 rulon gips sarğısı və ya 5 rulon lifli şüşə/plastik sarğı (eni 10 sm). Hal-hazırda, immobilizəedici sarğılar kimi əsasən lifli şüşə sarğılar və ya lifli şüşə sarğılarla gücləndirilmiş yumşaq sarğılar istifadə olunur.
İmmobilizəedici sarğının hazırlanması
- Baldırdan tutaraq aşıq-baldır oynağını 90 dərəcə dorzifleksiya, dizi isə təxminən 25-30 dərəcə fleksiya vəziyyətində saxlayan bir köməkçi həmişə olmalıdır. DİQQƏT: Ayaq inversiya vəziyyətində qalmamalıdır.
- Aşağı ətraf içliklə örtülməzdən qabaq düzgün vəziyyətdə olmalıdır. Çünki sonradan aşqı-baldır oynağında olan fleksiya içlik tənzif materialında qırışıqlar yaradır. Bu nahamarlıqlar isə immobilizəedici sarğının daxilində dərini sıxır.
- Dərini qorumaq üçün elastik borulu bint istifadə edin və ayaq barmaqlarının əsasından budun yuxarı hissəsinə kimi onun üzərinə ikiqat içlik qoyun. Topuqları, diz oynağını və zədələnən sahəni xüsusilə yaxşı örtün. Köpük sarğısı baldırın cizgilərinin görünməsi üçün içliyin üzərinə sarınır.
- İmmobilizəedici (gips) sarğı lazımi forma verilərək, irəlilədikcə ətrafdan tutma yeri dəyişilərək beş eyni qalınlıqlı qatla içlik üzərindən sarınır. Birinci qatdan sonra ayaq barmaqlarının əsasından dabana kimi ayaqaltı səthinə 4-5 qat sarğıdan formalaşdırılmış şina yerləşdirilir. Belə şina bütün sarğı uzunluğu boyunca da ola bilər. Bu halda 3-4 qat kifayətdir. Bütün barmaqların sərbəst hərəkət etdiyinə əmin olun. Proksimal hissədə sarğı böyük burmaya kimi uzanır və onun üzərində dəstəklənir. Sarğının üzərinə elastik boru bintini çəkərək kənarlarını yuvarlaq edin.
- Kəskin zədələnmələrdə və ya cərrahiyyədən sonra gips sarğısı həmişə xüsusi alətlə kəsilir və aşağı ətraf vertikal vəziyyətdə saxlanılır. Bu sarğı 3-5 gündən sonra 1-2 lifli şüşə rulonu ilə bağlanır. Lifli şüşə immobilizəedici sarğısı kəsilmir.
- Əgər ağırlıq salınmasına icazə verilirsə baldırın üçbaşlı əzələsi nahiyəsi möhkəmləndirilir və daban, yaxud immobilizəedici sarğı ayaqqqabı düzəldilir.
- Ləngimə olmadan budun dördbaşlı əzələsinin izometrik çalışmaları başlanılmalıdır.
- Lifli şüşə materialı immobilizəedici sarğını möhkəmləndirmək üçün və ya əgər travma kifayət qədər yaxınlarda olmayıbsa yeganə immobilizəedici material kimi istifadə edilə bilər.
İmmobilizəedici sarğı müalicəsinin davam müddəti
- Baldır sümükləri sınıqlarında ilk immobilizəedici sarğı 6 həftə istifadə edilir, bunun ardınca travmadan 3-4 ay keçənə qədər yeriş üçün immobilizəedici sarğı ilə (lifli şüşədən hazırlanmış, aşağıda baxın) davam olunur.
Ağırlıq salınması (və ya vertikal yüklənmə)
- Ətrafın öz çəkisi ilə ağırlıq salınmasına başlanğıcdan icazə verilir.
- Hissəvi ağırlıq salınması sağalmanı sürətləndirir.
- Əgər sümük bitişməsinin sübutları varsa və sınıq stabildirsə 6-9 həftədən sonra tam ağırlıq salınması.
Qısa immobilizəedici çəkmə
Göstərişlər
- Stabil bayır topuq sınıqları (iç topuq və qamış sümyünün arxa kənarının sınıqlarına adətən cərrahiyyə tələb edilir)
- Topuq sınıqlarının cərrahi müalicəsindən sonra
- Aşıq-baldır oynağı bağ zədələnmələrinin cərrahi müalicəsindən sonra (çox zaman lifli şüşədən hazırlanmış); immobilizəedici sarğı konservativ müalicədə istfadə edilmir
- Ayaq travmaları (II–V ayaq barmaqlarının sınıqları və izolə olunmuş şəkildə II-V ayaq daraqarxası sümüklərinin sınıqları istisna olunmaqla)
Ləvazimat
- Elastik borulu bint, içlik üçün tənzif, poliuretan köpük sarğısı, 4–6 rulon gips sarğısı (aşıq-baldır oynağı nahiyəsi üçün eni 15 sm, oynaqdan yuxarı üçün eni 20 sm) və ya 2-3 rulon lifli şüşə/plastik sarğı (eni 10 sm). Əsasən lifli şüşə istifadə edilir (aşağıda baxın).
İmmobilizəedici sarğının hazırlanması
- Aşağı ətrafa dəstək üçün diz oynağının altına bir dayaq yerləşdirin.
- Dərini qorumaq üçün elastik borulu bint istifadə edin və aşıq-baldır oynağını 90 dərəcə altında bükmə vəziyyətinə gətirin (inversiyasız!).
- Ayaq barmaqlarının əsasından baldırın üçbaşlı əzələsinin yuxarı hissəsinə kimi iki qat içlik sarıyın və içlik üzərinə köpük sarğısı əlavə edin.
- Ayaq barmaqlarını sərbəst buraxaraq köpük sarğısının üzərinə immobilizəedici sarğı (gips sarğısı) sarınır. Diz oynağı sərbəst bükülə bilməlidir. İmmobilizəedici sarğı incik sümüyünün yuxarı başı səviyyəsinə qədər uzanmalıdır (incik sinirinin zədələnməsindən yayınmaq üçün kifayət qədər içlik istifadə edin; heç bir qeyri-hamarlığa yol verilməməlidir). Sarğı üzərinə elastik borulu bint çəkərək kənarlarını yuvarlaq edin. Ayaqaltı düzəltmək üçün aşağı ətrafın uzun immobilizəedici sarğısı (uzun gips sarğısı) üçün verilmiş təlimatlara baxın (lifli şüşə/plastik immobilizəedici sarğı materialı tətbiq etdikdə şina istifadə olunmamalıdır).
- Kəskin zədələnmələrdə gips sarğısı bir xüsusi alətlə kəsilir və 2-3 gündən sonra lifli şüşə ilə bağlanır. Lifli şüşə immobilizəedici sarğısı kəsilmir.
- Əgər ağırlıq salınmasına icazə verilirsə baldırın üçbaşlı əzələsi nahiyəsi gücləndirilir və daban, yaxud immobilizəedici sarğı ayaqqabı düzəldilir .
İmmobilizəedici sarğı müalicəsinin davam müddəti
- 3–6 həftə (topuq sınıqlarında)
Ağırlıq salınması
- İlk 3 həftə ərzində hissəvi, bundan sonra isə tam ağırlıq salınmasına icazə verilir.
Lifli şüşə immobilizəedici sarğısı
Göstərişlər
- Gips immobilzəedici sarğısından sonrakı təqib müalicəsi
- Artan ödem kompartment sindromu yarada bildiyinə görə adətən təzə zədələnmələr üçün istifadə olunmur.
Ləvazimat
- Elastik borulu bint, içlik üçün tənzif, 2–4 rulon lifli şüşə immobilizəedici sarğısı (eni 10 sm, birinin eni 7,5 sm). Hündür çəkmə immobilizəedici sarğısı üçün 5-6 rulon.
İmmobilizəedici sarğının hazırlanması
- Gips sarğısına oxşar qaydada hazırlanır (yəni, heç bir krep kağızı istifadə edilmir); bu sarğı ilə qırışıqların qarşısının alınması hətta daha çox vacibdir.
- Bu sarğı kəsilmir
Ağırlıq salınması
- İmmobilizəedici sarğı ayaqqabısı ilə ağırlıq salınması
- Ağırlıq salınmasına icazənin verilməsi immobilizəedici sarğı materialından deyil, sınıqdan asılıdır.
Dizaltı qapaq vətərinə ağırlıq salınması ilə immobilizəedici sarğı
Göstərişlər. Qamış sümüyü diafizinin aşağı hissəsinin stabil sınıqlarında birincili müalicə kimi. Uzun çəkmə immobilizəedici sarğıdan sonra yeriş üçün immobilizəedici sarğı qismində. İmmobilizəedici sarğının hazırlanması. Qısa immobilizəedici çəkmə kimi hazırlayın, lakin sarğıya həm də dizaltı qapaq vətərini daxil edin: sarğı dizaltı qapaq vətərinin üstündə olduqda bu vətər ağırlığı qismən daşıyacaq. Diz oynağı 90 - 100 dərəcə bükülməlidir. Diz oynağının ətrafındakı hissə ayrıca qalın şinadan düzəldilir (5 - 6 qat), bu şina isə bir corabla yuvarlaq edilir. İmmobilizəedici sarğının yuxarı kənarı diz qapağının altına çatır və burada diz qapağı vətərinin üzərində formaya salınır. Diz qapağı nahiyəsində köpük sarğısı istifadə etməyin.
Sirkulyar immobilizəedici sarğı
Göstərişlər
- Ortozla müalicə mümkün olmayan və ya cərrahi müalicənin nəticəsini qorumağa ehtiyac olan hallarda immobilizəedici sarğı istisna olaraq istifadə edilir.
- Nadir hallarda, diz oynağının digər zədələnmələri (diz oynağının ortozla dinamik dəstəyi getdikcə daha çox istifadə edilir)
Ləvazimat
- Elastik borulu bint, içlik üçün tənzif, poliuretan köpük sarğısı (məsələn, Haftan®) və 6–8 rulon gips sarğısı
- Hazırda əsasən lifli şüşədən hazırlanır (4-5 rulon).
İmmobilizəedici sarğının hazırlanması
- Köməkçi tərəfindən diz oynağının altından tutulub aşağı ətrafın saxlanması ilə aşıq-baldır oynağının altına bir dəstək qoyulur.
- Ətrafı elastik borulu bintlə örtün və aşıq-baldır oynağının aşağı hissəsinə bir neçə qat içlik tənzif yerləşdirin.
- Topuqlar səviyyəsindən budun yuxarı hissəsinə kimi içlik və köpük sarğısı sarınır. Bunların üzərindən isə gips sarğısı sarınır.
- Köməkçi diz oynağına 25-30 dərəcə bükülmə vəziyyətində dəstək verir və gips sarğısı qoyulduqca nahamarlıqlardan qaçınmaq üçün dəstək verməyi davam edərək tutma yerini dəyişdirir. Topuqların azad qalmasına və aşıq-baldır oynağının sərbəst hərəkət etməsinə əmin olun.
- İmmobilizəedici sarğı diz oynağı ətrafında diqqətlə formaya salınır və sarğının sonradan sürüşməsindən yayınmaq üçün bud kənarlardan tutulur.
İmmobilizasiya sarğısı müalicəsinin davam müddəti
- Diz qapağı sınığında 5-6 həftə
Ağırlıq salınması
- Dərhal, ağrı imkan verdiyi qədər. Əgər lazımdırsa, bütün immobilizasiya dövründə qoltuq ağacları istifadə oluna bilər.