Üz skleti sümüklərinin sınıqları üzün görünüşündə dəyişikliklərə səbəb ola, həmçinin tənəffüs, danışıq, qida qəbulu, iy bilmə və görmə proseslərinə maneə törədə bilər.
Yuxarı tənəffüs yolları mənfəzinin daralması, üst və alt çənə sınıqları ilə əlaqədar olaraq yumşaq toxumaların arxaya doğru yerdəyişməsi prosesi kəskin tənəffüs çatışmazlığına səbəb ola bilər.
Fiziki zorakılıq (hücum halları), habelə yol və idman qəzaları ilə əlaqədar olaraq törənmiş xəsarətlər ən çox rast gəlinən səbəblərdir.
Qüvvətli zərbənin təsirindən yaranan (yüksək kinetik enerjili) travma ilə əlaqədar olaraq baş beyinin və ya onurğanın boyun şöbəsinin zədələnməsi ehtimalını nəzərinizdə saxlayın.
Diaqnoz kliniki müayinələr və vizualizasiya metodlarının nəticələrinə əsasən qoyulur.
Vizualizasiya metodlarının lazımsız yerə istifadəsindən çəkinin. Sadə (ənənəvi) üz rentgenoqramının interpretasiyası (şərh edilməsi) çətindir və onun nəticələri nadir hallarda müalicə taktikasına təsir göstərir.
Üz dərisinin hissiyyatında dəyişikliyin qeydə alınması qəti şəkildə üz sümüyü sınığının mövcudluğunu bildirir.
Zədənin dəqiq mexanizmi barəsində məlumat toplayın və qeyd edin.
Fiziki zorakılığın baş verdiyi hallarda pasiyenti bu vəziyyət barəsində danışmaq üçün cəsarətləndirin. Məişət zorakılığının davam etməsinin qarşısını almağa çalışın; pasiyenti sosial xidmətlər, sığınacaq evləri və telefon dəstəyi xidmətlərinin əlaqə məlumatları ilə təmin edin.
Üz sümüklərinin sınıqları ixtisaslaşdırılmış tibbi yardımın tətbiqi ilə müalicə olunur. Zədənin gecikmiş və ikincili bərpası çətin bir prosesdir.
Yanaq çıxıntıları və almacıq qövslərinin inspeksiyası və palpasiyası.
Yanaq çıxıntılarının simmetriyası ən yaxşı formada xəstənin arxasında dayanaraq yuxarıdan baxıldıqda qiymətləndirilir.
Ağızın açılması və bağlanması
Dəri hissiyyatının yoxlanılması
Tripod sınığı zamanı bütün hallarda göz yuvası da prosesə cəlb olunduğu üçün aşağıdakıları da müayinə etməyi unutmayın
göz almasının vəziyyəti
göz almasının hərəkətləri
Müayinə nəticəsində aşkarlanan əlamətlər
Göz yuvasının yan divarında həssaslıq və ya yerdəyişmə ("step off"- pillələnmə, orbita divarlarının konturunda nahamarlıq. Alın-almacıq tikişi).
Göz yuvasının aşağı divarında həssaslıq və ya yerdəyişmə.
Ağız boşluğu daxilində üst çənənin ön divarında həssaslıq və ya yerdəyişmə (üst dodağın altından üst çənənin palpasiyası zamanı).
Ağızın məhdudlaşdırılmış açılışı
Yanaq çıxıntısının batıqlığı
Subkonyunktival hemorragiya
Yanaq, burunun yan tərəfləri, üst dodaq, üst dişlərin diş əti və ya kəsici dişlər nahiyyəsində dəri hissiyyatının azalması.
Vizualizasiya metodu
Üzün KT müayinəsi
Müalicə
Əgər sınıq üzün funksiyasında və ya görünüşündə narahatlıq törədən bir dəyişikliyə səbəb olarsa, zədənin baş verdiyi vaxtdan sonrakı bir həftə ərzində titan materialından hazırlanmış lövhələr və vintlərdən istifadə edərək sınığın reduksiyası (repozisiyası) və fiksasiyası həyata keçirilir.
Almacıq qövsünün (eng. zygomatic arch) sınıqları
Üzün yan tərəfindən almacıq qövsünə vurulan zərbə ilə törədilir.
Ağızın açılması məhdudlaşdırıla bilər və sınıq almacıq qövsündə bir batıqlıq kimi özünü göstərə bilər.
Bu sınıq saç xəttinin aşağısından almacıq sümüyünün altına yerləşdirilmiş bir elevatorla sümüyün başlanğıc vəziyyətinə qaldırılması yolu ilə müalicə olunur.
Göz yuvası (orbita) divarların izoləedilmiş sınığı ("blow-out" tipli sınıq)
Zədələnmənin mexanizmi
Göz yuvasına yumruq, dirsək, qolf topu ilə vurmaq kimi ağır zərbənin təsiri ilə yarana bilər.
Sərt orbital divarlar tamlığını qoruyur, lakin nazik aşağı və/ və ya orta divarda sınıq meydana gələcəkdir (bura orbita əsasının ən zəif sahəsidir).
Göz ətrafındakı yumşaq toxumalar əng cibinə (maksilyar sinus) və/ və ya etmoidal hava hüceyrələrinə daxil olur.
Simptomlar və müayinə zamanı aşkarlanan əlamətlər
Simptomlar müşahidə olunmaya bilər. Zədələnmənin mexanizmi bu tip zədənin baş verdiyini ağla gətirirsə, “blow-out” tipli sınıqdan şübhələnmək lazımdır.
Periorbital hematoma ("yenot gözləri"); göz qapaqlarının göyərməsi
Subkonyunktival hemorragiya
Yanaq, burunun yan tərəfləri, üst dodaq, üst dişlərin diş əti və ya kəsici dişlər nahiyyəsində dəri hissiyyatının azalması.
Çox vaxt yuxarı və aşağı baxma zamanı müşahidə olunan diplopiya
Əsasən yuxarı baxma zamanı ağrı və ya göz alması hərəkətinin məhdudlaşdırılması
Göz almasının arxaya doğru yerdəyişməsi
Bəbək səviyyəsinin aşağı enməsi
Vizualizasiya metodu
Orbital KT müayinəsi
Qeyd: Uşaqlarda kliniki cəhətdən əhəmiyyətli olan "yaşıl çubuq" sınığının ("greenstick fracture"- yaşıl ağac çubuğunu əydikdə necə tam sınmırsa, uşaqların elastiki sümük quruluşunun olması ilə əlaqədar onlarda da bənzər formada sümüklərin tam sınması baş verməyə bilər, yəni sümüyün bir hissəsi tamlığını qoruyaraq yarım sınıq meydana gələ bilər) baş verməsinə baxmayaraq vizualizasiya üsulları ilə əldə olunan nəticələr normal görünə bilər.
Müalicə
Estetik və ya funksional baxımdan narahatlığa səbəb olduğu təqdirdə sınıq şişkinlik yatdıqdan sonra müalicə olunur.
Prolaps olmuş yumşaq toxumalar yerinə qaytarılır və sınıq sahəsi sümüklə, titan materialdan hazırlanmış tor ilə və ya rezorbsiya oluna bilən (sorulan) lövhə ilə örtülür.
Qeyd: Göz əzələlərinin sıxılmasının və hərəkət məhdudiyyətinin qeydə alındığı təqdirdə sınıq mümkün qədər tez bir zamanda aradan qaldırılmalıdır. Uşaqlarda simptomatik “blow-out” tipli sınıqlar xarakterikdir.
Maksilyar (əng sümüyü) sınıqları
Klassifikasiya
Maksilyar sınıqlar sınıq səviyyəsinə görə Le Fort tipləri adlandırılan təsnifatda qruplaşdırılmışlar (şəkil).
Le Fort I sınığı: Əng sümüyünün aşağı üfüqi sınığı. Əng sümüyünün dişli sahəsi əng sümüyü cibi (maksilyar sinus) və burun əsası səviyyəsində üzün orta hissəsinin sümüklərindən ayrılır. Əng sümüyü qeyri-stabil (qeyri-stabil sınıqlar zamanı sümük fraqmentlərinin yerdəyişməsi mümkün olur) ola bilər.
Le Fort II sınığı: Əng sümüyünün piramidal sınığı. Sınıq xətti əng sinuslarının ön divarlarından və orbitadan burun kökünə keçir. Üzün orta hissəsinin sümükləri qeyri-stabil ola bilər.
Le Fort III sınığı: Sınıq xətti üzün yuxarı hissəsində orbitalardan və burun kökündən keçir. Üzün orta hissəsinin sümükləri kəllə əsasından ayrılır, yəni kəllə və üzün tam dissosiasiyası baş verir. Üzün orta hissəsinin sümükləri qeyri-stabil ola bilər.
Simptomlar və müayinə zamanı aşkarlanan əlamətlər
Üst dodaq, burunun yan tərəfləri, üst dişlərin diş əti və ya üst dişlər nahiyyəsində dəri hissiyyatının azalması.
Okklüziyada (dişləm) sınığın növündən asılı olaraq müxtəlif tiplərdə rast gəlinən dəyişikliklər.
Sifətin orta hissəsində və/və ya ağızın selikli qişasında şişkinlik/ göyərmələr
Yuxarı çənəni irəli-geri hərəkət etdirdikdə üst çənə və ya bütövlükdə orta üz kompleksi qeyri-stabil ola bilər.
II və III tip Le Fort sınıqlarında prosesə hər zaman orbita da cəlb olunduğu üçün göz almasının vəziyyətində dəyişiklik, göz hərəkətlərinin məhdudlaşdırılması, həmçinin diplopiya kimi əlamətlər müşahidə edilə bilər.
Vizualizasiya metodu
Üzün KT müayinəsi
Müalicə
Estetik və ya funksional baxımdan narahatlığa səbəb olduğu təqdirdə bir neçə gün ərzində sınığın reduksiyası (repozisiyası), titan materialdan hazırlanmış lövhə və vintlərdən istifadə edilərək fiksasiyası həyata keçirilməlidir.
Alt çənənin (mandibulyar) sınıqları
Zədələnmənin mexanizmi
Alt çənəyə vurulan zərbə
Yıxılmaq
Simptomlar və müayinə zamanı aşkarlanan əlamətlər
Alt dodaqda, alt çənənin ucunda, alt dişlərdə və ya alt dişlərin diş ətində hissiyyat pozğunluğu
Okklüziyada (dişləm) sınığın növündən asılı olaraq müxtəlif tiplərdə rast gəlinən dəyişikliklər.
Aşağı çənə hərəkətlərinin ağrılı olması və ağızın açılmasının məhdudlaşması.
Dəridə və/və ya ağızın selikli qişasında şişkinlik/ göyərmələr, palpasiya zamanı qeyd olunan həssaslıq
Sınıq xəttinə birləşik olan dişlərin boşalması, diş əti qanaması
Diş xəttində pillələnmə
Sınıq xəttinin qeyri-stabil olması
Xüsusilə alt çənənin oynaq hissəsinin hər hansı bir sınığı ilə əlaqədar olaraq: qulaq keçəcəyindən qanaxma, qulaq keçəcəyinin ön divarında göyərmələr
Vizualizasiya metodu
Pantomoqrafiya (panoram), ehtiyac olduqda başqa bir proyeksiyada da rentgenoqrafiya (əksərən alt çənənin yarım-aksial proyeksiyasında)
Müalicə
Müalicə demək olar ki, yalnız cərrahi yolla aparılır və yüksək infeksiya riskinə görə cərrahi əməliyyat hər zaman bir neçə gün içərisində icra olunmalıdır.