Göyöskürək (xalq arasında bəzən "boğmaca" da deyilir) kiçik yaşlı uşaqlar üçün həyati təhlükəli ola bilən intensiv öskürək tutmaları ilə özünü göstərir.
Göyöskürək əleyhinə birincili vaksinasiya milli immunlaşdırma proqramının bir tərkib hissəsi olaraq yaşı 3, 5 və 12 ay olan uşaqlarda aparılır (AGDT vaksini). Revaksinasiya 4, 14-15 yaşlarda və hərbi xidmətə yeni çağırılanlarda aparılır. Baxın Vaksinasiyalar.
Göyöskürək xüsusilə yaşı 3 aydan az olan körpələrdə və vaksinasiya edilməmiş və ya yarımçıq vaksinasiya edilmiş daha yaşlı uşaqlarda qeyd edilir. Vaksinlə təmin edilən müdafiə qısa müddətli olduğu üçün göyöskürək həm də məktəb yaşlı uşaqlarda və böyüklərdə rast gəlinir.
Makrolid qrupu preparatı ilə antimikrob terapiyası göyöskürəyə şübhəli olan bütün körpələrdə və həmçinin diaqnozu təsdiqlənmiş və simptomları 4 həftədən az müddətə davam edən böyüklərdə və daha yaşlı uşaqlarda aparılır.
Törədici
Bordetella pertussis
Oxşar, lakin daha yüngül xəstəlik həmçinin, B. parapertussis tərəfindən, ola bilsin ki, həm də müxtəlif viruslar tərəfindən törənə bilər.
B. pertussis olduqca yoluxucudur.
Yayılma dərəcəsi
Xəstəliyin yayılma dərəcəsi müxtəlifdir və populyasiyanın immunizasiya ilə əhatə dərəcəsindən asılıdır.
Ananın uşaqlıq dövründə aldığı vaksinasiyası yenidoğulmuşu qorumaq üçün kifayət deyil. Göyöskürək infeksiyasının geniş yayılmış olduğu ölkələrdə yenidoğulmuşları qorumaq məqsədilə hazırda hamilə qadınların vaksinasiyası istifadə edilir.
Məktəbyaşlı uşaqlar: vaksinasiya sayəsində immunitet yalnız 3-6 il davam edir.
Kliniki mənzərə
İnkubasiya dövrü 1–2 həftədir.
Kliniki diaqnoz anamnezə, xüsusilə öskürək tutmalarının qeyd edilməsinə əsaslanır.
Vaksinasiya edilməmiş körpələrdə kataral mərhələdə (1–2 həftə) yüngül öskürək, qızarmış gözlər və rinit, bəzən isə həm də yüngül qızdırma müşahidə olunur.
Öskürək tutması zamanı körpələrin rəngi göyərə və hətta tənəffüsü dayana bilər.
Öskürmə mərhələsi zamanı öskürək tutmaları qeyd edilir. Körpələrdə tutmalar zamanı yanaşı olaraq inspirator stridor və ya öskürəkdən boğulmaya bənzər hal qeyd edilə bilər. Vaksinasiya olunmuş məktəbyaşlı uşaqlarda və böyüklərdə kliniki məzərə əsasən atipikdir və öskürək tutmaları olmadan müşahidə edilir. Öskürək tutmaları xüsusilə gecələr baş verir və çox zaman selikli qusma ilə tamamlanır. Tutmalar 1-4 həftə ərzində yüksək tezlikdə baş verməkdə davam edir və sonra tezlik azalır. Öskürək tutmaları yeni bir kəskin respirator virus infeksiyası zamanı qayıda bilər.
Öskürmə mərhələsi ərzində pasiyent afebrildir. CRZ (C-reaktiv zülal) və EÇS (eritrositlərin çökmə sürəti) adətən normaldır. Qızdırma və ya yüksəlmiş CRZ və EÇS başqa bir infeksiyanı və ya ikincili bakterial infeksiyanı göstərir.
Göyöskürəkli məktəbyaşlı uşaq adətən öskürək həftələr və ya aylar ərzində davam etdikdən sonra həkim müayinəsinə gətirilir. Adətən öskürəyin olduqca şiddətli olması və demək olar ki, həmişə tutmalar şəklində baş verməsi təsvir edilir. Sorğu zamanı uşağın əvvəllər belə öskürəyi olması barədə suala yox cavabı verilirsə çox zaman diaqnozu təxmin etmək olar. Bir aydan uzun müddətə davam edən öskürək çox zaman göyöskürəkdir və həmişə daha ətraflı müayinələri tələb edir.
Stress, siqaret tüstüsü və temperatur dəyişiklikləri (məsələn, dondurma yemək) öskürək tutmasını qıcıqlandıra bilər. Belə hiperreaktivlik 3-6 ay davam edə bilər və astma barədə şübhə yaranması mümkündür.
Göyöskürək böyüklərdə də qeyd edilir. Belə pasiyentin ətrafında çox zaman öskürək tutmaları olan digər şəxslər də vardır.
Göyöskürək vaksinasiya edilməmiş körpələrdə xəstəliyin ağır dərəcəsinin bir əlaməti olan limfositoza səbəb ola bilər. Limfositoz ağciyər hipertenziyasına gətirb çıxara bilən göyöskürək toksininin güclü təsiri səbəbindən yaranır.
Diaqnoz
Körpələrdə diaqnoz göyöskürək basillərinin əkilməsi ilə birbaşa nümayişi və ya PZR sınağı əsasındadır. Əkmə üçün nümunələr burun dəliklərindən keçməklə kalsium-alginat örtüklü metal sancaq istifadə edərək qırtlağın arxa hissəsindən alınmalıdır. Nümunələr dərhal təzə mühitdə (sefaleksinli karbon mühiti) əkilməlidir. PZR üçün Dakron sancağı daha uyğundur (eləcə də əkmə üçün istifadə edilə bilər). Əkmə mühitləri və nümunə sancaqları mikrobioloji laboratoriyalardan sifariş edilə bilər.
Simptomlar başlandıqdan 3-4 həftə sonra İqM və İqA anticisimləri artdığından daha böyük uşaqlarda və böyüklərdə diaqnoz qan zərdabı nümunəsi əsasında təyin edilir.
Seroloji müayinənin mənfi nəticələri göyöskürəyi istisna etmir, çünki bu sınağın həssaslığı çox zaman yalnız 50-60%-dir.
Əgər zəruri hesab edilirsə tutmalarla baş verən öskürəyi olan pasiyentin ətrafındakı şəxslərdə təzə xəstəlik hallarında (simptomların davam müddəti 4 həftədən azdır) PZR və ya mikrobioloji əkmə üçün nümunələr götürülə bilər.
Bir və ya bir neçə pasiyentlə əlaqəli sınaqların nəticələri əsasında diaqnoz təsdiqləndikdən sonra xəstə ilə kontakt etmiş şəxslər barədə kliniki simptomlar əsasında müalicə qərarları verilə bilər.
Müalicə
Körpələr və xüsusilə vaksinasiya edilməmiş uşaqlar həmişə xəstəxanada müalicə olunurlar.
Seçim dərmanı 5 gün ərzində 10 mq/kq/gün dozasında qəbul edilən azitromisindir. Daha yaşlı uşaqlar və böyüklər üçün azitromisin birinci gün 500 mq və sonra isə gündə bir dəfə 250 mq dozada 4 gün ərizində təyin edilir. Roksitromisin və klaritromisin alternativ dərmanlardır. Amoksisillin və ya sefalosporinlər faydalı deyil.
Əgər göyöskürəkdən əziyyət çəkən şəxs olan ailədə yaşı 6 aydan az olan uşaq varsa profilaktik dərman vasitəsinin təyini həmişə tövsiyə edilir. Bütöv ailə həmişə eyni zamanda müalicə ediməlidir.
Müalicənin əsas məqsədi yoluxuculuğu və infeksiyanın yayılmasını azaltmaqdır. Simptomlara təsir göstərməsi üçün müalicə simptomlar yaranandan 1-2 həftə sonra başlanmalıdır. Təcrübədə müalicəni PZR üçün nümunə götürdükdən dərhal sonra və ya simptomlar və göyöskürəyi göstərən epidemioliji vəziyyət əsasında kliniki diaqnoz təxmin edildikdən sonra başlamaq məsləhət görülür.
Əgər pasiyentdə simptomlar bir aydan çox davam edirsə, adətən antibiotik terapiyasının effektivliyi aşağıdır. Antimikrob vasitələrinin təkrar kurslarının faydası yoxdur.
İzolyasiya dövrü antimikrob müalicəsinin başlanmasından etibarən 5 gün olmalıdır. Əgər simptomlar 3 həftədən artıq müddətə davam edirsə izolyasiya lazım deyil.
Əgər seroloji müdafiə (qanda anticisimlərin səviyyəsi kifayət qədər olmayan) kifayət dərəcədə deyilsə kontaktda olmuş 7 yaşdan aşağı uşaqlar həm də AGDT vaksinasiyası olunmalıdırlar.
Böyüklər difteriya və tetanus əleyhinə revaksinasiya əvəzinə AGDT ilə revaksinasiya olunmaqla özlərini qoruya bilərlər)"?>. Kollektiv immunitet hesabına bununla həm də ailənin daha azyaşlı üzvlərinin əlavə qorunması təmin olunur.