Uşaqlarda çox rast gəlinən sınıqların müayinə və müalicəsi əksər hallarda ümumi praktika həkimi tərəfindən aparıla bilər.
Əgər uşaq yıxıldıqdan sonra zədələnmiş ətrafda əhəmiyyətli dərəcədə şişkinlik və ya deformasiya ilə, yaxud sümük ətrafında aşkar ağrı ilə müraciət edirsə, güman ki, bu hal sınıqla əlaqədardır.
Sınıq çox ağrılıdır: hətta müayinə və müalicədən əvvəl uşaqlarda mütləq ağrının lazımi dərəcədə və vaxtında aradan qaldırılması təmin olunmalıdır.
Sınıq əlavə dəstək olmadan da spontan olaraq sağaldığından, uşaqlarda yerdəyişməyən sınıqlarda immobilizasiyanın məqsədi adətən ağrının aradan qaldırılmasıdır.
Diaqnostika
Diaqnostikanın əsasını diqqətli anamnez əsasında sistematik kliniki müayinə və hədəfli rentgen müayinələri təşkil edir.
Xüsusi rentgen müayinələri çox nadir hallarda lazımdır. Lakin yadda saxlamaq lazımdır ki, zədələnmiş sahə ilə bağlı bir-birinə perpendikulyar iki proyeksiyada təsvirə ehtiyac var.
Sınıq göstərən tapıntılar bunlardır: sümüyün yerdəyişməsi və ya əyilməsi, zədələnmə sahəsində əhəmiyyətli dərəcədə şişkinlik, yaxşı lokalizə olunmuş ağrı sahəsi, dəridə və ya ətraf yumşaq toxumalarda göyərmə, eləcə də axsamaq və ətrafı istifadə edə bilməmək.
Rentgen müayinəsi sınığı sümüyün qabıq qatında qeyri-hamarlıq, sümüyün əyilməsi və ya çatlaması kimi göstərə bilər və ya yerdəyişmə ilə birilikdə tam sınıq qeyd edilə bilər.
Zədələnməmiş sahənin rentgen müayinəsindən qaçınılmalıdır; yalnız ossifikasiya mərkəzlərinin yaşa müvafiq inkişafının qiymətləndirməsi başqa yolla mümkün olmadıqda belə müayinələr dirsək oynağı ətrafındakı zədələnmələrdə nəzərdən keçirilməlidir. Belə halda sınıq, güman ki, müayinə və müalicəyə görə ixtisaslı xəstəxanaya göndərmək üçün kifayət edəcək dərəcədə mürəkkəbdir.
Müalicə
Ağrının aradan qaldırılmasını təmin etmək üçün sınmış ətraf immobilizə edilir.
Yenidoğulmuş (1 yaşa qədər) və ya körpələrdə (1-3 yaşlı) yerdəyişməyən sınıqlar gips sarğısı olmadan idarə edilə bilər.
Sümüyün klinik olaraq gözlə görünən əyilməsinə və ya ətrafın deformasiyasına səbəb olan sınığının təcrübədə həmişə repozisiya olunmasına, bəzi hallarda açıq üsulla repozisiyasına ehtiyac vardır.
Kiçik yaşlı uşaqlarda sınığın qapalı repozisiyası üçün ümumi anesteziya tələb olunur. Lakin yeniyetmədə bilək sınığının repozisiyasına yerli anesteziya ilə cəhd edilə bilər.
Repozisiya edilmiş bütün sınıqlar və bəzi yerdəyişməyən sınıqlar təxminən bir həftədən sonra təkrar müayinə edilməlidir. Gips sarğısı yerində olmaqla çəkilmiş rentgenoqramlar repozisiyanın saxlandığını dəqiqləşdirmək üçün istifadə edilir. Həmçinin, klinik olaraq gips sarğısının müvafiqliyi və tamlığı yoxlanılır.
İlkin səhiyyə xidmətində müalicə edilə bilən sınıqlar
Körpücük sümüyünün sınığı
Kiçik uşaqlarda klinik diaqnoz kifayətdir və rentgen müayinəsinə ehtiyac yoxdur. Əgər dəri zədələnməyibsə hətta ciddi yerdəyişmə üçün də açıq repozisiya tələb olunmur. Mürəkkəb hallarda bir həftədən sonra sınıq yenidən müayinə edilməlidir.
Müalicə: 2-4 həftə ərzində yuxarı ətraf üçün şina və ya boyunluq və manjet şinası
Dözülən dərəcədə hərəkətliyi dəstəkləmək
Fiziki çalışmalardan 6 həftə ərzində kənarlaşdırma
Xüsusi və əsaslı bir səbəb yoxdursa təkrar rentgen müayinələrinə ehtiyac yoxdur.
Bazu sümüyünün proksimal hissəsinin yüngül-mötədil dərəcəli yerdəyişməli sınığı
Əgər bazu sümüyünün başı oynaq səthləri üzərində ən azından mötədil dərəcədə konqruentdirsə və bucaq 45°-dən çox deyilsə müalicə konservativ ola bilər.
Müalicə: 3-4 həftə ərzində yuxarı ətraf üçün şina və ya boyunluq və manjet şinası
Dözülən dərəcədə hərəkətlər
Fiziki çalışmalardan 6 həftə ərzində kənarlaşdırma
Yerdəyişməsiz və ya yalnız minimal ön bucaq yaranması ilə bazu sümüyünün distal hissəsinin suprakondilyar sınığı
Mütləq sınığın kondilusu əhatə etmədiyinə əmin olmaq lazımdır. Kondilus sınığı demək olar ki, həmişə fiksasiya üçün mütəxəssisə göndərilməlidir.
Müalicə: 3-4 həftə ərzində dirsək oynağının iti bucaqda bükülməsi ilə yuxarı ətraf üçün uzun gips şinası
Fiziki çalışmalardan 6 həftə ərzində kənarlaşdırma
Dirsək oynağının bir neçə ay davam edən tranzitor açılma və bükülmə çatışmazlığı bu sınıq üçün xarakterikdir.
Mil sümüyünün distal hissəsinin sınığı, yalnız yüngül yerdəyişmə ilə
Sınıqda yerdəyişmənin dəqiq dərəcəsini və repozisiya üçün ehtiyacı qiymətləndirmək məqsədilə rentgen müayinəsinə ehtiyac vardır.
Müalicə: 3-5 həftə ərzində yuxarı ətrafın neytral pozada olması ilə arxa gips şinası və ya lifli şüşə şinası
Fiziki çalışmalardan 5-7 həftə ərzində kənarlaşdırma
Yerdəyişmə və ya oynaqdaxili olmadan barmaq sınığı
Müalicə: təxminən 3 həftə ərzində barmaq şinası; çox zaman əl barmağını zədələnməmiş qonşu barmağa sarımaq kifayət edir.
Fiziki çalışmalardan 4 həftə ərzində kənarlaşdırma
Körpə uşaqda qamış sümüyünün yerdəyişməsiz sınığı
Gips sarğısına heç də mütləq qaydada ehtiyac yoxdur.
Bacardığı dərəcəyə qədər hərəkətlər
Ayaq barmağının sınığı
Ayaq baş barmağının əsasının sınığı mütləq diqqətlə müalicə edilməlidir. Oynağı əhatə edən sınıqların qiymətləndirilməsi üçün pasientlərin mütəxəssislərə yönəldilməsi məqsədəmüvafiqdir.
Müalicə: sərt altlıqlı ayaqqabının geyilməsi və/və ya barmağın zədələnməmiş qonşu barmağa sarınması
Təqib
Sadalanan hallarda gips sarğısı qoyulduqdan təxminən bir həftə sonra təkrar rentgen müayinələrinə ehtiyac vardır: repozisiya tələb olunmuş sınıq, sümüyün hər iki tərəfində qabıq qatının tamlığının pozulmasına səbəb olmuş sınıq və digər səbəblərdən yerdəyişmə üçün əhəmiyyətli dərəcədə riski olan sınıqlar.
Sınığın sağalması zədələnmiş sümüyün boylama böyüməsini sürətləndirir və ətrafın ilkin olaraq azca qısalması məqbul hesab edilə bilər. Ətrafların uzunluğunda hər hansı daimi fərqin müəyyən edilməsi hallarında, zədələnmədən təxminən bir il sonra təkrar qiymətləndirilmə aparılır.
Ətraf gips sarğısında olmaqla sınığın vəziyyətinin yoxlanılması böyümə zonasını əhatə edən sınıqlarda xüsusilə vacibdir.
Əgər zədələnmə yüksək enerjili travma nəticəsində baş veribsə və ya böyümə zonasının zədələnməsi bud sümüyündə, yaxud qamış sümüyündə qeyd edilibsə epifizin böyümə zonasının qapanması hər 3-6 aydan bir rentgen müayinəsi ilə nəzarət edilməlidir.
Böyümənin dayanmasının mümkünlüyünə görə böyümə zonasının cərrahi bərpaya ehtiyacı olan zədələnmələrinin də monitorinqə ehtiyacı vardır.
Mütəxəssisə göndəriş üçün göstərişlər
Uşaqla kobud rəftar edilməsi barədə şübhə
Təxmini hesablamalara görə 1 yaşdan aşağı olan uşaqlarda sınıqların 50%-i kobud rəftarın nəticəsidir. Ona görə də kobud rəftar ehtimalını istisna etmək üçün 1 yaşdan aşağı bütün uşaqlarda müntəzəm araşdırma aparılması tövsiyə edilir. Bu zaman uşaq daha sonrakı müayinələr üçün ixitisaslı müalicə müəssisəsinə göndərlir.
Patoloji sınığa şübhə
Açıq sınıq (mürəkkəb sınıq)
Potensial olaraq, açıq repozisiya tələb edə biləcək ağır dərəcəli yerdəyişmiş sınıqlar
Hətta əgər ilkin vəziyyəti yaxşı olsa da, oynaq səthini əhatə edən sınıqlar
Yaşı 6-dan çox olan uşaqlarda said sümüklərinin diafiz sınıqları, baldır və bud sümüklərinin sınıqları
Dirsək nahiyəsinin diaqnostik çətinliklər yaradan zədələnmələri