Körpəlik dövründə qəfil gözlənilməz ölümlə bağlı təlimatlar
EBM Klinik protokolları
16.01.2017 • Sonuncu dəyişiklik 16.01.2017
PerttiRintahaka
Əsas məqamlar
Valideynlərə körpəyə üzü üstə yatmağa imkan verilməməsi və körpənin həddən artıq isti geyindirilməməsi barədə təlimat verməklə Qəfləti körpə ölümü Sindromunun (QKÖS - Sudden infant death syndrome, SIDS -) qarşısı alına bilər.
Körpəlik dövründə qəfil ölümün səbəbi araşdırılmalıdır.
Ailəyə dəstək verilir və QKÖS ilə bağlı ilkin məlumatla təmin edilir.
Tərifi
QKÖS anlayışına autopsiya müayinələrindən sonra izah olunmaz qalmaqda davam edən hər bir qəfil gözlənilməz körpə ölümü halı daxildir.
Diaqnoz
Artıq reanimasiya tədbirləri zamanı bu tədbirlərə zərurət yaradan səbəblərin axtarılmasına başlamaq lazımdır.
Aşağıdakılara diqqət yetirilir:
Körpənin sağlamlıq vəziyyəti
Ölümdən qabaqkı hadisələr
Mümkün xəstəliklər və simptomlar
Körpənin sonuncu dəfə sağ görüldüyü zaman
Körpənin ölü halda tapıldığı yer
Yataqda və ya paltarlar üzərində mümkün qusma.
Ətraflı zəmin yarada bilən amillər barədə məlumata və fiziki müayinəyə əlavə olaraq aşağıdakı laborator analizlər aparılmalıdır:
Leykoformula ilə birlikdə qanın ümumi analizi
Qanda qlükoza
Qanda natrium, kalium və kalsium
Qanda qalıq azot
Qan və sidiyin kulturası
Virusa qarşı anticisimlər
Sidikdə qlükoza. hüceyrələr və bakteriyalar
Yuxarı tənəffüs yolları və nəcisdən bakteriya və virusun izolyasiyası.
Əgər travma və ya döyülmədən (qançırlar, sıyrıntılar, mümkün köhnə və ya yaxın zamanlarda baş vermiş sınıqlar) şübhə varsa bütün bədənin rentgen müayinəsi aparılır.
Bu müayinələrlə mümkündür:
qəfil ölümə səbəb ola bilən bir sıra xəstəlikləri (məsələn, sepsis, hipoqlisemiya, elektrolit pozulmaları) müəyyən etmək və ya onlar barədə şübhə qaldırmaq.
ölümə səbəb olan və ya tətikləyici (trigger) faktorları (məsələn, yüngül tənəffüs yolları infeksiyası və ya yüngül ishal) və onların ağırlıq dərəcəsini izah etmək.
Autopsiya zamanı götürülən mikrobioloji nümunələrdə demək olar ki, həmişə cürümə (contaminated) müşahidə olunur. Bu səbəbdən ölümdən dərhal sonra götürülən nümunələr daha çox etibarlıdır. Bu, həmçinin, qanda qlükoza və elektrolit səviyyələrinə də aiddir, çünki ölümdən sonrakı dəyişikliklər nəticələrin şərhini daha da çətinləşdirir.
Cavabdeh həkim qəfil ölümdən dərhal sonra polisi məlumatlandırır. Polis autopsiyanın lazım olub-olmaması barədə qərar verir və ehtiyac olduqda cəsədin müayinəyə göndərilməsini xahiş edir.
Əgər QKÖS şübhəsi varsa aşağıda təsvir olunduğu kimi ailəyə dərhal dəstək göstərilməli və ya təşkil edilməlidir. Bu məlumatın bir hissəsi həmçinin, müxtəlif məlum səbəblərə görə baş verən qəfil ölüm hallarında da tətbiq oluna bilər.
Ailəyə dərhal göstərilən dəstək
Körpənin həyatının xilas edilməsi mümkün ola bilməsə də ailənin bu dramatik vəziyyətdə dəstəklənməsinə ehtiyacı var və bu dəstək dərhal başlanılmalıdır. Dərmanlar məlumatı əvəz etmir.
Valideynlərə ölmüş körpə ilə istədikləri qədər müddətdə qalma imkanı təklif edilməlidir. Bu onlara ölüm reallığını qəbul etməyə kömək edərək yas tutma prosesini və əlaqədar reaksiyaları qısaldır.
Yas tutma prosesinin şok mərhələsində cavabdeh həkimin sadəcə yanlarında olması valideynlər üçün vəziyyəti daha asan edir.
Hər iki valideynin və həmçinin yaxşı olardı ki, bütün bacı-qardaşlarının iştirakı ilə müzakirə vacibdir. Şok mərhələsində valideynlərin başa düşmək qabiliyyəti məhdudlaşdığı üçün ilk məlumat sadə olmalı və əsas məsələlər üzərində cəmləşməlidir. Həmçinin, matəm prosesi barədə də bəzi məlumat verilməlidir.
Valideynlərə anlatmaq lazımdır ki, qəfil ölüm hallarının tədqiqinə polis araşdırması da daxildir və bu o demək deyil ki, valideynlər şübhəli bilinir. Qanuna əsasən bütün qəfil ölüm hallarında ətraflı araşdırmalar və autopsiya tələb edilir. Araşdırmalar həmçinin valideynlər üçün hüquqi müdafiə kimi xidmət edir. Autopsiyadan tam imtina edilməsi adətən valideynlərin ölümü hələ qəbul etməməsi deməkdir.
Əgər qəfil körpə ölümü sindromu şübhələnilirsə xüsusilə aşağıdakılar valideynlər üçün aydın edilməlidir:
QKÖS neonatal dövrdən sonra ən çox rast gəlinən bir ölüm tipidir.
QKÖS-un səbəbi (səbəbləri) naməlumdur.
QKÖS öncədən təhmin edilə bilmir.
QKÖS yuxu zamanı baş verir. Bu ağrısız və səssizdir.
Yataq ağlarında boğulma və ya qusma adətən ölümün səbəbi deyil, lakin körpə ətrafında mədə möhtəviyyatı mövcud ola bilər.
Ölümdən əvvəl yüngül bir xəstəlik, məsələn rinit ola bilər. Lakin ölümün səbəbi bu deyil.
QKÖS yoluxucu deyil və körpənin altı aylığından sonra nadirdir. QKÖS ailədə olan digər uşaqları təhlükə altına almır.
Ailədə təkrarlanma nadirdir.
Ölüm heç kəsin günahı ucbatından və ya laqeydlik səbəbindən baş verməyib.
Ölkədə/regionda pasiyentlər üçün mövcud məlumat resurslarını yoxlayın və bu təxirəsalınmaz hal üçün paylanış materiallarını hazır edin.
Ailəyə qayğının davam edilməsi
Ölümdən sonra növbəti gün ailə ilə yenidən görüş keçirilir. Bu görüşdə həmçinin ölən körpənin bacı və qardaşları da iştirak etməlidirlər.
Ailə ilə növbəti görüş ən geci məhkəmə tibbi ekspertizanın nəticələri hazır olandan sonra keçirilir.
Bəzən QKÖS barədə danışıldığı halda ölüm şəhadətnaməsində boğulma, mədə möhtəviyyatının aspirasiyası, yüngül pnevmoniya və s. kimi başqa diaqnoz göstərildiyinə görə valideynlər narahat olurlar. Bu hallarda məhkəmə təbabəti eksperti ilə konsultasiya lazım ola bilər.
Ailə ilə görüşməyin tövsiyə edilən tezliyi ölümdən iki həftə, bir ay, üç ay, altı ay və bir il sonradır; Matəm dövründə ailədə çətinliklər baş verdikdə bu görüşlərin təşkili qayğını vaxtında başlamağa imkan verir.
Kəskin vəziyyətlə bağlı cavabdeh həkimin mümkün olduqca ailə ilə görüşməsinin davam edilməsi arzu edilir. Əgər bu mümkün deyilsə digər bir şəxs (sosial işçi, ailə həkimi və ya tibb bacısı) sonrakı nəzarətlərə cavabdehliyi öz üzərinə götürməlidir. Əgər ehtiyac varsa həkim autopsiyanın nəticələrini bir daha izah etməlidir.
Sonrakı nəzarət zamanı valideynlər tez-tez əvvəllər müzakirə olunmuş sualları yenidən soruşurlar. Bu heç də mütləq olaraq məlumatın qeyri-aydın və ya qeyri-adekvatlığı mənası verməyərək yas tutmanın şok mərhələsində anlamaq qabiliyyətinin məhdudluğunu əks etdirir.
Matəm dövründə qayğı düzgün göstərildikdə valideynlər körpə barəsində danışanda keçmiş zamanı istifadə etməyə və xoşbəxt hadisələri də xatırlamağa başlayırlar. Ən çətin zamanlar, məsələn, körpənin doğum günü və ölüm tarixidir. Matəm dövrü adətən ölümdən bir il sonra tamamlanır.
Ailəyə qayğının uğursuz olduğunu göstərən sayıqlıq əlamətlərinə aiddir: ölümün inkaredilməsinin təkrarlanması, dəfn mərasiminə və ya qəbr üstünə gedilməməsi, ağır təqsir hissi və ya həyat yoldaşının, dayənin, hətta bacı və qardaşlarının günahlandırılması, digər ailə problemləri, işləmək qabiliyyətinin olmaması, ölən körpənin bacı və qardaşları tərəfindən söylənilən problemlər və digərləri.
Valideynlərə yeni hamiləlik tövsiyə etməyin. Onlar bu barədə qərarı özləri verməlidirlər.
Lazım olduqda ana südünün ifrazı caberqoline preparatı ilə dayandırıla bilər.
Bacı və qardaşlara qayğı
QKÖS-nın vəfat etmiş körpənin bacı və qardaşlarına qaçılmaz təsiri vardır. Onlar, yaxınlarda qəbul etdikləri böyük qardaş və ya böyük bacı rolunun qəflətən sona çatdığını və bu hadisənin səbəbini (səbəblərini) və mənasını anlamaq iqtidarında deyillər. Uşaq müvafiq dəstək, yaxud məlumat almadıqda ölümü inkar edə, görünüşcə laqeyd qala və ya onda müxtəlif davranış və ya psixosomatik simptomlar yarana bilər.
Uşaqların ölümü anlamaq qabiliyyəti yaşa görə fərqlənir; 5 yaşdan kiçik olan uşaqlar ölümü geri dönəbilən hesab edirlər. Uşaqlar yalnız 10 yaşında ölümü doğurdan da geridönməz bir hadisə olduğunu qəbul edirlər. 5-10 yaşlı uşaqlar çox zaman kiminsə bu ölümə görə cavabdeh olduğunu düşünürlər. Uşaqlarda yalnız yeniyetməlik dövründə böyüklərə oxşar yas prosesi qeyd edilir.
Bacı və qardaşlara QKÖS-nın yalnız körpəlik dövründə baş verməsini izah etmək vacibdir. QKÖS-yə heç kəsin səbəb olmaması və bacı-qardaşların yaxşı sağlamlıq durumunun olması vurğulanır. Bacı və qardaşlara körpənin ölümü barədə söylənilməlidir və kədər səbəbindən yaranan emosiyalar gizlədilməməlidir. Görünüşcə yas tutmanın olmamasına görə uaşqlara hirslənməyə heç bir səbəb yoxdur. Çünki bu yalnız uşaqların ölümün bir son olmasını anlamadıqlarını göstərir. Bacı və qardaşlar da həmçinin dəfn mərasiminə aparılmalıdırlar.
Ailəyə göstərilən qayğının uğursuzluğu digər uşaqlarda müxtəlif simptomlar kimi ifadə oluna bilər. Əgər valideynlər onların digər uşaqlarını həddən artıq müdafiə edirlərsə daha ətraflı müayinə göstərilir. Əgər hər hansı aşkar problem varsa uşaq psixiatrı ilə konsultasiya edilməlidir.