İlk yardıma mümkün qədər tez başlanılmalıdır: yumruqda sıxılmış əlin kənarı ilə təxminən 10 saniyə ərzində gözə sərt təzyiq edilməsinin ardınca əli birdən götürmək və 10 saniyə fasilə vermək ( təlimat pasiyentə telefon vasitəsilə də verilə bilər; pasiyentin yaxın vaxtlarda gözdə cərrahi əməliyyata məruz qalmadığı və ya göz travması almadığından əmin olmaq lazımdır). Göz massajı digər müalicəyə başlanılmayana qədər davam etdirilə bilər (ən azı 15 dəqiqə aparılmalı).
İlk yardım mərkəzində, aspirin 250 mq verilə bilər.
Pasiyent dərhal oftalmoloji təxirəsalınmaz yardım şöbəsinə göndərilməlidir. Tor qişada geridönməz zədələnmə okklüziyadan 1½ saat sonra meydana çıxmağa başlayır.
Okklüziyanın aşkarlanmasından sonra etioloji amilin araşdırılmasına, bütün digər baş beyin qan dövranı pozğunluqlarında olduğu kimi, mümkün qədər tez başlanılır.
Etiologiya
Mərkəzi retinal arterial okklüziya (MRAO) yuxu arteriyasındakı dəyişikliklərlə əlaqədar ola və ya mənşəyini ürəkdən götürən embol nəticəsində yarana bilər.
Pasiyentlərin təxminən 10%-nin tibbi anamnezində TİH epizodları əks olunur.
Okulyar TİH (keçici korluq - amavroz fuqaks) görmə qabiliyyətinin kəskin, bir neçə dəqiqədən (3 - 5 dəqiqə) yarım saata qədər davam edən birtərəfli itməsidir. Ən geniş yayılmış səbəbi - xolesterin emboludur.
Vertebrobazilyar hövzəni əhatə edən qan dövranı pozğunluğu, görmənin <1 dəqiqə sürən tam və ya hissəvi ikitərəfli itməsi və eyni zamanda meydana çıxan nitqin anlaşılmazlığı və başgicəllənmə kimi simptomlarla assosiasiya oluna bilər.
Tipik hallarda pasiyent ürək - damar patologiyasına malik yaşlı şəxsdir, daha az hallarda, misal olaraq, ürək aritmiyası və ya ürək qapağı qüsuru olan nisbətən cavan yaşlı şəxsdir.
Bütün hallarda mütləq gicgah arteriti istisna edilməlidir (digər gözdə görmə qlükokortikoidlər vasitəsilə qorunub saxlanıla bilər!).
Gicgah arteriti zamanı başlıca simptom intensiv baş ağrısıdır. Adətən arterit görmənin itməsindən əvvəl görmə sahəsinin daralmasına səbəb olur və görmənin itməsi qəfildən baş vermir.
Simptomlar
Görmə və ya görmə sahəsinin qəfildən, ağrısız olaraq birtərəfli itməsi
Müayinə nəticələri
Görmə qabiliyyəti adətən barmaqları sayma səviyyəsinə və ya pasiyentlərin təxminən 20%-də yalnız işığı duyma səviyyəsinə kimi düşür.
Mərkəzi görmə sarı ləkəni təchiz edən silioretinal arteriya vasitəsilə saxlanıla bilər (təxminən populyasiyanın 10%-də qeyd olunur).
Bəbək yarımgenişlənmiş vəziyyətdədir və işığa zəif reaksiya verir.
Göz dibi başlanğıcda normal görünür, lakin bir saat ərzində süd ağı rəngini alır. Sarı ləkədə albalı-qırmızısı rəngli ləkələr görünməyə başlayır (okklüziya göz arteriyasındadırsa, bu müşahidə edilmir).
Retinal arterial şaxənin okklüziyasında (RAŞO; şəkil ) dəyişikliklər yalnız okklüziyanın periferiyasındadır və buna müvafiq olaraq görmə sahəsinin hissəvi defisiti mövcuddur.
Arteriyalar daralmışdır və qan sütununun seqmentasiyası qeyd olunur; bəzən parlaq xolesterin ləkələri (Hollenhorst ləkələri) və ya kalsiumlaşmış embollar görünə bilir.
Növbəti həftələr ərzində ödemin azalması müşahidə edilir və həm tor qişa, həm də görmə siniri atrofiyaya uğrayacaqdır. Arteriyalar gələcəkdə də daralmış qalacaq.
Təxirəsalınmaz tibbi yardım
İlk tibbi yardıma mümkün olduğu qədər tez başlanılmalıdır!
Pasiyent göz massajına yumruqda sıxılmış əlin kənarı vasitəsilə təkrari şəkildə, təxminən 10 saniyə ərzində gözə sərt təzyiq etmək və əli birdən götürməklə evdə başlaya bilər ki, bunun sayəsində embol yerini dəyişə və damarla irəliyə doğru hərəkət edə bilər. Gözə təzyiq edilməsi gözdaxili təzyiqi artırır, bu da arteriyanın dilatasiyasına gətirir. Göstərilən təzyiq aradan qalxan kimi gözdaxili təzyiq düşür və həmçinin bu da qan axınını yaxşılaşdırır. Bununla ən azından mərkəzi tor qişanın bir hissəsinin qan dövranı yenidən bərpa oluna, yəni MRAO RAŞO-ya çevrilə bilər.
Tibb müəssisəsinə çatana qədər pasiyent gözün barmaq massajını davam etdirilməlidir.
Göz massajını başlamaq haqda təlimat telefon vasitəsilə verildikdə, patologiyanın yarandığı göz üzərində heç bir cərrahiyyə əməliyyatının yaxın dövr ərzində həyata keçirilmədiyini (məsələn, katarakta əməliyyatı) və onun travmaya məruz qalmadığını mütləq dəqiqləşdirmək lazımdır.
İlk yardım mərkəzində daxilə aspirin 250 mq verilə bilər, ondan sonra pasiyentin gecikmədən oftalmoloji təxirəsalınmaz yardım şöbəsinə göndərilməsi tələb olunur.
Oftalmoloji təxirəsalınmaz yardım şöbəsində gözdaxili təzyiqin aşağı salınması məqsədilə ön kameranın parasentezi həyata keçirilə bilər.
Bu tədbirlərə görmənin itməsindən 3 - 8 saatdan az vaxt keçdiyi halda əl atılır.
Eksperimental olaraq göstərilmişdir ki, göz dibinin geridönməz zədələnməsi okklüziyadan artıq 100 dəq sonra başlayır.
Göz arteriyasının lokal trombolizisi effektsizdir.
Etioloji araşdırmalar
TİHlər, Hollenhorst ləkələri, hətta asimptomatik olsalar belə, həmçinin MRAO və RAŞO insultun xəbərdaredici əlamətləridirlər!
Mümkünsə, hətta iş saatlarından kənar olsa belə, ən qısa zamanda nevroloji şöbə ilə konsultasiya aparılmalıdır. Okklüziyanın etiologiyasının aşkar edilməsi üçün müayinələr və ikincili profilaktika tədbirlərinin planlaşdırılmasına ən gec halda diaqnoz qoyulmasından sonra növbəti gün başlanılmalıdır (bax ).
Müayinələr
Laborator testlər: EÇS, C-reaktiv zülal, trombositlərin sayı göstərilməklə qanın klinik analizi, plazmada natrium, kalium, lipidlər, qlükoza (ehtiyac olarsa daha sonra qlükozaya qarşı tolerantlıq testi), alanin aminotransferaza, qamma-qlütamil transferaza, kreatinin, BNN (antikoaqulyant terapiyada olan pasiyentlərdə), aktivləşmiş hissəvi tromboplastin vaxtı (APTT)
Arterial qan təzyiqinə nəzarət
Yuxu arteriyasının ultrasonoqrafiyası (potensial yuxu arteriyası stenozunun dərəcəsini müəyyən etmək üçün)
EKQ (məs., qulaqcıq fibrilyasiyası, miokard infarktı), ehtiyac olduqda exokardioqrafiya
Baş beynin KT müayinəsi
Etioloji araşdırmalar nəticəsində okklüziyaya şərait yaradan digər amillər (vaskulit, venadaxili narkotik preparatlar istifadəsi) müəyyən edilmədikdə, ehtiyac görülərsə, yaşı nisbətən aşağı olan pasiyentlərdə (50 yaşdan cavan) laxtalanma faktorları testləri yerinə yetirilir.