Episklerit (konyuktiva ilə sklera arasındakı episkleral toxumanın iltihabı) skleritdən (skleranın iltihabı), iritdən (qüzehli qişanın iltihabı) və konyuktivitdən (gözün selikli qişasının iltihabı) fərqləndirilməlidir.
Episklerit, digərləri ilə müqayisədə birləşdirici toxuma xəstəliyindən əziyyət çəkən xəstələrdə daha çox təsadüf edilir.
Etiologiyası və patologiyası
Episkleritə nadir hallarda təsadüf edilir, çünki sklerada damarlar seyrək yerləşir və konyuktiva onu xarici qıcıqlardan mühafizə edir. İltihab demək olar ki, hər zaman endogen xarakterli olur və skleral xəstəliklər birləşdirici toxuma xəstəliklərinə bənzəyir.
Skleranın xarici, damarlı və sərbəst təbəqəsi episklera adlanır. Skleritlə müqayisədə episkleritə daha çox hallarda təsadüf edilir (şəkil).
Sklerit, xoroidal qan damarlarının məhv olması ilə gedən, nadir hallarda rast gəlinən ağır vaskulit mənşəli xəstəlikdir.
Episklerit birləşdirici toxuma xəstəliyinin bir əlaməti ola bilər və ya allergiya ilə əlaqəli olaraq meydana gələ bilər.
Simptomlar və əlamətlər
Xəstə asimptomatik olur və ya yüngül okulyar simptomlara malik olur.
Episkleritin yayılması nodulyar, sektoral və ya diffuz ola bilər. Nodulyar iltihab zamanı konyuktivanın altında qırmızı düyün meydana gəlir, sektoral episklerit zamanı eritema sektor üzrə buynuz qişanın kənarına yayılır, diffuz episklerit zamanı isə buynuz qişanın ətrafında eritematoz müşahidə edilir (şəkil).
Episklerit zamanı sklerada yasəmən rəngli qan damarları görünür. Damarlar, konyuktiva hərəkət etdirildikdə tərpənmir: bu xüsusiyyətdən vəziyyətin konyuktivitdən fərqləndirilməsi zamanı istifadə edilir, çünki konyuktivitdə damarlar konyuktiva ilə birlikdə hərəkət edir.
Diffuz episkleritlə yanaşı müşahidə edilən yüngül irit, diferensial diaqnostikada problemlərin yaranmasına səbəb ola bilər. Əgər göz işığa qarşı həssasdırsa və ya görmə itiliyi pozulmuşdursa, diaqnoz olaraq iriti düşünün.
Episklerit zamanı gözdən ifrazatın gəlməsi müşahidə edilmir. Göz hərəkətləri böyük ehtimalla ağrılı olur, çünki iltihabi proses ekstraokulyar əzələlərin birləşmə yerlərində baş verir.
Episklerit, ağırlaşmaya səbəb olmadan müalicə edilir, lakin sklerit, konyuktivanın altında skleranın maviyəçalan atrofiyası kimi görünən skleral çapığa səbəb olur.
Müalicə
Episklerit, oral qeyri - steroid iltihab əleyhinə dərman maddələri ilə müalicə edilir.
Xəstə, sağalmanı gecikdirən quruluq və istidən uzaq durmalıdır.
Uzunmüddətli iltihabdan əziyyət çəkən xəstələr, qlükokortikoid müalicəsinin nəzərdən keçirilməsi məqsədilə oftalmoloqa yönləndirilməlidir.
Sklerit oftalmoloq tərəfindən müalicə edilməlidir.