Yeni koronavirus infeksiyası 2020-ci ilin yanvarında Çinin Uhan şəhərində meydana çıxmışdır. Bu məqalənin son yenilənmə vaxtınadək, təxminən 90 000 şəxs xəstələnmiş və 3 000-ə yaxın adam dünyasını dəyişmişdir. Çin hüdudlarından kənarda xəstələnmə halları/ölümlərin sayı təxminən 11 000/166 təşkil edir.
İnfeksiya riskinin yüksək olduğu ərazilərə kontinental Çin (Honq Konq, Makao və Tayvana şamil edilmir), Cənubi Koreya, İran və İtaliya (xüsusilə, Lombardiya, Veneto, Pyemont və Emiliya-Romanya) aiddir.
COVID-19 ilə bağlı bütün məlumatların sürətli dəyişikliklərə məruz qala bildiyini nəzərdə saxlayın. Xüsusilə epidemioloji məlumatlar və infeksiyaya görə müayinəsi gərəkən pasiyentlərin seçilməsi meyarları üçün rəsmi mənbələrə müraciət edin.
Yanvarın 31-də ÜST alovlanmanı ictimai səhiyyə sahəsində beynəlxalq əhəmiyyət kəsb edən fövqəladə vəziyyət (ing. PHEIC) elan etmişdir .
Bu patogen (COVID-2019) 2003-cü il koronavirus epidemiyası törədicisi ilə çox oxşardır.
Bir sıra ölkələrdə COVID-19 təhlükəli yoluxucu xəstəlik elan edilmiş, və bundan yerli qanunvericiliyə əsaslanan spesifik nəticələr doğmuşdur.
Johns Hopkins Universiteti tərəfindən bütün dünya üzrə hadisələrin əyani təsvirinə baxın .
Həmçinin aşağıda istinadlar siyahısında qeyd olunan digər beynəlxalq mənbələrə (WHO (ÜST, Ümumdünya Səhiyyə Təşkilatı, ECDC (Avropa Xəstəliklərin Profilaktikası və Kontrolu Mərkəzi), CDC (ABŞ Xəstəliklərin Kontrolu və Profilaktikası Mərkəzləri)) baxın.
Əsas məqamlar
Əksər koronaviruslar əsasən yüngül formalı yuxarı tənəffüs yolu infeksiyalarına səbəb olurlar.
2003-cü ildə Çində yayılan SARS (Severe Acute Respiratory Syndrome- Ağır kəskin respirator sindrom) epidemiyasına 8000 şəxs yoluxmuşdur ki, bunların içərisində təxminən hər on nəfərdən biri dünyasını dəyişmişdir.
2012-ci ilin sentyabrında əvvəllər məlum olmayan, MERS (Middle East Respiratory Syndrome Coronavirus – Yaxın Şərq Respirator Sindromu Koronavirusu, MERS-CoV) kimi tanınan yeni SARS-a bənzər koronavirus təyin olunmuşdur.
Ciddi koronavirus infeksiyasına malik olmasından şübhələnilən hər bir şəxs təmas və hava-damcı yolu ilə yoluxmaya qarşı ciddi izolyasiya tədbirləri altına alınmaqla həkim-infeksionistin nəzarətinə yönləndirilməlidir. Mümkündürsə, xəstəxanada da hava yolu ilə ötürülən infeksiyalardan izolyasiya otağı ilə təmin edilməlidir.
Əvvəlcə digər infeksiya ehtimallarını inkar etmək və müvafiq nümunələri (bəlğəm, qan, kəskin və rekonvalessensiya dövründə əldə edilmiş serum, sidik, döş qəfəsi rentgenoqramması) əldə etmək lazımdır; koronaviruslar üçün spesifik diaqnostik testlər yalnız həkim-infeksionistlə konsultasiyadan sonra aparılmalıdır.
Bütün yoluxma şübhəsi olan şəxslərlə yaxın təmasda olanlar izlənilməli, onlara karantin prosedurları və digər tədbirlər barədə məlumat verilməlidir.
Epidemiologiya
Koronaviruslar sekresiya məhsulları ilə yaxın təmas və ya hava-damcı yolu ilə ötürülür.
Koronavirus infeksiyalarına yoluxmuş pasiyentlərə baxan tibb personalı xüsusi risk qrupuna daxil edilir.
Klinik təzahür
Xəstəlik adətən temperaturun qəfil yüksəlməsi (> 38.5°C) və öskürək ilə başlayır.
Kəskin mərhələdə pasiyentdə aşağı tənəffüs yolu infeksiyası inkişaf edir ki, bu da öz növbəsində kəskin tənəffüs çatışmazlığına (KRDS- Kəskin respirator distress sindromu) yol aça bilir.
Həmçinin böyrək çatışmazlığı və bağırsaq simptomları da ortaya çıxır.
Simptomların heç biri spesifik deyildir. Xəstəlik hətta qızdırma yaratmayaraq yüngül tənəffüs yolu infeksiyasını xatırlada bilər.
Diaqnoz
Xəstəliyə şübhə klinik tablo və məruz qalınan faktor əsasında yaranır.
Pasiyentin müayinələrə yönəldilməsi üçün meyarlar (COVID-2019, hər iki meyar qarşılanmalıdır):
Qızdırma və/və ya öskürək və/və ya təngnəfəslik kimi kəskin tənəffüs infeksiyası simptomları və/və ya döş qəfəsinin rentgen müayinəsində pnevmoniyaya işarə edən əlamətlər.
İnfeksiya mənbəyi ilə kontakt barədə anamnestik məlumatlar: simptomların başlanmasından əvvəlki 14 gün ərzində pasiyent
Kontinental Çində (Honq Konq, Makao və Tayvan istisna olmaqla), Cənubi Koreyada, İranda və ya İtaliyada (xüsusilə Lombardiya, Veneto, Pyemont və ya Emiliya-Romanya) olmuş və ya
Onun laborator təsdiqlənmiş COVID-2019 pasiyenti ilə sıx təması olmuşdur
Yuxarıda qeyd olunan epidemik region-əsaslı meyarların diqqətdə saxlanılmasından əlavə, COVID-2019 təyini üçün müayinələr stasionar müalicə tələb edən və etiologiyası bilinməyən ağır tənəffüs yolu infeksiyasına malik pasiyentlərdə həyata keçirilməlidir.
Mikrobioloji müayinələr adekvat təcrübə və biotəhlükəsizlik səviyyəsi olan laboratoriyalarda aparılmalıdır. Müvafiq virusu (virusları) analiz etmə imkanları olan regional laboratoriyalara dair məlumatlar tibb işçiləri üçün əlçatan olmalıdır. Tələb olunan analizləri və testləri götürməmişdən əvvəl laboratoriya ilə əlaqə saxlamaq lazım ola bilər.
Müalicə
Xəstəliyin müalicəsi infeksion xəstəliklər şöbəsində həyata keçirilməlidir.
Tədbir olaraq xəstəxanadan kənar atipik pnevmoniya üçün adətən standart antibiotiklər təyin olunur .
Yaxın təmasların idarə edilməsi
Məqsəd, məruz qaldıqdan sonra mümkün qədər tez bir zamanda (10 gün ərzində) simptomatik xəstəliyi olan yaxın təmasları təyin etməkdir.
Yaxın təmaslara daxil edilir:
eyni evdə yaşayanlar
pasiyentin tənəffüs sekresiyaları və ya digər bioloji mayeləri ilə təmasda olanlar