Diş çəkilməsindən, ağız və üz-çənə cərrahiyyəsindən sonra müşahidə edilən ağırlaşmalar
EBM Klinik protokolları
24.03.2017 • Sonuncu dəyişiklik 24.03.2017
KaiSundquist
Diş çəkilməsi (ekstraksiya)
Dişin çəkilməsindən sonra diş yuvasından bir neçə saat ərzində qan sıza bilər. Xəstə dişin çıxarıldığı nahiyyəni yuvaya yerləşdirilmiş tənzifi basmaqla 15-20 dəq. ərzində sıxmalıdır. Bu, dişin çıxarılmasından sonra yaranmış normal qanaxmanı dayandırmaq üçün kifayətdir.
Yuvanın sağalması ikincili sağalma prosesi ilə baş verir. Dişin çıxarılmasından sonra alveolyar yuvada qan laxtaları əmələ gəlir. Qan laxtası qranulyasiya toxumasının yaranmasını təmin edən fibrin toruna çevrilir. Epitellə örtülmüş qranulyasiya toxuması diş yuvasının dibindən başlayaraq üst qisminə doğru inkişaf edir.
Laxta yerindən çıxarıldıqda yuva əməliyyatdan sonra yarana biləcək alveolitə meyilli olur (quru diş yuvası) ki, onunda klinik diaqnostikası aşağıda göstərilənlərə əsaslanır: diş çıxarılmasından sonrakı 2-3 gün ərzində artmış şiddətli ağrılar, ağızda pis qoxu (halitoz), alveolyar sümük diş çıxarılmış yuvada görünür, lakin irinli eksudata rast gəlinmir. Dişin çıxarılmasından sonra alveolitin yaranması hallarına təxminən 1-10%-də rast gəlinir və bu adətən aşağı çənəyə aid edilir. Bunun etiologiyası naməlum olaraq qalır; hazırda qəbul edilən fikir odur ki, işemik sümük nahiyyəsində nekrozlaşma baş verir və yerli osteitə səbəb olur.
Müalicə zədələnmiş yuvanın irriqasiyasından və yodoform hopdurulmuş parafinli tənziflə örtülməsindən ibarət olur. Simptomlar sönənə qədər sarğı 1-3 gündən bir dəyişdirilməlidir. Həmçinin yodoformla isladılmış hemostatik jelatin süngəri (haemostyptic gelatin) də istifadə edilə bilər; bu halda süngəri çıxarmağa ehtiyac duyulmur. Xəstə müvafiq ağrıkəsicilərlə təmin olunmalıdır. Sistemli antibiotik müalicəsinin adətən heç bir faydası olmur, lakin ümumi simptomların əmələ gəlməsi hallarında onu təyin etmək lazım gəlir.
Dişin ekstraksiyası hematomanın yaranması ilə fəsadlaşa bilər. Hematoma üst çənədən göz yuvasına və alt çənədən boyun nahiyyəsinə qədər yayıla bilər. Lakin əksər hallarda hematoma bu qədər geniş sahəyə yayılmır. Yayılmış hematoma şişkinlik, infeksiyanın yaranma risk ilə müşahidə olunur və bu halda sistemli antibiotiklərin təyin edilməsi vacibdir.
Şişkinlik dərəcəsi diş çıxarılma prosesinin müddətindən, eləcə də yumşaq toxumanın dartılma dərəcəsindən və mövcud travmadan asılı olur. Şişkinliyin ən şiddətli vaxtı əməliyyatdan sonrakı gündə müşahidə edilir.
Xəstə xüsusilə alt çənə dişlərinin çəkilməsi və alt çənənin keçirici anesteziyası aparıldıqda ağzını açarkən çətinliklə üzləşir. Bu problemlər bir neçə ay davam edə bilər, müalicəsi isə əsasən müvafiq əzələlərin dartılması məqsədilə aparılan ağızın açılması təlimindən ibarət olur.
Üst azı dişlərinin kök sonluqları üst çənə sinusunda yerləşir və bu dişlərin çıxarılması ağız boşluğundan üst çənə sinusuna dəliyin açılmasına səbəb ola bilir. Bu halda ağız boşluğu Valsalva manevri (ağız və burnu bağlayaraq qulaqlara hava təzyiqinin göndərilməsi) zamanı havayla dolmağa başlayır. Kiçik dəliklər adətən yuvada kifayət qədər laxtanın əmələ gəlməsilə öz-özünə bağlanır. Laxtanın dəlikdən çıxmaması vacibdir və buna görə də xəstəyə 3-4 həftə ərzində burnunu möhkəm silməmək (havanı təzyiqlə burundan verməmək) barədə məsləhət verilməlidir. Əgər dəlik böyükdürsə və 2-3 həftə ərzində bağlanmırsa cərrahi müdaxilə vacib ola bilər və xəstə ağız və üz-çənə cərrahına göndərilməlidir.
Dişin çəkilməsi demək olar ki, həmişə əməliyyatdan 2-3 saat sonra başlayan müxtəlif dərəcəli ağrı ilə müşayiət olunur, çünki bu zaman yerli anesteziyanın təsiri keçir. Ağrı adətən 2-3 gün ərzində səngiyir.
Ağrı adətən periferik təsirli iltihabəleyhinə dərman vasitələri ilə yüngülləşdirilə bilər. Daha ağır hallarda mərkəzi təsirə malik ağrıkəsicilər təyin edilə bilər.
Dişlərin cərrahi yolla çəkilməsi
Əgər dişlərin ekstraksiyası zamanı cərrahi prosedurlardan istifadə edilərsə (məsələn, dişin cərrahi yolla çəkilməsinə damaqda kəsiklərin aparılması və dişi çıxartmaq üçün hər hansı bir sümük hissəsinin xaric olunması aid edilir) bu zaman yuxarıda sadalanan mümkün olan fəsadlara əlavə olaraq əməliyyatdan sonrakı həddindən artıq qanaxma, çənə nahiyyəsində hissiyat pozulması, əməliyyatdan sonrakı infeksiya və hətta çənənin sınması göstərilə bilər.
Alt ağıl dişinin cərrahi yolla çıxarılmasından sonra retromolyar nahiyyədən keçən arteriyaların və ya aşağı alveolyar arteriyanın zədələnməsi güclü qanaxmanın yaranmasına səbəb ola bilər. Ən uyğun ilk yardım proseduru, mümkün olduqda, yuvanın hemostatik jelatinsüngəri ilə (Surgicel®, Gelfoam®) tamponadasıdır. Əgər qanaxma davam edərsə yara açılmalı və damarlar bağlanmalıdır. Hər hansı sümük mənşəlli qanaxmaları nahiyyəyə küt alətlə və ya sümük mumundan istifadə edərək təzyiq göstərməklə dayandırmaq olar. Əlavə olaraq tranexamic acid istifadə edilə bilər; bu maddə tənzif üzərinə əlavə oluna və ya oral yolla daxilə gündə 1-1.5 q üç dəfə təyin edilə bilər. Qanaxma şiddətli və uzun müddətli olarsa bədəndə qan həcmini bərpa etmək məqsədilə qan köçürülə bilər.
Əgər xəstədə aşağı alveolyar sinir anatomik quruluşdan asılı olaraq dişə yaxın məsafədə yerləşərsə alt ağıl dişinin çəkilməsi zamanı o, zədələnə bilər. Belə olduqda zədələnmiş tərəfdə çənə ətrafında hissiyatın itməsi müşahidə olunur. Sinirin tamamilə kəsilmədiyi hallarda hissiyat əməliyyatdan sonra 1-12 həftə ərzində bərpa olunur. Sinirin tamamilə kəsildiyi hallarda onun cərrahi yolla bərpa edilməsi prosesi təxirə salınmamalıdır, çünki vaxt keçdikcə uğurlu nəticəyə nail olmaq imkanı da azalır.
Adətən diş çəkilməsindən sonra sistemşəkilli antibiotik terapiyasının təyin edilməsinə heç bir ehtiyac duyulmur və ona olan ehtiyacı hər bir xəstə üçün individual olaraq dəyərləndirmək lazımdır. Əməliyyatdan sonra infeksiyalara rast gəlmək mümkündür və onlar adətən ya tək penicillin V (1 million BV gündə 3 dəfə), ya da metronidazole (400 mq gündə 3 dəfə.) ilə kombinasiya olunmuş şəkildə müalicə edilir.
Əməliyyatdan sonra baş verən infeksiyalar alveolitdən fərqlənir: uyğun nahiyyədə irinli ifrazat daxil olmaqla infeksiyanın bütün klassik əlamətləri (qızartı, istilik, ağrı) müşahidə edilir və xəstədə hərarətin qalxması da mümkündür.
İkincili infeksiya dişin çəkildiyi nahiyyədə hətta bir neçə ay sonra da inkişaf edə bilər. Belə hallara səbəb olan faktora anaerob mikroblar aiddir, hansı ki, penicillin V və metronidazole-un kombinasiyası ilə müalicə olunmalıdır .
Alt ağıl dişinin çəkilməsi zamanı xüsusilə də yaşlılarda dişin yerindən çıxarılması üçün əksər hallarda nəzərə çarpan miqdarda sümük toxumasının xaric edilməsi ehtiyacı yaranır. Xəstənin yaşından asılı olaraq sümük sisteminin zəifləməsi səbəbilə bu əməliyyatın aparılması zamanı çənənin sinması riski arta bilər. Əgər sonradan xəstə bərk bir şey yeyərkən və ya zərbədən sonra çənəsinin şaqqıldamasını qeyd edərsə çənənin sınmasından şübhələnmək lazımdır. Xəstənin dişlərinin qapanışı (bite) yoxlanılmalı və çənənin ortopantomoqrafiyası təyin edilməlidir. Xəstə ağız və üz-çənə cərrahına və ya ağız və üz-çənə xəstəlikləri sahəsində ixtisaslaşmış klinikaya göndərilməlidir.
Ağız nahiyyəsində aparılan digər cərrahi əməliyyatlar
Diş çəkilməsindən başqa ağız və çənə nahiyyəsində bir çox fərqli əməliyyatlar aparılır. Bu tip cərrahi əməliyyatlardan sonra müşahidə edilən ağırlaşmalar diş çəkilməsindən sonra müşahidə edilənlərlə demək olar ki, eynidir. Qanaxma və sonrakı hematomalar, infeksiya ilə birgə müşahidə edilən şişkinlik və ağrı əlavə müalicə tələb edən ən çox rast gəlinən əməliyyatdan sonrakı ağırlaşmalardır.