Baş çevrəsi daha çox həyatın ilk iki ili ərzində böyüyür.
Anadangəlmə və neonatal problemlər əsasən həyatın birinci ilində baş çevrəsinin artımında əks olunur, ona görə də bu dövrdə bu artımı izləmək xüsusi əhəmiyyət kəsb edir.
Uşağın başının ölçüsü onun boyu ilə paralel olaraq artmalıdır.
Aşağıdakı situasiyalarda qeyri-normal baş ölçüsünə malik uşaq əlavə müayinələrə yönəldilməlidir:
baş ölçüsündə böyümə boy artımına nəzərən > 2SD (makrosefaliya > +3 SD ) və ya < 2 SD (mikrosefaliya < -3 SD ) olarsa;
başın böyüməsinin akselerasiyası (sürətlənməsi) boy artımı ilə müqayisədə > 1 SD olarsa;
başın böyüməsinin ləngiməsi boy artımına nəzərən < 1 SD olarsa.
( SD - “ Standart Deviation ” – Standart variasiya, kənaraçıxma )
Başın böyüməsinin akselerasiyası (sürətlənməsi)
Başın böyüməsinin akselerasiyası serebrospinal maye sirkulyasiyasının obstruksiyası (şiş, Silvi su kəmərinin tıxanması / stenozu) və ya reabsorbsiyasının dayanması (subdural sızma/ effuziya; travma və zədə diqqətə alınmalıdır) nəticəsində yaranır. Neyrometabolik xəstəliklər də başın böyüməsinin akselerasiyasına səbəb ola bilər.
Əgər başın böyüməsinin akselerasiyası ilə yanaşı uşağın böyük əmgəyi qabarıq və şişkindirsə, çəpgözlük, yuxarıya baxışın pozulması-parezi (“batan günəş” fenomeni) ilə birlikdə göz qapağı retraksiyası mövcuddursa, uşağı gecikmədən əlavə müayinələrə yönləndirmək lazımdır.
Yuxarıdakı simptomlarla yanaşı əgər uşaq letargikdirsə (yuxulu), qidalanmada çətinlik çəkir və ya qusursa, dərhal müayinə və müalicə üçün ən yaxın təcili yardım məntəqəsinə göndərilməlidir.
Başın böyüməsinin ləngiməsi
Başın böyüməsinin ləngiməsi kəllə tikişlərinin erkən ossifikasiyası, bəzi neyrometabolik xəstəlik və ya sindromlardan qaynaqlana bilər.
Baş formasının deformasiyası
Kəllə baş beyinin artımından asılı olaraq böyüyür.
Körpələrdə başın anomaliyalarının formaca müxtəlif tiplərinə rast gəlinir. Əksər hallarda bunlar yüngül formada olur və müalicə tələb etmir.
Bu tip öz- özünə düzələn deformasiyalara misal olaraq, dölün ana bətnindəki pozisiyasının və ya doğumun növünün (məsələn, vakuum esktraksiyası yolu ilə doğuşlar) səbəb olduğu kəllə çökəkliklərini aid etmək olar.
Kəllə sümüklərinin erkən bitişməsi, yəni kraniosinostoz anomal kəllə formalarına səbəb olur.
Müxtəlif tipdə çıxıntılar (məsələn, metopik frontal sinostoz (iki alın sümüyü arasındakı vertikal tikişin erkən bitişməsi) nəticəsində formalaşan çıxıntı) və ya kranial sümüklərdəki qabarıqlar cərrahi müalicə tələb etmir.
Tac tikiş, sagital tikiş və ya lyambdayabənzər tikişlərin kraniosinostozu ilə əlaqəli yaranan baş formasının proqressiv deformasiyası hallarında plastik cərrahın konsultasiyası məsləhət görülür.