Exokardioqrafiya ambulator prosedur kimi
EBM Klinik protokolları
08.03.2017 • Sonuncu dəyişiklik 18.12.2017
HelenaKervinen
Əsasları
- Exokardioqrafiyadan adətən ürək xəstəliyindən şübhələnən zaman istifadə edilir. O ürək xəstəliklərinin diaqnostikasında və ürək xəstələrinin vəziyyətinə nəzarətdə mərkəzi yer tutur.
- Ümumi göstərişlərə aiddir
- kəskin koronar sindrom, stabil ürəyin işemik xəstəliyi (ÜİX) yaxud ona şübhə
- ürək çatışmazlığına şübhə, diaqnostika və nəzarət
- qapaq xəstəliklərinin diaqnostikası və nəzarət
- kardiomiopatiyalar və miokarditlərin diaqnostikası və nəzarət
- aritmiyaların diaqnostikası
Tətbiq sahələri
- Transtorakal exokardioqrafiyanın müxtəlif növlərindən (M-rejimdə, iki/üç ölçülü, puls dalğa və davamlı dalğa Doppleri, rəngli Doppler kartlaşdırılması, toxuma Doppleri, spekl trakinq) ürəyin daxilində və böyük arteriyalarda qan axımını, həmçinin, ürəyin anatomiyasını müəyyən etmək üçün istifadə oluna bilər.
- Exokardioqrafiyadan qulaqcıq və mədəciklərin ölçüsünü, divar qalınlığını və mədəciklərin sistolik və diastolik funksiyasını müəyyən etmək üçün istifadə edilə bilər. Bununla həmçinin qapaqların anatomiyasını, qapaqlardan keçən qan axımını, qapaq stenozu və requrgitasiyanın dərəcəsini qiymətləndirmək olur. Bundan əlavə, sol mədəciyin diastola-sonu təzyiqi, ağciyər arteriyası təzyiqi və sağ qulaqcıq təzyiqi də müəyyən edilə bilər.
Ürək çatışmazlığı
- Ürək çatışmazlığından şühbələnilən bütün xəstələrə exokardioqrafiya icra edilməlidir.
- Yaşlı və həmçinin əlavə məlumatların xəstənin mövcud müalicəsini əhəmiyyətli dərəcədə dəyişdirməyəcəyi xəstələrdə müayinənin aparılması istəyə bağlıdır.
- Sistolik ürək çatışmazlığında sol mədəciyin (SM) yığılması zəifləyib və mədəcik çox zaman genişlənib.
- Mədəcik normal halda diastolanın sonunda mədəcikdə olan qanın > 50%-ni aortaya qovur. Bu səbəbdən də normal atım fraksiyası (AF) 50%-dan çoxdur
- AF-dən asılı olaraq SM-in aşağı atım fraksiyalı xroniki ürək çatışmazlığı ( > 40%), orta AF-lı xroniki ürək çatışmazlığı (ÜÇ )-40-49% və saxlanılmış atım fraksiyalı xroniki ÜÇ(>50%) ayırd edilir.
- AF-nın hesablanması sol mədəciyin sistolik və diastolik həcm parametrlərinin ölçülməsinə əsaslanıb.
- Diastolik ürək çatışmazlığında miokardın elastikliyi pozulmuş olur. Bu diastola zamanı sol mədəciyin tam dolmamasına (sol qulaqcıqdan sol mədəciyə olan axım) və həm sol qulaqcıq həm də sol mədəciyin diastola-sonu təzyiqlərinin artmasına səbəb olur. Exokardioqrafiya bütün bu dəyişiklikləri ölçmək üçün istifadə edilə bilər.
Qapaq disfunksiyası
- Ürəyin auskultasiyası zamanı eşidilən küyə əsasən qapaq disfunksiyasından şübhə edilməsi exokardioqrafiyanın icrası üçün göstərişdir.
- Exokardioqrafiya qapaq disfunksiyalarında nəzarət və cərrahi korreksiyanın optimal vaxtını müəyyən etmək üçün istifadə edilə bilər. Xəstənin simptomları və yanaşı xəstəlikləri də cərrahiyyənin zamanının seçilməsinə öz təsirini göstərir.
Ən çox rast gəlinən qapaq patologiyalarının ağırlığına nəzarət etmək üçün lazım olan parametrlər
Aortal qapaq
- Aortal stenoz maksimal axım sürətinin < 3 m/s, ortalama qradientin < 25 c.süt. və qapaq sahəsinin > 1.5 cm2 olduğu hallarda yüngül dərəcəlidir. Bu göstəricilər > 4 m/s, > 40 c.süt. və < 1 cm2 olan hallarda aortal stenoz ağır dərəcəlidir.
- Aortal çatışmazlıqda requrgitasiyanın dərəcəsi sol mədəciyin ölçü və funksiyaları nəzarətə alınır. Exokardioqrammada requrgitasiya axımının eni > 65%, sol mədəciyin sistolasonu ölçüləri> 50 mm, diastolasonu diametrinin 70 mm və AF-nın <50% olması ağır dərəcəli requrgitasiyanın əlamətidir. Requrgitant axım həcmini müəyyən etmək üçün bir neçə parametr vardır.
Mitral qapaq
- Mitral çatışmazlıqda nəzarət sol qulaqcıq və mədəciyin (həcmlə yüklənmə) ölçüləri üzərində cəmlənib. Sol mədəciyin sistola-sonu diametrinin 40-45 mm, və AF-nın 60% qədər azalması əhəmiyyətli dərəcəli yüklənmənin göstəriciləridir. Mitral requrgitant axım həcmini müəyyən etmək üçün bir neçə müxtəlif parametrdən istifadə edilir.
- Mitral qapaq sahəsinin 1.5 cm2 olması və ağciyər damarlarında təzyiqin artmaması yüngül dərəcəli stenozu göstərir. Ağır dərəcəli stenozda mitral qapaq sahəsi 1.0 cm2 -dir və ağciyər damarlarında təzyiq yüksəlib.
Ürəyin protez qapaqları
- Yaxşı funksiya göstərən protez qapaq exokardioqrafiya vasitəsi ilə müntəzəm nəzarət tələb etmir. Bioprotez qapaqlar uzunmüddətli istifadədən sonra daralmağa başlayır; adətən implantasiyadan 10 ildən çox keçəndə.
- Protez qapağı olan xəstədə yeni yaxud ciddi küy eşidildikdə, ürək çatışmazlığı simptomları yarandıqda yaxud xəstədə uzunmüddətli və ya ağır infeksiya olduqda exokardioqrafiyanın icrası göstərişdir. Belə hallarda həm transtorakal həm də transezofageal exokardioqrafiya icra edilməlidir.
Ürəyin işemik xəstəliyi (ÜİX)
- ÜİX-dan şübhələnilən zaman ürəyin həm sistolik funksiyasını (AF), həm də diastolik funksiyasını müəyyən etmək çox vacibdir; qapaq funksiyaları da eyni vaxtda dəyərləndirilə bilər.
- Sistolik çatışmazlığa səbəb ola bilən sol mədəcik divarının hərəkətinin lokal pozulması miokardın işemiyasının əlaməti ola bilər.
- Mədəcik divarında infarkt çapığı yaxud anevrizması əvvəllər keçirilmiş miokard infarktını göstərə bilər.
- Kəskin sinə ağrısı zamanı mümkün qədər tez xəstəxanada müayinə aparılmalıdır. Xəstəliyin simptomları stabil olduqda isə müayinə tam araşdırmanın ilk pilləsində icra edilməlidir.
- Müayinəninn nəticələri normal olduqda və kliniki vəziyyət dəyişməz qaldıqda, xəstəni kontrolda saxlamağa ehtiyac yoxdur.
- ÜİX-nın diaqnostikasında fiziki yük exokardioqrafiyasından istifadə edilə bilər. Exokardioqrafiya sakitlikdə icra edilməlidir və kliniki fiziki yük testindən sonra təkrar edilməlidir.
- Işemiya mədəcik divarının hərəkətinin pozulmasına və bəzən də mitral requrgitasiyaya səbəb olur.
- Sakitlikdə və fiziki yükdən sonra icra edilmiş exokardioqrafiyalar müqayisə edilir. Nəticələrin qiymətləndirilməsi mütəxəssis bacarığını tələb edir.
- Xəstənin elektrokardioqrammasında interpretasiyanı çətinləşdirən hər hansı dəyişiklik olarsa (LBBB, VPU sindromu, mədəcik ritmi, persistensiya edən ST seqçemt depressiyası 1 mm) fiziki yük sınaqlı exokardioqrafiya icra edilə bilər.
Kardiomiopatiya
- Kardiomiopatiyanın əlamətlərinə səyrici aritmiya, çoxsaylı ekstrasistoliyalar, AV keçiricilik pozğunluqları, Hiss dəstəsinin sol ayaqcığının blokadası, mədəciklərin yüklənməsi (sol mədəciyin hipertrofiyası, LVH) və ürək çatışmazlığı əlamətləri aiddir.
- Exokardioqrafiya divar qalınlığını müəyyən etmək üçün EKQ-dən üstündür.
- Exokardioqrafiyadan dilatasiyalı , hipertrofik və restriktiv kardiomiopayaların həm diaqnostikası, həm də nəzarəti üçün istifadə edilir.
Miokardit
- Bax .
- Xəstəliyin erkən mərhələsində divarın ayrı-ayrı sahələrində hipokineziyası müşahidə edilə bilər və ya exokardioqrafiya tam normal da ola bilər.
- Xəstələrin az qismində perikardial maye qeyd edilir.
- Əksər hallarda miokardit müalicə olunandır və pozulmalar geriyə dönəndir.
Aritmiyalar
- Exokardioqrafiya ürək xəstəliyi əlamətləri olan xəstələrdə aritmiyaların etiologiyasının araşdırılması üçün ilkin müayinə metodudur.
- Exokardioqrafiyadan alınan məlumatlar aritmiyaların müalicəsinin seçimində istifadə olunur.
- Əsas göstərişlərə çoxsaylı mədəcik və ya qulaqcıq ekstasistoliyaları, həmçinin mədəcik və qulaqcıq taxikardiyaları aiddir. Ən geniş yayılmış göstəriş isə böyük ehtimalla qulaqcıqların səyrici aritmiyasıdır.
Əlaqəli mənbələr