Xlamidiya uretriti və servisiti
EBM Klinik protokolları
11.04.2017 • Sonuncu dəyişiklik 11.04.2017
EijaHiltunen-Back
Əsas məqamlar
- Uzanmış gedişli və ya residivləşən infeksiyanın ciddi ağırlaşmalarına (çanağın iltihabi xəstəliyi, sonsuzluq, ektopik hamiləlik) yol verilməməsi üçün, infeksiya vaxtında diaqnostika və müalicə edilməlidir.
- Xlamidiya infeksiyasının yayılmasının qarşısı, yoluxmuş pasiyentlərin cinsi partnyorlarının müayinə və müalicəsi yolu ilə alınmalıdır.
Cinsi yolla ötürülən xəstəliyə (CYÖX) şübhə zamanı müayinələr
- Cinsi yolla ötürülən xəstəliyə (CYÖX) şübhə zamanı müayinələrin miqyası ilə bağlı qərar, pasiyentin verdiyi anamnestik məlumatlara əsasən verilir.
- Risk amilləri: təsadüfi partnyorla qorunmamış cinsi əlaqə; partyorda CYÖX-nin diaqnostika olunması və ya ona şübhənin mövcudluğu; infeksiyaya xarici ölkədə yoluxma ehtimalı; xarici partnyor; kişilər arasında cinsi əlaqə
- Simptomsuz pasiyentdə aparılacaq təməl müayinələrə ən azından xlamidiya və İİV daxil olmalıdır.
- Pasiyent simptomlara, risk amillərinə və ya diaqnostika olunmuş digər CYÖX-lərə malik olduqda, müayinələrə xəstəliyə potensial cəlb olunmuş anatomik nahiyələrdən (sidik kanalı, uşaqlıq boynu, boğaz və ya anus) xlamidiya və süzənək testləri, həmçinin İİV və sifilis, eyni zamanda, zəruri hesab olunduqda hepatit sınaqları daxil olur.
- Klinik təzahürlərə əsaslanaraq süzənək şübhəsi varsa və ya süzənəyə görə nuklein turşusu analizinin nəticəsi müsbətdirsə, müayinəyə başlamazdan əvvəl antimikrob həssaslığını dəyərləndirmək məqsədilə bakterial əkmə nümunəsi əldə edilir.
- Nümunələri götürdükdə, müxtəlif xəstəliklərin inkubasiya dövrləri nəzərdə saxlanılmalıdır: xlamidiya və süzənək 1–2 həftə, sifilis 1–2 ay və İİV 1–3 ay.
Epidemiologiya
- Xlamidiya (Chlamydia trachomatis) tərəfindən törədilən cinsi yolla ötürülən xəstəliklər ictimai səhiyyə üçün ciddi problem təşkil edir.
- Xlamidiya infeksiyaları xüsusilə cavan yaşlı böyüklərdə diaqnostika olunur"?>.
- Epidemiologiyası ölkələr arasında dəyişkəndir, məs., Finlandiyada diaqnostika olunan infeksiyaların dörddə bir hissəsi 20 yaşdan cavan insanların payına düşür.
- Asimptomatik infeksiyalar xəstəliyin yayılması üçün şərait yaradır. Yoluxmadan diaqnoz qoyulana kimi müddət ortalama 4 həftədir, lakin bir neçə aya qədər ola bilər"?>. Diaqnoz qoyulanadək, hər üç pasiyentdən biri artıq yeni partnyoru yoluxdurmuş olur, bu da infeksiyanın yayılmasını izləmək üçün problem təşkil edir.
Erkən simptomlar
- Xlamidiyaya yoluxduqdan simptomların meydana çıxmasına qədər inkubasiya dövrü 1–3 həftədir, yəni süzənəklə müqayisədə daha uzundur. Yoluxmuş insanların əksəriyyəti asimptomatikdir.
- Kişilərdə uretrit sidik kanalından cüzi, sulu (daha sonra selikli) ifrazat və dizuriya ilə özünü göstərir. Qadınlarda dizuriya, pollakiuriya və yüngül leykoreya olur. Servisit nisbətən tez-tez aşkarlanan əlamətdir. O selikli-irinli ifrazat və ödem və ya uşaqlığın əsnəyinin qanaxmaya meylliyi şəklində təzahür edir.
Gecikmiş simptomlar və ağırlaşmalar
- Qadınlarda uzanmış gedişli xlamidiya infeksiyası endometrit və salpingitlə nəticələnə bilər. Bu vəziyyətlər həmişə ağır simptomlarla assosiasiya olunmur; pasiyentdə yalnız yüngül hərarət və ya qarının aşağısında bir qədər ağrı ola bilər. Endometrit, eyni zamanda, qeyri-requlyar uşaqlıq qanaxmasına səbəb ola bilər.
- Çanağın iltihabi xəstəliyi (ÇİX) gecikmiş ağırlaşmadır və adətən stasionar müalicə tələb edir. Perihepatit xlamidiya infeksiyasının nadir ağırlaşmasıdır.
- Geniş miqyaslı və xüsusən də, residivləşən xlamidiya infeksiyasının gecikmiş ağırlaşmalarına həmçinin uşaqlıq borularının zədələnməsi daxildir ki, bu da öz növbəsində sonsuzluq və ektopik hamiləliklərə səbəb olur.
- Kişilərdə xlamidiya infeksiyası epididimitin vacib törədici amilidir, bununla bərabər, prostatin yaranmasında etioloji amil kimi xlamidiyanın rolu kiçik hesab edilir.
- Xlamidiya infeksiyası, həm kişilər, həm qadınlarda, reaktiv artritin inkişafına təkan verə bilər (uroartrit, Reyter xəstəliyi ).
- Chlamydia trachomatis makrolidlər və tetrasiklinlərə həssasdır. Klindamisin (clindamycin) də bu növə qarşı nisbi effektivliyə malikdir, ftorxinolonlar bununla müqayisədə daha az təsirlidir .
- Azitromisin (azithromycin) 1 q tək doza şəklində xlamidiya infeksiyası üçün seçim müalicəsidir. Bu həmçinin hamiləlik müddətində istifadə üçün də uyğundur. Alternativlərə doksisiklin (doxycycline) 100 mq × 2 və ya limesiklin (lymecycline) 300 mq × 2, 7–10 gün ərzində aiddir.
- Pasiyentlərin 10%-ə qədərində azitromisin (azithromycin) və tetrasiklinlərin istifadəsi mədə tərəfdən yüngül əlavə təsirlərə səbəb olur. Nəzarətli tədqiqatlar bu dərmanların istifadəsi zamanı, pasiyentlərin 95-97%-nin sağalması ilə, oxşar terapevtik nəticələrin alındığını göstərmişdir.
- Boğaz, anus və ya gözlərin xlamidiya infeksiyaları doksisiklin (doxycycline) ilə 10 gün ərzində müalicə edilməlidir. Yüngül ağırlaşmalar zamanı, pasiyentlərə tetrasiklin (tetracycline) və ya doksisiklin (doxycycline) iki-üç həftə müddətində, xlamidiya infeksiyasının səbəb olduğu reaktiv artritdə daha uzun dövr ərzində təyin edilir. Çanaq infeksiyalarında, antimikrob preparatların kombinasiyası istifadə edilir, belə ki, prosesə digər bakteriyalar, məsələn, anaerobların qoşulması mümkündür.
- Pasiyent bir həftə ərzində cinsi əlaqədən imtina etməli və ardınca növbəti kontrol-müayinəyədək prezervativlərdən istifadə etməlidir.
Müalicədən sonra kontrol nəzarət və kontaktda olan şəxslərin müəyyən edilməsi
- Kontrol nəzarət məqsədilə nümunə yalnız 4 həftə sonra toplanılmalıdır, çünki daha öncə aparılan təkrari müayinə yalançı müsbət nəticə göstərə bilər.
- Daimi cinsi partnyorun müalicəsi eyni vaxtda aparılmalıdır. Müalicəyə nümunə alınmasından dərhal sonra başlanıla bilər. Eyni zamanda, digər mümkün CYÖX-lərə görə müayinə aparılmalı və kontaktda olan şəxslər müəyyən edilməlidir.
- Müalicə həkimindən, öz pasiyentlərinin cinsi kontaktda olduğu şəxsləri müəyyənləşdirməsi tələb olunur. Həkimin kontrol-müayinə qəbulu ərzində, həkim pasiyentə, infeksiya mənbəyi olan şəxsin və potensial olaraq yoluxmuş bütün şəxslərin xlamidiyaya görə müayinə edilib-edilmədiyi və zəruri hallarda, müalicə alıb-almadığı ilə bağlı suallar verməlidir. İstədikdə, müalicə həkimi cinsi partnyorların skrininqinin aparılması öhdəliyini kontagioz xəstəliklərə görə məsul həkimə ötürə bilər.
- Pasiyentin kontaktda olduğu şəxslərin müəyyən olunması CYÖX-lərlə mübarizənin ən effektiv yoludur. Bir çox gənc insan xlamidiya infeksiyasının çox zaman asimptomatik getməsi barədə xəbərsizdir, bu da xlamidiyaya görə müayinələr aparılmasını azaldır və gecikdirir."?>
Asimptomatik infeksiyalara görə skrininq
- Süni abortla əlaqədar
- 25 yaşdan cavan pasiyentlərin kontrasepsiya ilə bağlı müraciəti zamanı, həkimin ilk qəbulu və ya 3 aydan sonra kontrol baxış zamanı, və yenidən 12 aydan sonra
- Kontrasepsiya ilə əlaqədar kontrol həkim qəbulu zamanı, yeni cinsi partnyorun olduğu və ya anamnezdə daha əvvəl xlamidiya infeksiyasının qeyd edildiyi hallarda
Əlaqəli resurslar
Hiltunen-Back E, Haikala O, Kautiainen H, Paavonen J, Reunala T. A nationwide sentinel clinic survey of chlamydia trachomatis infection in Finland. Sex Transm Dis 2001 May;28(5):252-8. Ostergaard L, Andersen B, Olesen F, Moller JK. Efficacy of home sampling for screening of Chlamydia trachomatis: randomised study. BMJ 1998 Jul 4;317(7150):26-7. "?> Schachter J, Moncada J, Liska S et al. Nucleic acid amplification tests in the diagnosis of chlamydial and gonococcal infections of the oropharynx and rectum in men who have sex with men. Sex Transm Dis 2008;35(7):637-42. "?>Schachter J, Chernesky MA, Willis DE et al. Vaginal swabs are the specimens of choice when screening for Chlamydia trachomatis and Neisseria gonorrhoeae: results from a multicenter evaluation of the APTIMA assays for both infections. Sex Transm Dis 2005;32(12):725-8. Lanjouw E, Ouburg S, de Vries HJ et al. 2015 European guideline on the management of Chlamydia trachomatis infections. Int J STD AIDS 2016;27(5):333-48.