Periodont xəstəlikləri (gingivit və periodontit)
EBM Klinik protokolları
29.08.2018 • Sonuncu dəyişiklik 19.12.2017
Veli-JukkaUitto
Gingivit
- Əgər dişlərin səthindən müntəzəm olaraq bakterial toplantılar aradan qaldırılmazsa gingivit inkişaf edə bilər. Gingivitin tipik əlaməti diş əti qanaxmasıdır, məsələn, dişləri təmizləyərkən.
- Gigivitə meyllik adətən hamiləlik və yeniyetməlik (pubertat) dövründə yüksəlir.
- Erkən mərhələdə qanaxmanı dayandırmaq üçün dişi gündəlik yumşaq diş fırçası ilə ehtiyyatla təmizləmək və əgər lazımdırsa diş sapı və ya xüsusi diş fırçasından istifadə etməklə dişlərin arasını təmizləmək gərəkdir.
- Əgər dişlərin təmizlənməsi lazımi nəticələr vermirsə, əlavə olaraq ağız boşluğunu təmizləyici məhlullar istifadə oluna bilər. Ən effektiv olanlar tərkibində 0.12 - 0.20 % xlorheksidin tərkibli məhlullardır.
- Xüsusi dərmanlar, məsələn, kalsium kanallarının blokatorları və immunosupressiv maddələr (siklosporin) diş ətinin hipertrofiyasına gətirib çıxara bilər. Belə hallarda, əgər mümkündürsə, dərman dəyişdirilməlidir. Əks halda dişlərin gündəlik ehtiyyatla təmizlənməsi və lazım olduqda isə hipertrofiyaya uğramış toxumanın cərrahi yolla aradan qaldırılması həyata keçirilə bilər.
Periodontit
- Patogen bakteriyalar diş ətinin altındakı boşluqda da inkişaf edə bilər. Bununla infeksiya dişi çənə sümüyü ilə birləşdirən toxumalara yayıla bilər.
- Xronik diş əti iltihabı adətən dişi dəstəkləyən toxumaların yavaş-yavaş destruksiyasına, dişin itirilməsi və anaerob bakteriyaların inkişafı üçün əlverişli olan diş əti daşlarının formalaşmasına gətirib çıxarır.
- Uşaq və böyüklərdə müəyyən edilən aqressiv periodontitdə diş ətini dəstəkləyən toxumaların destruksiyası əhəmiyyətli dərəcədə sürətli ola bilər.
- Periodontitə meyllik müəyyən xəstəliklərdə, xüsusilə də şəkərli diabet və immunçatışmazlığa səbəb olan xəstəliklərdə yüksəkdir. Digər tərəfdən, periodontitin müalicəsi şəkərli diabeti olan xəstələrdə qanda qlükozanın tənzimlənməsinin yaxşılaşdırılmasına xidmət edə bilər.
- Periodontitlə əlaqəli xronik iltihab və diş əti daşlarında yer alan çoxlu miqdarda patogen bakteriyalar ürək-damar sistemi xəstəlikləri riskini yüksəldir.
- Periodontitin müalicəsi onun yaranmasına səbəb olan bekteriyaların aradan qaldırılması və onların toplanmasına səbəb olan faktorların (məsələn, diş daşları) küret və ultrasəs cihazları vasitəsilə mexaniki olaraq təmizlənməsi ilə aparılır. Xəstəliyin dayandırılması üçün yaxşı ağız gigiyenası vacibdir. Periodontitin şiddətli hallarında ona səbəb olan mikroba qarşı antimikrobial terapiya və/və ya cərrahi müdaxilənin aparılması lazım ola bilər.
- Antimikrobial müalicə yerli şişkinlik və qızdırma kimi ümumi simptomlar olduqda periodontitin birinci-sıra terapiyası kimi təyin edilir.