Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Əllərin dermatiti

Mündəricat

Əllərin dermatiti

EBM Klinik protokolları
19.04.2018 • Sonuncu dəyişiklik 15.05.2018
AlexanderSalava

Əsas məqamlar

  • Əllərin dermatiti ekzematoz vəziyyət, dəri infeksiyası və dərinin digər xəstəliyi ilə əlaqəli ola bilər.
  • Diaqnoz pasiyentin anamnezi və fiziki müayinəyə əsaslanır.
  • Ən geniş yayılmış səbəb sadə, qıcıqlanma verən təmas dermatitidir (XBT10) ki, bu halda əlavə müayinələrə ehtiyac yalnız vəziyyətin dayanıqlıq göstərdiyi hallarda yaranır.
  • Başlanğıc mərhələdə yetəri qədər davam etdirilən və effektiv yerli terapiya (ümumi müalicə müddəti çox zaman 2-3 ay), vəziyyətin xroniki hala keçməsinin qarşısını alır.

Etiologiya

  • Ekzogen
    • Sadə, qıcıqlanma verən təmas dermatiti (şəkil )
    • Allergik təmas dermatiti  (patç-testlər (aplikasion dəri-allergik sınaq) köməyilə  gecikmiş allergiyaya görə müayinə)
    • Zülal təmas dermatiti (sürətli tip allergiya, dəri prik-testləri vasitəsilə müayinə olunur)
  • Endogen
    • Əllərin dermatiti ilə gedən atopik dermatit
    • Ovuc və ayaqaltı nahiyələrdə xroniki qovuqcuqlu və ya hiperkeratotik ekzema (dermatit) (sinonimlərə kəskin ovuc-ayaqaltı ekzema, dishidrotik ekzema, pomfoliks, infeksion ekzema aiddir)
  • Bir çox dəri xəstəlikləri əllərdə də səpgi yaranması ilə gedir (səpgi adətən bədənin digər hissələrində də olur): psoriaz , qırmızı yastı dəmrov və s.
  • Ovuc-ayaqaltı pustulyoz əllərin ovuc səthində və ya pəncənin ayaqaltı nahiyəsində irinli qovuqcuqlara səbəb olur (şəkillər ). Etiologiyası naməlumdur.
  • Digər mümkün səbəblər
    • Əllərin mikozu (Tinea manuum) (şəkil ): səpgi çox zaman birtərəflidir, eyni zamanda pəncə və ayaq dırnaqlarını zədələyir
    • Qoturluq
    • Qovuqcuqların yaranması ilə əlaqəli bakterial infeksiya (məs., qrup A Streptokoklar)
    • Əl, ayaq və ağız xəstəliyi (enterovirus infeksiyasından 1–2 həftə sonra)
    • Skarlatina və ya streptokok tonzillitindən sonra barmaq uclarında və əllərdə dərinin qabıqlanması
    • Sadə herpes ( məs., barmaq uclarında; şəkil )
    • Sifilis : əllərdə makulyar dermatitin nadir səbəblərindən biri

Pasiyentin müayinəsi

Klinik anamnez

  • Fərdi anamnezdə atopiya və ya ailə anamnezində hər hansı dəri xəstəliyi (məs., psoriaz) qeyd olunurmu?
  • Pasiyent işdə əlləri qıcıqlandıra biləcək amillərin təsirinə məruz qalırmı, məsələn, nəm əmək şəraiti? Pasiyent dermatitlə əlaqədar məzuniyyətə çıxıbmı? Xəstəliyə görə məzuniyyət müddətində vəziyyət necə və nə qədər tez dəyişir?
    • 1-2 həftə ərzində yaxşılaşma müşahidə edilmirsə və dermatit həmçinin pəncələrin ayaqaltı hissəsində də mövcuddursa, pasiyentdə peşə dermatiti ehtimalı aşağıdır.

Fiziki müayinə

  • Əllərin dermatiti ilə olan pasiyentin müayinəsinə, eyni zamanda onun ayaqlarının da müayinəsi daxil olmalıdır.
  • Psoriatik səpgilərin yaranmağa meylli olduğu sahələri nəzərdə tutun: başın dərisi, dırnaqlar, dizlər və bazu önü.
  • Dabanın mikozu (Tinea pedis) zamanı immunoloji reaksiya mikid reaksiyasına (id reaksiyası) gətirə bilər ki, bu halda əllərdə qovuqcuqlar inkişaf edir, göbələk isə yalnız pəncələrdə aşkarlanır.

Müayinələr

  • Göbələk nümunələri (mikroskopiya və əkmə üçün) mikozun istisna edilməsi üçün
  • Patç-test (aplikasion dəri-allergik sınaqlar) allergik təmas dermatitinə şübhə zamanı
  • Digər dəri xəstəliyinin diaqnostikası üçün dəri biopsiyası nadir hallarda göstəriş olur (adətən biopsiya nümunəsi əllərdən deyil, bədənin başqa bir sahəsindən götürülür).

Xroniki dermatit

  • Əllərin dermatiti ilkin etiologiyasından asılı olmayaraq xroniki hala keçə və persistə edə bilər (şəkillər ).
  • Allergik təmas dermatiti ehtimalı (məs., peşə allergeni) nəzərdən keçirilməlidir.
  • Dırnaqətrafı yastıqda xroniki dermatit və xroniki paronixiya dırnağın böyüməsinə maneə törədə (şəkil ) və ”paltaryuma lövhəsi tipli dırnaqlar”ın inkişafına gətirə bilər (şəkillər ).

Müalicə

  • Əllərin dermatitinin əsas müalicəsi xəstəliyin səbəbinə qarşı yönəldilir və bu zaman qıcıqlandırıcı amillərdən yayınmaq şərti gözlənilməlidir.

Yerli müalicə

  • İlkin fazada yetərincə uzun və effektli müalicə vəziyyətin xroniki gediş almasının qarşısını alacaq. Əllərin xroniki dermatitinin ən geniş yayılmış səbəbi,  ilkin fazada qlükokortikoid müalicəsinin yetəri dərəcədə olmamasıdır.
  • Mötədil dərəcədə güclü yaxud güclü qlükokortikoid kremlər dəri sağalanadək, dermatitin ağırlıq dərəcəsinə müvafiq olaraq 2-6 həftə ərzində, gündə bir və ya iki dəfə istifadə edilir. Vəziyyət tam aradan qaldırılmadıqda kontrol müayinə göstərişdir.
  • Əgər kontrol qəbulda aydın yaxşılaşma müşahidə edilirsə, qlükokortikoid krem dermatit tam aradan qalxanadək davam etdirilə bilər (ümumi müalicə 2–3 ay).
  • Çox zaman, residivin önlənməsi məqsədilə, qlükokortikoid krem ilə həftədə iki dəfə, 1-3 ay müddətində saxlayıcı terapiyaya ehtiyac duyulur (yalnız dermatit sağaldıqdan sonra).
  • Takrolimus (tacrolimus) kremi də faydalı ola bilər, xüsusilə atopiyalı pasiyentlərdə.

Sistem müalicə

  • Əllərin dermatitində antimikrob preparatlarına çox az hallarda ehtiyac duyulur. Səpginin infeksiyalaşması aşkardırsa (şəkil "?>, sistem antimikrob preparatı, məsələn, sefaleksin (cephalexin) 500 mq, gündə üç dəfə, 7–10 gün ərzində göstəriş sayıla bilər.
    • Alternativ antimikrob preparatları və onların dozaları impetiqo zamanı istifadə edilənlərlə eynidir .
    • Antimikrob preparatları əllərin dermatitində birinci-sıra terapiya deyil və yerli müalicəni əvəz etmirlər.
  • Ağır gedişli kəskin fazada qısamüddətli müalicə şəklində sistem qlükokortikoidlər, məsələn, prednizolon (prednisolone) 20–40 mq, gündə bir dəfə, 1-2 həftə ərzində, nəzərdə keçirilə bilər.
    • Xüsusilə əllərin kəskin vezikulyar dermatitində effektlidir. Əllərin xroniki dermatitində göstəriş deyil.

Digər tədbirlər

  • Əllərin qorunması çox böyük önəm daşıyır. Qoruyucu əlcəklərin altından pambıq əlcəklər geyilə bilər.
  • Əllərin peşə ilə əlaqədar müvafiq qorunması barədə məlumat verilməlidir.
  • Ekzogen dermatitdə, səbəbin (allergenlər və qıcıqlandırıcı amillər) aradan qaldırılmasına çalışmaq lazımdır.
  • Həmçinin bütün hallarda, əllərin qorunması və müalicənin əsasını təşkil edən yerli məlhəmlərin və sabun əvəzedicilərinin istifadə qaydası ilə bağlı məsləhətlər verilməlidir.
  • İş yerində qıcıqlandırıcı amillərlə qarşılaşılırsa, dermatitin aradan qalxmasına sərf olunan müddət ərzində xəstəlik vərəqəsi verilməlidir.
  • Əllərin peşə dermatitinə şübhə varsa, bütün hallarda xəstəlik vərəqəsinin sonuna yaxın, tibbi sənədlərdə dərinin vəziyyəti ilə bağlı qeydlər aparıla bilməsi üçün kontrol müayinə təyin edilməlidir.

Mütəxəssis konsultasiyası

  • Müvafiq və müntəzəm yerli müalicəyə rəğmən, dermatit 3 ay ərzində aradan qalxmadığı hallarda, konsultasiya və allergik təmas dermatitinin istisna edilməsi məqsədilə aplikasion dəri-allergik sınaqlar aparılması (patç-test) üçün dermatoloqa göndəriş verilməsi tövsiyə olunur.
  • Əllərin uzanmış gedişli dermatiti hallarında ilk növbədə ekzogen dermatit ehtimalı barədə düşünmək lazımdır ki, bunun səbəbinin aradan qaldırılması mümkündür.
  • Aplikasion dəri-allergik sınaq, ehtiyac duyularsa, daha sonra təkrar aparıla, iş yerində əmək bölgüsü üzrə tədbirlər zəruri ola bilər.
  • Dermatoloq, göstəriş olduqda, yerli fototerapiya (PUVA-krem) və ya sistem immunosupressantlar (metotreksat (methotrexate), siklosporin (cyclosporine)) və ya retinoid (asitretin (acitretin), alitretinoin (alitretinoin)) preparatları ilə müalicəyə başlaya bilər.

Müvafiq resurslar

Diepgen TL, Andersen KE, Chosidow O et al. Guidelines for diagnosis, prevention and treatment of hand eczema. J Dtsch Dermatol Ges 2015;13(1):e1-22. Antonov D, Schliemann S, Elsner P. Hand dermatitis: a review of clinical features, prevention and treatment. Am J Clin Dermatol 2015;16(4):257-70. Agner T, Aalto-Korte K, Andersen KE et al. Classification of hand eczema. J Eur Acad Dermatol Venereol 2015;29(12):2417-22.