Tranzitor qlobal amneziya (TQA)
EBM Klinik protokolları
03.07.2018 • Sonuncu dəyişiklik 18.09.2018
SariAtula
Əsas məqamlar
- Tranzitor qlobal amneziya (TQA) yaddaş itkisinin naməlum etiologiyalı xoşxassəli epizodu olub, 24 saat müddətində spontan aradan qalxır.
- Tipik xüsusiyyəti, yeni informasiyanı yadda saxlamaq və müəyyən dərəcədə son bir neçə günün hadisələrini xatırlamaq qabiliyyəti itirildiyi halda, koqnitiv funksiyalar və huşun səviyyəsində dəyişikliyin olmamasıdır.
- Klinik mənzərə adətən aydındır və qısa müşahidə dövründən sonra, kontrol müayinələr və ya müalicəyə ehtiyac görülmür.
Epidemiologiya
- Adətən gec orta-yaşlarda baş verir, orta hesabla təxminən 60 yaşında.
- Daha çox qadınlar arasında rast gəlinir
Etiologiya
- Hipokampusun lokal disfunksiyası ilə əlaqədardır, lakin dəqiq inkişaf mexanizmi və ya törədici amillər indiyədək aydın deyil.
- Miqren ekvivalenti, epileptik mexanizm və beyin qan dövranı pozğunluğu, yəni, TİH inkişafı ilə oxşar bir mexanizm - bunların hamısının TQA səbəbi kimi çıxış edə bilməsi ilə bağlı hipotezlər irəli sürülmüşdür.
- Emosional stress və şəxsin yüksək həssaslığı, TQA baş verməsi üçün zəmin yarada bilər, xüsusən uzanmış gedişli Valsalva fenomeninə məruz qaldıqdan sonra, güclü gərginlik, soyuq temperatur və ya kəskin ağrı kimi amillərin təsiri nəticəsində inkişaf edə bilər.
- Valsalva fenomeni ərzində müşahidə edilən döş qəfəsi-daxili təzyiqin artması kəllədaxili venoz qayıdışı azaldır. Venoz qayıdışın azalması nəticəsində yaranan venoz durğunluq, beyinin yaddaşla əlaqəli bazal strukturlarının işemiyasına gətirə bilər və bu halda patologiyanın əsas səbəbi hemodinamik pozğunluq olacaqdır.
- İndiyədək təklif edilən mexanizmlərdən heç biri qarşıya çıxan bütün halları izah edə bilmir və beləliklə, bu vəziyyətin bir sıra təsir mexanizmləri və/və ya zəmin yaradan struktur amillərinin birgə effektinin nəticəsi olduğu güman edilir.
Əlamətlər və simptomlar
- Əsas simptom anteroqrad amneziya, yəni yeni məlumatları yadda saxlama qabiliyyətinin itirilməsinin qəfil başlanğıcıdır. Bununla əlaqədar, pasiyent təkrari olaraq eyni suallarla müraciət edir. Əlavə olaraq, müəyyən dərəcədə retroqrad amneziya mövcuddur.
- Lakin, huşun aydınlıq dərəcəsi, davranış, pasiyentin özünü identifikasiya etməsi, yaxın ailə üzvlərinin adlarını xatırlaması və koqnitiv funksiyalar olduğu kimi saxlanılır.
- Nevroloji müayinə normal nəticələr göstərir.
Diaqnostika
- Diaqnostika tək klinik dəyərləndirməyə əsaslanır; laborator və ya görüntüləmə müayinələri əlavə məlumat təmin etməyəcək. Bununla birlikdə, heç bir başqa nevroloji vəziyyət bu tipli simptomlar mənzərəsi yaratmadığı üçün, diaqnozun qoyulması adətən çətinlik törətmir.
- Klinik mənzərə tam tipik deyilsə, məsələn, yaddaş itkisindən əlavə pasiyent digər nevroloji simptomlar nümayiş etdirir və ya nevroloji müayinədə tərəflər arasında fərqlər və ya birtərəfli anomaliyalar aşkar olunur, və ya epizod 24 saatdan çox sürür yaxud residivləşirsə, müvafiq əlavə müayinələrin aparılması, məsələn, başın görüntüləmə müayinələri və/və ya EEQ nəzərdən keçirilməlidir.
Müalicə və proqnoz
- Pasiyent xəstəxanada, adətən təcili yardım şöbəsində, yaddaş pozğunluqları aradan qalxanadək nəzarət altında saxlanılır.
- Real olaraq müalicəsi mövcud deyil, lakin durum spontan və tam şəkildə, 24 saat müddətində aradan qalxır. Bununla yanaşı, pasiyentin yaddaşında, amneziyanın davam etdiyi zaman çərçivəsinə müvafiq olaraq qalıcı bir boşluq saxlanılacaq.
- Bu durum pasiyent üçün adətən hər hansı narahatlığa səbəb olmur, lakin ailə üzvləri və ya pasiyenti müşayiət edənləri TQA-nın xoşxassəli təbiəti, onun adətən residivləşmədiyi və məsələn, beyin qan dövranı pozğunluğu üçün risk təşkil etmədiyi barədə məlumatlandırmaq lazımdır.
- Yaddaşın pozulması, pasiyentlərin sadəcə kiçik bir hissəsində təkrarlanır. Bu hallarda vəziyyət fərdi yanaşma və göstəriş olduqda, alternativ diaqnozların istisna olunmasını gərəkdirir.
Müvafiq resurslar