Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
BCG peyvəndi

Mündəricat

BCG peyvəndi

EBM Klinik protokolları
06.03.2017 • Sonuncu dəyişiklik 06.03.2017
EevaSalo

Qeyd: bu məqalə Fin peyvənd proqramı əsasında tərtib olunub.

Əsas müddəalar

  • BCG (Bacillus Calmette–Guérin) peyvəndi uşaq vərəminin ağır formaları, meningeal və miliar vərəmə qarşı yaxşı qoruma təmin edir. Vərəmin digər formalarına qarşı onun effektivliyi xeyli aşağıdır.
  • Kiçik körpələrdə, vərəmə yoluxduqdan sonra ağır xəstəliyin inkişaf etməsi ehtimalı daha böyükdür, bu səbəbdən, məsələn, Finlandiyada yenidoğulmuşlara, zəruri hesab edildiyi hallarda vaksinasiya aparılır. Finlandiyada yeddi yaşdan yuxarı uşaqlar peyvənd olunmur. 

Vaksinasiya

  • Hamiləlik müddətində, qadın məsləhətxanası heyəti tərəfindən uşağa BCG peyvəndi vurulmasına ehtiyac olub-olmayacağı dəyərləndirir.
  • Peyvənd doğum evində vurulur.
  • Daha yuxarı yaşlı uşaqda BCG vaksinasiyası aparılmasına ehtiyac yarandığı halda, peyvənd  ixtisaslaşmış səhiyyə müəssisəsində uşaq poliklinikası həkiminin göndərişi əsasında həyata keçirilə bilər.
  • Altı aylıqdan kiçik körpələr, uşağın vərəmlə kontaktı qeyd edilmirsə, öncədən tuberkulin dəri sınağı aparılmadan peyvənd edilə bilər. Əksinə, uşaq altı aylıqdan böyükdürsə, o vaxtadək vərəmə yoluxmamasından əmin olmaq məqsədilə vaksinasiyadan əvvəl tuberkulin dəri sınağı və ya IGRA testi həyata keçirilir.
  • BCG vaksinasiyası 7 yaşdan kiçik uşaqlar üçün aşağıdakı hallarda tövsiyə olunur
    • anası, atası, bacısı ya qardaşı, yaxud uşağın birgə yaşadığı istənilən şəxsdə bir zaman vərəm diaqnostika olunmuşsa
    • uşağın özü və ya onun anası, atası, bacısı ya qardaşı, yaxud uşağın birgə yaşadığı istənilən şəxs vərəmin geniş rast gəlindiyi ölkədə doğulubsa
    • uşağın növbəti 12 ay ərzində, vərəmin geniş rast gəlindiyi hər hansı ölkədə bir aydan uzun zaman keçirəcəyi gözlənilirsə
    • uşağın özü Finlandiyada dünyaya gəlmiş, lakin valideynləri Estoniyada doğulmuşsa (valideynlərdən biri və ya hər ikisi), valideynləri mütəmadi olaraq Estoniyaya səfər edirsə və ya uşağın Estoniyaya köçməsi planlaşdırılırsa
  • Həmçinin uşaqda BCG vaksinasiyasının aparılması, onun mütəmadi və sıx kontaktda olduğu hər hansı şəxsin aşağıda göstərilən şərtlərə uyğun gəlməsi halında təklif edilməlidir
    • əslən vərəmin geniş rast gəlindiyi ölkədəndir
    • vərəm xəstəliyinə yoluxmuşdur
    • anamnezində vərəm xəstəsi ilə sıx təmas qeyd edilir
    • vərəmli pasiyentlərə xidmət göstərir və ya öz işi ilə əlaqədar hər hansı digər formada vərəmli xəstələrlə mütəmadi və sıx şəkildə təmas edir.

Normal vaksinasiya reaksiyası

  • BCG peyvəndi diri bakteriyalardan hazırlanmışdır. 2 - 6 həftə sonra vaksinasiya sahəsində sol yuxarı bazu nahiyəsində bərkləşmə yaranır. Bu bərkləşmə xoralaşır və daha sonra bir neçə həftə müddətində yaradan ifrazat xaric olunur. Reaksiya çapıqlaşma ilə sona yetir, bu da müvəffəqiyyətli vaksinasiyanın göstəricisidir.
  • Yaradan ifrazatın müşahidə edildiyi halda, vaksinasiya sahəsinin üzəri quru sarğı və ya təmiz köynəklə örtülməlidir. Vaksinasiya reaksiyası tez-tez regional limfa düyünlərinin yüngül dərəcəli böyüməsi ilə müşayiət olunur.
  • Sulanan dəri defekti və son nəticədə çapıq həmişə inkişaf etmir. Bununla bərabər, təkrari vaksinasiyalara ehtiyac yoxdur.

Atipik vaksinasiya reaksiyaları

  • Vaksinasiya sahəsində ifrazatın gəlməsi müddətinin uzanması
    • Adətən müalicə tələb edilmir, hətta ifrazatın gəlməsi, onun dayanmasından sonra yenidən başladığı halda belə.
    • Diametri 4 sm-dən böyük olan geniş reaksiyalar zamanı uşaq mütəxəssisə yönləndirilməlidir.
    • Xora ağrılı olarsa və ya hiperemiya getdikcə genişlənərsə, bu tipli ikincili infeksiya birinci sıra sefalosporin preparatı vasitəsilə müalicə edilə bilər. Buna çox az hallarda ehtiyac yaranır.
  • Regional limfa düyünlərinin, bazunun yuxarı hissəsində vaksinasiyanın ardınca adətən sol qoltuqaltı düyünlərin böyüməsi normal vaksinasiya reaksiyasının bir hissəsi olub, müayinələr yaxud müalicənin aparılmasını tələb etmir. Limfa düyünlərinin əllənə bilməsi çox zaman bir neçə il ərzində davam edir.
  • 1/500 –1 000 hallarda peyvənd limfadenitin inkişafına gətirir, bu da absesə qədər proqressivləşə bilər. Limfadenit həmçinin körpücüküstü çuxur və ya boyunda da yarana bilər. Bir neçə həftə və ya aylardan sonra böyümüş limfa düyünləri fluktuasiya edir, onların üzərini örtən dəri ilk olaraq qızarır, daha sonra göyümtül rəng alır və abses irinləməyə başlayır.
    • İrinləmə bir neçə həftə, hətta aylar davam edə bilər, lakin adətən öz - özünə aradan qalxır. İrinləmiş limfa düyünü ağrılı deyilsə, ətrafında hiperemiya yoxdursa və uşağın ümumi vəziyyəti yaxşıdırsa, sonrakı müayinələr və ya spesifik müalicə tələb edilmir.
    • Sviş yarandıqdan sonra, abses hər gün yüngülcə sıxmaqla boşaldıla bilər. Zaman keçdikcə, onun yerində qalan krater dibindən başlayaraq sağalır. Absesin yarandığı nahiyə bədənin digər hissələri kimi adi qaydada yuyula bilər, əlavə olaraq yuyulmaya və ya yerli müalicəyə ehtiyac duyulmur.  Xora ağrılı olarsa və ya hiperemiya getdikcə genişlənərsə, bu ikincili infeksiya birinci sıra sefalosporin vasitəsilə müalicə edilə bilər. Buna çox az hallarda ehtiyac yaranır. Belə vəziyyət uzun müddət davam edərsə və kraterdən ifrazatın xaric olunması bir neçə ay sürərsə, pasiyent pediatrik ambulator tibb mərkəzinə yönləndirilə bilər.
  • Disseminə olunmuş infeksiya BCG vaksinasiyasının əlavə təsiridir və vaksin istifadəsi zamanı təxminən 1/8 000 tezliyi ilə meydana çıxır. Ən çox rast gəlinən disseminə olunmuş infeksiya osteitdir.
    • Adətən BCG vaksinasiyasından təxminən bir il sonra meydana çıxan nadir, ağır əlavə reaksiyadır.
    • Simptomlara osteit sahəsində ağrı, palpasiyada ağrılılıq və şişkinlik aiddir.
    • Müalicənin mütəxəssisin iştirakı ilə aparılması zəruridir.
  • BCG vaksinasiyası ağır dərəcəli immunçatışmazlığı olan uşaqlarda həyati təhlükəli sistem infeksiyaya səbəb ola bilər.
  • Bütün anormal vaksinasiya reaksiyaları hallarında yoluxucu xəstəlik haqda bildiriş göndərilməlidir (milli normativlər və protokollara müvafiq).