İmpediqo və digər piodermiyalar
EBM Klinik protokolları
25.04.2018 • Sonuncu dəyişiklik 23.05.2017
PekkaAutio
Əsaslar
- Impetiqo ailə daxilində, bağçalarda və məktəblərdə asanlıqla yayıla bilən xəstəlikdir.
- Streptokok mənşəli impetiqo zamanı post-infeksion qlomerulonefrit ehtimalını nəzərinizdə saxlayın.
Klinik xüsusiyyətlər
- Xəstəlikdən ən çox uşaqlar əziyyət çəkir.
- Streptokok infeksiyası əsasən qabıq və ya kiçik yaralara səbəb olduğu halda, stafilokok infeksiyası qovuqcuq yaratmağa meylli olur.
- Körpələrdə müşahidə edilən pemfiqus ("Pemfigus neonatorum") (şəkil) əslində impetiqodur. İnfeksiya qızılı stafilokokların II qrup bakteriofaq ştamları (Faq tipləndirmədə bakteriofaqlar müxtəlif bakteriya ştamlarının identifikasiyası üçün istifadə olunur; bakteriofaqların bəziləri yalnız bir bakteriya ştamında çoxala bilir) tərəfindən törədilir.
- Qabıqlar əksərən burun dəliyi ətrafında, çənə dərisində, bir sözlə, əsasən üz nahiyəsində müşahidə olunur (şəkil).
- Qalın qabıqların olması xarakterik əlamət hesab edilir.
Differensial diaqnostika
- Birincili herpes simpleks infeksiyası impetiqonu xatırlada bilər.
- Tinea corporis (ringworm of the body- üzün, gövdənin, qol və ayaqların dermatofit infeksiyası)
- Əgər impetiqo başın dərisi və boyunda təkrarlanmağa meyllidirsə, baş bitinin mövcudluğu ehtimalını nəzərdən keçirin.
Patogen amillər
- Qızılı stafilokoklar (Staphylococcus aureus)
- A qrupu beta- hemolitik streptokoklar (şəkil)
- Ekzema dərini impetiqoya daha meylli vəziyyətə gətirə bilər.
- İnfeksiya əsasən avtoinokulyasiya (öz-özünə yoluxma-mikroorqanizmlərin başlanğıc infeksiya ocağından orqanizm daxilində digər bölgələrə yayılması) yolu ilə yayılır.
- Residivləşmə əsasən burnun qurcalanması zamanı burun dəliklərində qalan bakteriyaların yenidən orqanizmə yayılması nəticəsində baş verir.
Müalicə
- Müalicə klinik mənzərəyə əsasən başlanılır.
- Əgər xəstəlik kiçik bir sahədə məhdudlaşmışdırsa, müalicə qabıqların isladılıb yumşaldılaraq qoparılmasından və mikrob əleyhinə məlhəmin (tərkibi fuzidin turşusu və ya neomisin/ basitrasin kombinasiyasından ibarət olan məlhəmlər) tətbiqindən ibarət olur.
- Xəstəlik daha geniş sahəni əhatə etmişdirsə ( > 6 sm2), sistem təsirli antibakterial preparat, ilkin seçim olaraq da sefaleksin tətbiq edilməlidir. Bundan başqa, Staf. aureus-a qarşı effektiv olan digər antibakterial preparatlardan da istifadə oluna bilər: flukloksasillin 750-1000 mq dozada, gündə 3 dəfə; amoksisillin/ klavulan turşusu kombinasiyası 875/125 mq dozada gündə 2 dəfə olmaqla. Sefalosporinlərə qarşı allergik reaksiyası olan pasiyentlər klindamisinlə müalicə oluna bilər.
- Pasiyentdə ekzema mövcuddursa, dəri sağalana qədər qlükokortikoid və antibakterial tərkibli yerli preparatlar istifadə edilməlidir.
- Ekzemanın sonrakı müalicəsini unutmayın.
- Xəstəliyin müalicəyə zəif cavab verməsinin ən əsas səbəbləri
-
- Səhv diaqnoz qoyulmuşdur. Xəstədə qoturluq (scabies), bit və ya tinea corporis (ringworm- üzün, gövdənin, qol və ayaqların dermatofit infeksiyası) mövcuddur.
- Qabıqlar isladılmamış və qoparılmamışdır. Bakteriyalar qabıqların altında sağ qalıb yaşaya bilər.
- Əsas xəstəlik olan ekzema müalicə edilməmişdir.
- Burun dəlikləri bakteriyalar üçün rezervuar rolunu oynayır (neomisin-basitrasin və ya fuzidin turşusu tərkibli məlhəmi burnun içərisinə tətbiq edin.
- Mupirosin bu xəstəlik üçün istifadə edilməməlidir, belə ki, onun istifadəsi metisillinə davamlı qızılı stafilokokların (MRSA-Methicillin-resistant Staphylococcus aureus) məhv edilməsi ilə məhdudlaşdırılmalıdır.
Adiyyatı mənbələr
- Digər internet mənbələri
- Ədəbiyyat