Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Antineoplastik dərmanların əks təsirlərinin müalicəsi

Mündəricat

Antineoplastik dərmanların əks təsirlərinin müalicəsi

EBM Klinik protokolları
04.05.2017 • Sonuncu dəyişiklik 04.05.2017
RistoJohansson

Əsasları

  • Xərçəng hüceyrələri üzərində gözlənilən effekti almaq məqsədilə sitostatik dərmanlar bədənin tolerantlıq göstərə biləcəyi ən yüksək dozada tətbiq edilir. Bu zaman bədənin digər hüceyrələrinin zədələnməsi digər dərmanlarla müqayisədə daha önəmli əks təsirlərin yaranmasına səbəb olur.
  • Sitostatik dərmanlar ürəkbulanmaya, hematoloji dəyişikliklərə, saç tökülməsinə, neyropatiyaya, ürək əzələsinin, ağciyər, qaraciyər və böyrəyin  zədələnməsinə və eləcə də dərman maddəsinin infuziya zamanı dərialtı toxumaya daxil olması nəticəsində dəri reaksiyalarının meydana gəlməsinə səbəb olur.
  • Sitostatik dərmanlarla müalicəyə başlamazdan əvvəl aşağıdakıları yoxlamaq lazımdır: differensial leykosit sayının da daxil olduğu avtomatlaşdırılmış ümumi qan analizi, müvafiq böyrək və qaraciyər funksiyaları və eləcə də -bəzi sitostatik dərmanlarla əlaqədar olaraq - ürək və sinir sisteminin müvafiq funksiyaları. Dərman kombinasiyasından asılı olaraq bu laborator analizlər ən azından yeni müalicə kursunun başlamasından əvvəl müntəzəm olaraq təkrarlanır.
  • Antineoplastik dərmanlar uzun müalicə kursları zamanı çox zaman oral yolla tətbiq edilir. Bu zaman isə qanın ümumi analizinə, böyrək və qaraciyər funksiyalarının müntəzəm şəkildə yoxlanmasına ehtiyac duyulur. Bu dərmanların bəziləri həmçinin dəri dəyişikliklərinə, ürək və ya nevroloji simptomlara səbəb olur (cədvələ bax). Bu əks təsirlərin diaqnostikası və müalicəsi xəstəxananın onkologiya şöbəsində həyata keçirilir.
  • Oral antineoplastik dərmanların əks təsirləri müəyyən həddə qədər dərmanın dozasının uyğnlaşdırılması ilə tənzimlənə bilər.
  • Əksər sitostatik dərmanlar düşüklərə və döl problemlərinə səbəb ola bilər, buna görə də doğuşa nəzarət konsultasiyası və kontrasepsiya məsələlərinə mütləq diqqət yetirilməlidir.
Oral antineoplastik dərmanların xüsusi əks təsirləri. Sitostatik agentlərin ümumi əks təsirləri və təhlükəsizlik tədbirləri həmçinin oral antineoplastik dərmanlara da tətbiq edilir.
Antineoplastik dərmanlar Xüsusilə müşahidə etmək
*Əl-ayaq sindromu; palmoplantar eritrodisesteziya və eksofoliativ dermatit
Sitostatik agentlər
Metotreksat Qaraciyər və böyrək funksiyalarının pozulması
Xlorambusil Gecikmiş əks təsir kimi miyelodisplaziya və leykemiya
Estramustin fosfat İmpotensiya, ginaekomastiya, ürək simptomları
Lomustin Qan dəyərlərinin 4-6 həftə sonra qeydə alınan azalması
Azatioprin İnfeksiyaya və mədə-bağırsaq problemlərinə meyllik
Siklofosfamid Hemorraqik sistit, ürək zədələnməsi, hepatotoksiklik, qarın ağrısı
Hidroksikarbamid İshal, stomatit, MSS simptomları, dəri səpməsi
Temozolomid MSS simptomları, dəri səpməsi, iştahanın itməsi, qəbizlik
İdarubisin Ürək simptomları, stomatit, dəri səpməsi, sidiyin qırmızıya çevrilməsi
Karmofur Qarın ağrısı, ishal, əzələ zəifliyi
Kapesitabin Əl-ayaq sindromu*, ishal, stomatit, ürək simptomları
Vinorelbin İshal, iştahanın itməsi, neyromotor pozuntular, qəbizlik
Mitotan Adrenal çatışmazlıq, nevroloji simptomlar
Lenalidomid Teratogenlik, dölün normal inkişafının pozulması
 Tirozin kinaza inhibitorları
İmatinib Dəri səpməsi, şişkinlik, baş ağrısı, nevroloji simptomlar, ağrı
Sorafenib İshal, dəri səpməsi, əl-ayaq sindromu*, qanaxma, yorğunluq
Sunitinib  Dəri səpməsi, əl-ayaq sindromu*, ishal, stomatit, yorğunluq, ürək simptomları
Erlotinib Dəri səpməsi, ishal, dispnoye, yorğunluq, iştahanın itməsi

Ürəkbulanma və qusma

  • Müxtəlif antineoplastik dərmanlar və onların kombinasiyası müxtəlif dərəcəli ürəkbulanmaya səbəb olur. Bəzi dərmanlar xəstələrə plasebodan artıq təsir etmir, lakin sisplatin, doksorubisin və dakarbazin kimi əksər problemli dərmanlar demək olar ki, bütün xəstələrdə ürəkbulanmanın səbəbiolur. 
  • Kəskin ürəkbulanma və ya qusma hələ dərmanın infuziyası zaman və ya infuziyadan sonra 2-6 saat ərzində başlayır. Metoklopramidin 20 mq yüngül emetogenik dərmanlarla birlikdə, daha çox emetogenik dərmanlarla isə antineoplastik dərmanların infuziyasından 30-60 dəqiqə əvvəl venadaxili olaraq yeridilən serotonin 5-HT3-reseptor antaqonistləri (ondansetron 8 mq, tropisetron 5 mq və ya qranisetron 3 mq) birlikdə ürəkbulanmanın qarşısının alır. Yanaşı olaraq glükokortikoidlərin yeridilməsi (deksametazon 10mq, venadaxili) müalicə effektini daha da artırır.
  • Gündə üç dəfə 10-30 mq metoklopramid uzanmış və gecikmiş qusmalarda (antineoplastik dərmanların infuziyasından sonra 2-6 gün ərzində) effektiv sayılır, zərurət yarandıqda qlükokortikoidlərlə birlikdə tətbiq edilir. Metoklopramid müalicəsinin effektiv olmadığı hallarda serotonin 5-HT3-reseptor antaqonistlərinin (həmçinin oral tətbiqi mümkündür) tətbiqini sınamaq olar. Aprepitantın və eləcə də uzun təsirli serotonin antaqonistlərinin müalicəyə əlavə edilməsini sınamaq olar.
  • Anksiolitik dərmanlar gözlənilən ürəkbulanmanın qarşısını alır (yalnız müalicə qorxusu, məs. qoxu və ya xəstəxananın mənzərəsi, ürəkbulandırmanın başlaması üçün kifayətdir), məsələn, lorazepam 1-5 mq p.o. və ya hətta xəstəxanaya qəbulundan bir neçə saat əvvəl benzodiazepinin  ə.d. inyeksiyası.

Qan sitopeniyaları

  • Güclü antineoplastik müalicələr leykopeniyaya, trombositopeniyaya və hətta anemiyaya səbəb olur. Bu hallar adətən 1-3 həftə ərzində, anemiya isə bir neçə aylar ərzində meydana gəlir.
  • Neytropeniya infeksiyanın artmış riski ilə müşayiət olunur. Koloniyastimulyasiyaedici amillərlə müalicə riski azaldır. Ən yaxşı effekti müalicəyə antineoplastik infuziyadan sonra 24-48 saat ərzində başlanıldıqda, qan dəyərlərinin hələ norma daxilində olması zamanı almaq olur. Uzanmış neytropeniya halında koloniyastimulyasiyaedici amil daha sonra tətbiq edilə bilər. Əvvəl ağ qan hüceyrələri azalmağa davam edir, lakin müalicənin 6-14 günü ərzində dəyərlər düzəlməyə başlayır. Ağır qan sitopeniyaları zəruri hallarda xüsusi baxım şöbəsində sümük iliyi və ya kök hüceyrə transfuziyasının tətbiqi ilə müalicə edilir.
  • Trombositopeniya hemorraqiyaya dəlalət edən aşkar riskin olması halında trombosit transfuziyası yolu ilə müalicə olunur. Daha çox spontan remissiyanın baş verməsi gözlənilir. Trombopoyezi stimulyasiya edən amillər araşdırılır.
  • Anemiya qırmızı qanın transfuziyası yolu ilə müalicə edilir. Əgər müalicəyə cavab qənaətbəxş sayılmırsa və anemiya xəstənin vəziyyətinə təsir göstərirsə, əlavə olaraq eritropoyetin məhsullarından  istifadə etmək olar. Lakin bu, ölüm ehtimalını artıra bilər.

Saç tökülməsi

  • Saç tökülməsi antineoplastik dərmanların geniş yayılmış yanaşı təsiridir. Digər antineoplastik dərmanın seçilməsi bəzən bu halın qarşısını ala bilir. Sitostatiklərin infuziyası zamanı xüsusi soyuducu papaqların tətbiqi alopesiyanı azalda və ya sürətini aşağı sala bilər.
  • Saç birinci antineoplastik infuziyadan 3-5 həftə sonra tökülməyə başlayır və adətən müalicənin dayandırılmasından sonra yenidən çıxmağa başlayır. Saç adətən 3-4 ay ərzində o qədər sıx çıxır ki, xəstənin parikdən istifadə etməyə ehtiyacı qalmır.

Orqan-spesifik zədələnmələr

  • Antrasiklinlər (doksorubisin və epirubisin) miokardın zədələnməsinə səbəb olur. Kumulyativ doza aşağıda saxlansa, zədələnməyə nadir hallarda təsadüf etmək olar. Bəzən zədələnməni yalnız aylar və ya illər keçəndən sonra müşahidə etmək olur.
  • Flüorourasil və kapesitabin stenokardiya (angina pectoris) simptomlarına səbəb ola bilər.
  • Bleomisin, busulfan, mitomisin və metotreksat ağciyərləri zədələyə bilər. Bu vəziyyətləri limfangit karsinomatoz (şəkil) kimi xərçəng səbəbindən meydana gələn dəyişikliklərdən və infeksiyalardan differensasiya etmək adətən çətin olur. Bleomisinlə müalicə kursundan sonra ağciyər zədələnməsinin qarşısını almaq məqsədilə xüsusilə anesteziya zamanı xüsusi tədbirlər həyata keçirtmək lazımdır. 
  • Xüsusilə sisplatin və yüksək dozalı ifosfamid və ya metotreksat böyrəkləri zədələyə bilər.
  • Venadan sızan bir çox antineoplastik dərman maddələri toxuma zədələnməsinə səbəb olur. Zədə uzun müddət ərzində proqressivləşə bilər və zədələnmiş toxumanın geniş sahəli cərrahi kənarlaşdırılması tələb oluna bilər. İnfuziya zamanı ağrını (əgər venadan kənar dərman maddəsinin təsirindən yaranmayıbsa) infuziya sürətini aşağı salmaqla və ya irriqasion məhlulla yüngülləşdirmək olar. Flüorourasil hətta intravenoz yolla düzgün qaydada tətbiq edildiyi zaman venaların aşkar şəkildə rəngsizləşməsinə səbəb olur.
  • Vinkristin, oksaliplatin, sisplatin və taksanes kimi bəzi antineoplastik dərmanlar parasteziyalı periferik neyropatiyaya, əzələ ağrısı və zəifliyə, ağrıya, taktil ağrıya və ya soyuğa qarşı həssaslığa səbəb olur. Adətən simptomlar barmaqlardan başlayır.
  • Yüksək dozada siklofosfamid və ifosfamid sidik kisəsinin qıcıqlanmasına səbəb olur. Bu halın qarşısını uromiteksan ilə almaq olar (mesna).
  • Bir çox dərmanlar selikli qişaların zədələnməsinə, qaraciyərin disfunksiyasına, elektrolit balansının pozulmasına, funksional ürək simptomlarına və allergik reaksiyalara səbəb olur. Dərmanın əks təsirləri, əsas xəstəliyin proqressivləşməsi və ya digər komorbidlərlə differensasiya etmək adətən çətin olur.
  • Bəzi sitostatik dərmanlar və anticisimlər palmoplantar eritrodizesteziyaya səbəb olur, məsələn, əlin və ayağın altında (palmar və plantar dəri) eritema, ağrı və hiperhəssaslığa səbəb olur. Ən son halda bu, ağrılı xoralaşmaya və aşınmaya səbəb ola bilər.

 

Adiyyatı mənbələr

 

  • Koxran nəzəriyyələri
  • Digər dəlillər icmalı
  • Ədəbiyyat