Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Hamiləliyin gec dövrlərində qanaxma

Mündəricat

Hamiləliyin gec dövrlərində qanaxma

EBM Klinik protokolları
18.06.2018 • Sonuncu dəyişiklik 07.08.2018
MikaNuutila

Əsas məqamlar

  • Qanaxması olan hamilə qadında ginekoloji müayinə aparmayın.
  • Bütün hallarda hamiləliyin gec dövrlərində vaginal qanaxması olan qadın dərhal doğum evinə göndərilməlidir. Gərəkli olduqda, müvafiq mütəxəssislərin konsultasiyasını alın.

Qanaxmanın ən çox rast gəlinən səbəbləri

  • Doğuşun başlanması, uşaqlıq boynunun yığılmaları və açılması ilə əlaqədar qanaxma.
  • Yaxınlarda keçirilmiş ginekoloji müayinə ilə əlaqədar qanaxma
  • Cinsi əlaqədən sonra qanaxma
  • Uşaqlıq boynu polipi ilə əlaqədar qanaxma
  • Travma nəticəsində qanaxma (bax Ciftin vaxtından əvvəl qopması)
  • Vaginit nəticəsində selikli qişaların qanaması
  • Cift gəlişi
  • Ciftin vaxtından əvvəl qopması.

Müayinələr

  • Detallı anamnezin toplanması önəmlidir. Bimanual müayinədən çəkinin; gərəklidirsə, sadəcə güzgü ilə müayinə aparın.
  • Dölün durumunu kontrol edin: Doppler və ya ultrasəs müayinəsi ilə ürək vurğularının mövcudluğundan əmin olun.
  • Qanaxma güclüdürsə, venadaxili kanyula yerləşdirin və dərhal pasiyenti təcili yardım maşını ilə, həkim müşayiəti ilə stasionara göndərin.

Cift gəlişi

  • Zəmin yaradan amillərə daha əvvəl uşaqlıq üzərində keçirilmiş prosedurlar, məs., küretaj və keysəriyyə əməliyyatı aiddir.
  • Cift gəlişi aşağıdakı variantlar üzrə ola bilər
    • tam (uşaqlıq boynunun daxili əsnəyi tam obstruksiya edilmişdir),
    • natamam (daxili əsnək yalnız qismən obstruksiya edilmişdir) və ya
    • marginal (kənari) (cift daxili əsnəyə çatır).
  • Qanaxma adətən aşkar təhrik edən amil olmadan başlayır.
  • Axan qan al qırmızıdır və ana adətən ağrı hiss eləmir.
  • Doğum evində diaqnoz ultrasəs müayinəsi ilə təsdiqlənir və müalicə qərarları ana və dölün durumu, itirilən qanın miqdarı və gestasiya həftələrinin sayına əsaslanır.
  • Qanaxma xüsusilə güclü deyilsə, və həm ananın, həm də dölün vəziyyətləri yaxşıdırsa, xüsusən də, hamiləliyin sonu hələ yaxın olmadıqda, çox zaman sadəcə dinamik müşahidə aparılması haqda qərar verilir.
  • Qanaxma güclü olduqda və kontrol edilə bilmədikdə, keysəriyyə kəsiyi göstəriş sayılır (natamam və ya tam cift gəlişi).

Ciftin vaxtından əvvəl qopması (abruptio placentae)

  • Zəmin yaradan amillərə aiddir:
    • qarın nahiyəsinin travması
    • uşaqlığın həcminin qəfil kiçilməsi (məsələn, döl qişalarının cırılması ilə əlaqədar)
    • anada preeklampsiya və şəkərli diabet.
  • Risk alkoqol və narkotik vasitələrdən sui istifadə, siqaret çəkmə nəticəsində də, həmçinin əvvəlki anamnezində cift gəlişi və ya ciftin vaxtından əvvəl qopması olan pasiyentlərdə artır.
  • Simptomlar qopmanın miqyası və ağırlıq dərəcəsindən asılı olaraq dəyişir.
  • Ən çox rast gəlinən əlamət və simptomlara ağrı, uşaqlığın tonusunun artması və ağrılılığı aiddir.
  • Hətta müraciət zamanı anada şok simptomları müşahidə edildiyində, qanaxma kifayət qədər yüngül dərəcəli saxlanıla bilər (massiv retroplasental qanaxma).
  • Dölün EKQ müayinəsində hipoksiya əlamətləri görünəcək.
  • Klinik diaqnoz aparıcı önəm kəsb edir və ultrasəs müayinəsi adətən tələb edilmir.
  • Doğum evində aparılan müalicə adətən təxirə salınmadan, yaxud təcili qaydada icra edilən keysəriyyə əməliyyatından, həmçinin anada hemorragik şokun müalicəsindən ibarət olur.