Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Divertikulitlər və divertikuloz

Mündəricat

Divertikulitlər və divertikuloz

EBM Klinik protokolları
28.03.2017 • Sonuncu dəyişiklik 28.03.2017
IlmoKellokumpu

  • Divertikulitin konservativ müalicəsini başlamazdan əvvəl klinik mənzərəyə əsaslanaraq və zəruri hallarda əlavə müayinələr apararaq, xəstədə cərrhahi müdaxilə tələb edən bağırsaq keçməməzliyi və ya perforasiyası olub-olmadığı müəyyənləşdirmək lazımdır.
  • Aşağı qarın nahiyəsində uzunmüddətli və ya təkrarlanan simptomları olan xəstəni hərtərəfli yoxlamadan divertikuloz diaqnozu qoymayın (divertikul olması bilinən pasiyentdə abdominal simptomların digər səbəblərinin araşdırılmasından çəkilinməməlidir).

Simptomlar və əlamətlər

Divertikulitlər

  • Palpasiya zamanı adətən sol aşağı kvadrantda və ya bütünlüklə qarın nahiyəsində ağrı həssaslığı artmış olur.
  • Mülayim hərarət (adətən 38.5 ° C-dən aşağı) ola bilir.
  • Əksər hallarda EÇR və CRZ göstəriciləri artmış olur. CRZ 100 mq / litri aşarsa xəstə hospitalizasiya edilməlidir.
  • Diaqnoz müəyyən edilir:​
    • kəskin mərhələdə başlıca olaraq qarın nahiyəsinin KT-sı və ya
    • kəskin mərhələdə suda həll olunan maddələrlə distal kolonoqrafiya və ya
    • kəskin mərhələdən bir ay keçəndən sonra kolonoskopiya (xüsusən ağırlaşmış divertikulitdə - divertikul mövcudluğununun təyin edilməsi və kolerektal xərçəngin istisna edilməsi üçün).

Divertikuloz

  • Ümumiyyətlə asimptomatik olur.
  • Simptomlar qıcıqlanan bağırsaq sindromuna bənzəyir.
  • Divertikuldan olan qanaxma düz bağırsaqdan çıxan nəcisdə qanın görünməsinə səbəb ola bilər. Qanama çox ağırdırsa, xəstə qanaxmanın yerini təyin etmək üçün angioqrafiya imkanları olan və qanaxmanı radioloji müdaxilə və ya cərrahi əməliyyatla dayandıra bilmə şəraiti olan xəstəxanaya göndərilir.
  • Diaqnostika divertikulun və ya divertikulyar dəliyin olduğunu göstərən kolonoskopiya (video) əsasında həyata keçirilir.

Divertikulozun müalicəsi

  • Qəbizlik müalicə edilməlidir.
  • Lifli qidalarla zəngin pəhriz, ehtimal ki, xəstədə qəbizlik olub-olmamasından asılı olmayaraq, divertikulozun profilaktikası və müalicəsində faydalıdır.

Divertikulitlərin müalicəsi

  • Yüngül simptomları olan xəstələr poliklinikalarda müvəffəqiyyətlə müalicə edilə bilərlər.
  • Ağırlaşması olmayan divertikulitlər mikrob əleyhinə müalicə almadan da sağala bilərlər.
  • Əgər pasiyentdə hərarət, kəskin qarın ağrıları və peritonun qıcıqlanması aşkar edilərsə, o, xəstəxanaya yerləşdirilməlidir və damar daxilinə maye verilməlidir. Xəstədə ağırlaşma varsa, cərrahi müalicə göstərişdir.
  • Divertikulitlərin ağırlaşmaları olaraq, bağırsaq ətrafı və ya çanaq daxili abses (Hinchey mərhələləri I və II), perforasiya və peritonit (Hinchey mərhələləri III və IV) inkişaf edə bilər. Bundan əlavə, yoğun bağırsağın keçməməzliyi və ya fistula (məs.kolovezikal fistula) meydana gələ bilər.

Parenteral müalicə

  • Belə müalicə, peritonal qıcıqlanma olduqda, plazmada CRZ konsentrasiyası əhəmiyyətli dərəcədə artdıqda və ya KT-da ağırlaşmış divertikulit aşkar edilərsə göstərişdir.
  • İkinci nəsil sefalosporinlər məs., sefuroksim (cefuroxime) 1.5 q × 3 i.v. metronidazol (metronidazole) 500 mg × 3 ilə birlikdə seçim müalicəsidir.
  • Əgər divertikulitin konservativ müalicəsi müsbət nəticə vermirsə, potensial olaraq abses olmasını aşkar etmək, həmçinin absesin müalicəsini təmin etmək və dəri üzərindən drenaj qoymaq üçün, adətən qarın nahiyəsinin KT- sı tətbiq edilir.

Peroral müalicə

  • Yüngül hallarda istifadə edilə bilər.
  • Sefaleksin (cephalexin) 500 mq gündə 3 dəfə, doksisiklin (doxycycline) 150 mq gündə bir dəfə və ya siprofloksasin  (ciprofloxacin) 500 mq, gündə iki dəfə və metronidazol (metronidazole) 400 mq  gündə 3 dəfə; 10- gün ərzində.

Residivləşən divertikulitlər

  • Əksər hallarda ağırlaşması olmayan divertikulitlərin hətta residivləşən tutmaları konservativ müalicə edilə bilər.  
  • Cərrahi müdaxilə üçün göstərişlərə daxildirlər:
    • Ağırlaşması olan divertikulitlər (fistula, strikturalar)
    • Təkrarı xəstəlik vərəqəsi götürməyə məcbur edən, çox ağır simptomlarla keçən və residivləşən divertikulit tutmaları
    • Təkrarlanan xəstəlik məzuniyyəti almağa məcbur edən və ya divertikulitlə əlaqədar yaranan mental stress halları.

Müvafiq resurslar