Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Mədəciküstü ekstrasistolalar

Mündəricat

Mədəciküstü ekstrasistolalar

EBM Klinik protokolları
30.09.2018 • Sonuncu dəyişiklik 07.03.2017
PekkaRaatikainen

Tərifi

  • Mədəciküstü (qulaqcıq) ekstrasistola (QES, MÜES, QEE) normadan əvvəl meydana çıxan və mənşəyini sinoatrial düyündən kənarda, qulaqcıqların hər hansı birindən götürən ürək vurğusudur.
  • Qulaqcıq ekstrasistolası zamanı P dişi normal sinus-mənşəli ürək yığılmasında olduğundan fərqlənir, QRS kompleksi isə adətən normal ritm halında qeyd edilənlə eynidir. 

Yayılması və kliniki əhəmiyyəti

  • Qulaqcıq ekstrasistolaları həm sağlam şəxslərdə, həm də ürək xəstəliyi olan pasientlərdə meydana çıxır.
  • Ümumilikdə populyasiyada, yaşın artması ilə daha çox rast gəlinirlər. 60 yaşdan yuxarı yaş qrupunda populyasiyanın 20%-də 24 saat ərzində 100-dən artıq ekstrasistola və 5%-də 24 saat ərzində 1 000-dən çox  ekstrasistola baş verir.
  • Ürəyi sağlam olan fərdlərdə, qulaqcıq ekstrasistolaları adətən zərərli deyil, lakin ürək xəstəliyi və ya ciddi sistem xəstəliyi olan pasientlərdə onların qəfil meydana çıxması və ya artması əsas xəstəliyin ağırlaşmasının əlaməti ola bilər.
  • Ambulator EKQ monitorinqi zamanı tez-tez erkən qulaqcıq ekstrasistolalarının (P-T-üzərində fenomeni) qeyd olunması, qulaqcıqların fibrilyasiyasının mümkünlüyünə işarə edə bilər (şəkil ).

Müayinələr və müalicə

  • Pasientdən anamnezin toplanması və diqqətli klinik müayinə müalicənin vacib hissəsini təşkil edir. Daha spesifik kardioloji müayinələrə ehtiyac, adətən yalnız pasientin əsas xəstəliyinin diaqnostika və ya müalicəsi bunu tələb etdikdə, yaxud ciddi bir ürək xəstəliyi haqda fikir yaradan nəticələr əldə olunduğu zaman yaranır.
  • Qulaqcıq ekstrasistolaları adətən zərərsiz olsa da, uğurlu müalicə nöqteyi-nəzərindən, onların səbəb olduğu narahatlıqların həkim tərəfindən diqqətsiz qalmaması vacibdir (yaxşı həkim-pasient münasibətləri).
  • Əksər hallarda, pasientdə aritmiyanın xoşxassəli təbiətinin aydınlaşdırılması və meyllik yaradan amillərin (məs., qəhvə, energetik içkilər, siqaret çəkmə, alkoqol, dərman preparatları, stres, gec saatlara qədər oyaq qalma, qalxanabənzər vəzi funksiyası pozulmaları və elektrolit balansının pozulması) aradan qaldırılması yetərlidir.
  • Qulaqcıq ekstrasistolaların əlamətləri çox qabarıq olduqda antiaritmik dərman preparatları  təyin oluna bilər .
    • İlkin tibbi yardım məqsədilə birinci növbədə beta-blokator sinfi dərman preparatı nəzərdə tutulmalıdır. Bəzi hallarda verapamil  və ya diltiazemum də tətbiq oluna bilər.
    • İxtisaslaşdırılmış tibbi yardım səviyyəsində, ən problemli hallarda həmçinin Flecainide və ya digər antiaritmik preparatlar istifadə edilə bilər.
    • Ekstrasistolalar qulaqçıq taxikardiyası və ya qulaqçıq fibrilyasiyasına güclü meylliklə assosiasiya olunduğu halda kateter ablasiyası göstəriş sayıla bilər
    • Müalicənin effektivliyi sakitlik vəziyyətində EKQ, Holter monitorinqi, bəzi hallarda həmçinin fiziki gərginlik fonunda EKQ müayinəsi vasitəsilə dəyərləndirilə bilər.