Şiddətli diş ağrısında ilk yardım
EBM Klinik protokolları
16.04.2018 • Sonuncu dəyişiklik 24.03.2017
KyöstiOikarinen
Əsas məqamlar
- Ümumi praktika həkimi (ailə həkimi) diş ağrısının səbəbindən asılı olmayaraq ilkin yardım göstərə bilər. Müalicə imkanlarına sistem analgetiklər və antimikrob preparatları, yerli müalicələr, yerli anestetiklər və ya bunların kombinasiyaları daxildir.
- Həkim-stomatoloqla konsultasiya mümkün olmadıqda ümumi praktika həkimi dişin ekstraksiyasından və ya əməliyyatdan sonrakı ağrını və iltihabı müalicə edə bilər. Kəskin mərhələnin müalicəsindən sonra bütün digər hallar həkim-stomatoloqa göndərilməlidir.
Dentin ağrısı
- Ağrı mexaniki (hava axını), termiki (soyuq) və ya fiziki (şirin) ilə provakasiya olunur.
- Dentin ağrısının ən tipik səbəbi kariyesdir. Digər adəti səbəblərə diş qırılması və məsələn,şiddətli diş fırçalanması və ya diş ətində əməliyyat nəticəsində diş ətinin kiçilməsinə görə diş kökünün səthində dentin borucuqlarının üzərinin açılması aiddir.
- Qastroezofageal reflüks xəstəliyinin ilk oral simptomlarından biri diş ağrısı ola bilər.
- Diş plomblamadan sonra ağrının kariyes və ya dentin borucuqlarının üzərinin aşılması nəticəsində törənənə oxşamaqla ağrılı ola bilər.
Müalicə
- Pasiyentə məsləhətlərin verilməsi. Diş pastaları dentin borucuqların üzərinin açılmasından sonra olan simptomları aradan götürür. Apteklərdə həssas diş kökləri səthlərinə tətbiq edilə bilən çeşidlər mövcuddur.
- Həkim-stomatoloq üzəri açılmış dentin borucuqlarını flüorid və ya kalsium-hidroksid pastası ilə laklaya bilər. Diş kökündə kariyes və ya irəliləmiş aşınmaların müalicəsi adəti dolqular vasitəsi ilədir.
- Dişin plomblamasından sonra baş verə bilən kəskin ağrılar (zoqqultulu ağrı) bir neçə gün ərzində çəkilir. Bu müddət ərzində diş həssasdır və pasiyent qıcıqlandırıcı qidalardan, içkilərdən (şirin, soyuq və ya isti) qaçınmalıdır.
Pulpit
- Pulpitə ən çox səbəb diş pulpasına (özəyinə) irəliləmiş kariyes olur. Lakin pulpit, məsələn, diş travması nəticəsində də baş verə bilər.
- Pulpit isti ilə provokasiya olunan, soyuq qıcıqlandırıcı ilə aradan qalxan kəskin, şiddətli və pulsasiya edən ağrıya səbəb olur. İlkin olaraq ağrı bir dişdə lokalizə olunur, lakin sonradan daha diffuz ola bilər.
Müalicə
- Qeyri-steroid analgetiklər çox zaman qeyri-effektivdir. Adətən mərkəzi təsir göstərən analgetiklər seçim dərmanlarıdır. Bəzən periferik və mərkəzi təsir göstərən analgetiklərin bir kombinasiyası ən effektivdir.
- Yerli anesteziya ağrını dərhal aradan qaldırır.
- İnfiltrativ yerli anesteziya bütün yuxarı dişlərdə və aşağı çənənin ön hissəsində kiafayətdir.
- Anestetik məhlul 1 ml selikli qişa altına, sümük və sümüküstlüyü üzərinə inyeksiya olunur.
- Aşağı şənədə böyük azı dişlərinə blokada ilə anesteziya tələb olunur. Adətən, blokada stomatoloq tərəfindən edilir.
- Stomatoloqlar tərəfindən ən çox istifadə edilən anestetiklərin tərkibinə damar daraldıcı bir vasitə (adrenalin və ya felipressin) ilə kombinasiyada prilokain, artikain və ya lidokain daxildir.
- Pulpektomiya və diş kökü kanalının müalicəsi stomatoloq tərəfindən aparılır. Stomatoloji kresloda ilk yardım müalicəsi diş tacından pulpa boşluğunun açılmasıdır. Bəzən okklüzion kontaktın şliflənməsi simptomları aradan qaldırır.
Periostit
- Buna səbəb periapikal osteitə inkişaf edən müalicə olunmamış pulpitdir. İrin sümüküstlüyündən yanağın yumşaq toxumalarına keçir. Bu isə ağız boşluğu dəhlizində palpasiya oluna bilən və palpator həssas bir şişkinliyə səbəb olur.
- Şiddətli ağrıya səbəb sümüküstlüyünün ayrılmasıdır. Ağrı dözülməz dərəcədə ola bilər.
Müalicə
- Adətən şırımda iti bir skalpellə absesin yarılması və drenajı aparıla bilər.
- Sistem antibiotiklər, əsasən penisillin (penisillin allergiyası olduqda isə makrolid)
- Geniş yayılmış diş absesi halında çox zaman hospitalizasiyaya (xüsusilə, pasiyentdə qızdırma və/və ya əgər, məsələn, ağzın açılmasının, yaxud hətta tənəffüsünün pozulması ilə prosesin daha geniş yayılması varsa) ehtiyac vardır.
Perikoronit
- Perikoronitə səbəb adətən aşağı üçüncü azı dişi olmaqla tam üzə çıxmamış (çıxmaqda olan) dişin tacının ətrafındakı yumşaq toxumalardakı bakterial iltihabdır.
- Simptomlara şişkinlik, ağrı, iy, ağzın açılmasının məhdudlaşması və infeksiyanın ümumi simptomları aiddir.
Müalicə
- Perikoronit ilkin mərhələdə həmişə antibiotiklərlə (ilk növbədə penisillin; penisllinə allergiya halında isə makrolid) müalicə edilir.
- Əgər ağrıya və ya təkrarlanan infeksiyalara səbəb olursa, tam üzə çıxmamış üçüncü azı dişi ekstraksiya olunmalıdır.
- Əgər çənənin əks tərəfindəki yumşaq toxumaları mexaniki qıcıqlandırmaqla problemlərə səbəb olursa, bəzi hallarda ilk yardım antaqonist üçüncü azı dişinin çıxarılmasından ibarət ola bilər.
Bruksizm/dişlərin qıcırdılması
- Bruksizm pulpitlə yaranana bənzər diş ağrısına səbəb ola bilər.
- Simptomlar çeynəmə əzələlərinin qeyri-adi ciddi gərginliyinin nəticəsi olub bir dişi və ya eyni zamanda bir neçə dişi cəlb edə bilər.
Müalicə
- Dişlərin gecə vaxtı qeyri-fizioloji qıcırdılmasının qarşısını almaq üçün stomatoloqlar tərəfindən bir okklüzion şina gecələr dişlərə taxılır.
- Stomatoloq tərəfindən dişlərin seçmə şliflənməsi ilə okklüziya tənzimlənməsi aparılır.
Diş çıxarılmasından sonra şiddətli ağrı, quru diş yuvası
- Ağrı ən çox aşağı azı dişlərinin, xüsusilə ağıl dişlərinin çıxarılmasından sonra olur və ekstraksiya yuvasında laxtalanma pozulması nəticəsində baş verir.
- Bu quru alveolit diş çıxarılmasından sonrakı üçüncü və ya dördüncü gün əhəmiyyətli dərəcədə intensivləşən və periferik təsir göstərən analgetiklərə cavab verməyən ağrı ilə xarakterizə olunur.
Müalicə
- Simptomlu ekstraksiya yuvası bol miqdarda fizioloji məhlulla yaxalanmalıdır. Lakin diş yuvasının müxtəlif dezinfeksiya və anestetik vasitələrlə tamponadası daha tövsiyə edilmir. Simptomlar sakitləşənə kimi yaxalanma hər gün təkrarlana bilər.
- Bəzi hallarda nekrotik sümük qatının xaric edilməsi və diş yuvasının revitalizasiyası tələb olunur. Bu prosedur üçün pasiyent stomatoloqa göndərilməlidir.
- Əgər pasiyentdə infeksiya simptomları varsa sistemli antimikrob terapiyasına ehtiyac vardır.
- Ekstraksiyadan sonrakı normal ağrı adətən periferik təsir göstərən ilithab əleyhinə dərmanlarla idarə edilə bilər. Lazım olduqda mərkəzi təsir göstərən analgetiklər təklikdə və ya periferik təsir göstərən dərmanlarla birgə kombinasiyada istifadə edilə bilər.
Müvafiq resurslar