Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Üz skleti sümüklərinin sınıqları

Mündəricat

Üz skleti sümüklərinin sınıqları

EBM Klinik protokolları
04.05.2017 • Sonuncu dəyişiklik 04.05.2017
KarinBlomgren HannaThorén

Əsasları

  • Üz skleti sümüklərinin sınıqları üzün görünüşündə dəyişikliklərə səbəb ola, həmçinin tənəffüs, danışıq, qida qəbulu, iy bilmə və görmə proseslərinə maneə törədə bilər.
  • Yuxarı tənəffüs yolları mənfəzinin daralması, üst və alt çənə sınıqları ilə əlaqədar olaraq yumşaq toxumaların arxaya doğru yerdəyişməsi prosesi kəskin tənəffüs çatışmazlığına səbəb ola bilər.
  • Fiziki zorakılıq (hücum halları), habelə yol və idman qəzaları ilə əlaqədar olaraq törənmiş xəsarətlər ən çox rast gəlinən səbəblərdir.
  • Qüvvətli zərbənin təsirindən yaranan (yüksək kinetik enerjili) travma ilə əlaqədar olaraq baş beyinin və ya onurğanın boyun şöbəsinin zədələnməsi ehtimalını nəzərinizdə saxlayın.
  • Diaqnoz kliniki müayinələr və vizualizasiya metodlarının nəticələrinə əsasən qoyulur.
  • Vizualizasiya metodlarının lazımsız yerə istifadəsindən çəkinin. Sadə (ənənəvi) üz rentgenoqramının interpretasiyası (şərh edilməsi) çətindir və onun nəticələri nadir hallarda müalicə taktikasına təsir göstərir.
  • Üz dərisinin hissiyyatında dəyişikliyin qeydə alınması qəti şəkildə üz sümüyü sınığının mövcudluğunu bildirir.
  • Zədənin dəqiq mexanizmi barəsində məlumat toplayın və qeyd edin.
  • Fiziki zorakılığın baş verdiyi hallarda pasiyenti bu vəziyyət barəsində danışmaq üçün cəsarətləndirin. Məişət zorakılığının davam etməsinin qarşısını almağa çalışın; pasiyenti sosial xidmətlər, sığınacaq evləri və telefon dəstəyi xidmətlərinin əlaqə məlumatları ilə təmin edin.
  • Üz sümüklərinin sınıqları ixtisaslaşdırılmış tibbi yardımın tətbiqi ilə müalicə olunur. Zədənin gecikmiş və ikincili bərpası çətin bir prosesdir.

Almacıq sümüyünün sınıqları  

Tripod (''üçayaq'') sınığı (almacıq-əng kompleksinin sınığı) 

Zədələnmənin mexanizmi

  • Yandan və ya öndən yanağa vurulan zərbə
  • Yıxılmaq

Klinik müayinə

  • Göz yuvasının (orbita) kənarlarının palpasiyası.
  • Yanaq çıxıntıları və almacıq qövslərinin inspeksiyası və palpasiyası.
    • Yanaq çıxıntılarının simmetriyası ən yaxşı formada xəstənin arxasında dayanaraq yuxarıdan baxıldıqda qiymətləndirilir.
  • Ağızın açılması və bağlanması
  • Dəri hissiyyatının yoxlanılması
  • Tripod sınığı zamanı bütün hallarda göz yuvası da prosesə cəlb olunduğu üçün aşağıdakıları da müayinə etməyi unutmayın
    • göz almasının vəziyyəti
    • göz almasının hərəkətləri

Müayinə nəticəsində aşkarlanan əlamətlər

  • Göz yuvasının yan divarında həssaslıq və ya yerdəyişmə ("step off"- pillələnmə, orbita divarlarının konturunda nahamarlıq. Alın-almacıq tikişi).
  • Göz yuvasının aşağı divarında həssaslıq və ya yerdəyişmə.
  • Ağız boşluğu daxilində üst çənənin ön divarında həssaslıq və ya yerdəyişmə (üst dodağın altından üst çənənin palpasiyası zamanı).
  • Ağızın məhdudlaşdırılmış açılışı
  • Yanaq çıxıntısının batıqlığı
  • Subkonyunktival hemorragiya
  • Yanaq, burunun yan tərəfləri, üst dodaq, üst dişlərin diş əti və ya kəsici dişlər nahiyyəsində dəri hissiyyatının azalması.

Vizualizasiya metodu

 

  • Üzün KT müayinəsi

Müalicə

 

  • Əgər sınıq üzün funksiyasında və ya görünüşündə narahatlıq törədən bir dəyişikliyə səbəb olarsa, zədənin baş verdiyi vaxtdan sonrakı bir həftə ərzində titan materialından hazırlanmış lövhələr və vintlərdən istifadə edərək sınığın reduksiyası (repozisiyası) və fiksasiyası həyata keçirilir.

Almacıq qövsünün (eng. zygomatic arch) sınıqları

  • Üzün yan tərəfindən almacıq qövsünə vurulan zərbə ilə törədilir.
  • Ağızın açılması məhdudlaşdırıla bilər və sınıq almacıq qövsündə bir batıqlıq kimi özünü göstərə bilər.
  • Bu sınıq saç xəttinin aşağısından almacıq sümüyünün altına yerləşdirilmiş bir elevatorla sümüyün başlanğıc vəziyyətinə qaldırılması yolu ilə müalicə olunur.

Göz yuvası (orbita) divarların izoləedilmiş sınığı ("blow-out" tipli sınıq)

Zədələnmənin mexanizmi

  • Göz yuvasına yumruq, dirsək, qolf topu ilə vurmaq kimi ağır zərbənin təsiri ilə yarana bilər.
  • Sərt orbital divarlar tamlığını qoruyur, lakin nazik aşağı və/ və ya orta divarda sınıq meydana gələcəkdir (bura orbita əsasının ən zəif sahəsidir).
  • Göz ətrafındakı yumşaq toxumalar əng cibinə (maksilyar sinus) və/ və ya etmoidal hava hüceyrələrinə daxil olur.

Simptomlar və müayinə zamanı aşkarlanan əlamətlər

  • Simptomlar müşahidə olunmaya bilər. Zədələnmənin mexanizmi bu tip zədənin baş verdiyini ağla gətirirsə, “blow-out” tipli sınıqdan şübhələnmək lazımdır.
  • Periorbital hematoma ("yenot gözləri"); göz qapaqlarının göyərməsi
  • Subkonyunktival hemorragiya
  • Yanaq, burunun yan tərəfləri, üst dodaq, üst dişlərin diş əti və ya kəsici dişlər nahiyyəsində dəri hissiyyatının azalması.
  • Çox vaxt yuxarı və aşağı baxma zamanı müşahidə olunan diplopiya
  • Əsasən yuxarı baxma zamanı ağrı və ya göz alması hərəkətinin məhdudlaşdırılması
  • Göz almasının arxaya doğru yerdəyişməsi
  • Bəbək səviyyəsinin aşağı enməsi

Vizualizasiya metodu

  • Orbital KT müayinəsi
  • Qeyd: Uşaqlarda kliniki cəhətdən əhəmiyyətli olan "yaşıl çubuq" sınığının ("greenstick fracture"- yaşıl ağac çubuğunu əydikdə necə tam sınmırsa, uşaqların elastiki sümük quruluşunun olması ilə əlaqədar onlarda da bənzər formada sümüklərin tam sınması baş verməyə bilər, yəni sümüyün bir hissəsi tamlığını qoruyaraq yarım sınıq meydana gələ bilər) baş verməsinə baxmayaraq vizualizasiya üsulları ilə əldə olunan nəticələr normal görünə bilər.

Müalicə

  • Estetik və ya funksional baxımdan narahatlığa səbəb olduğu təqdirdə sınıq şişkinlik yatdıqdan sonra müalicə olunur.
  • Prolaps olmuş yumşaq toxumalar yerinə qaytarılır və sınıq sahəsi sümüklə, titan materialdan hazırlanmış tor ilə və ya rezorbsiya oluna bilən (sorulan) lövhə ilə örtülür.
  • Qeyd: Göz əzələlərinin sıxılmasının və hərəkət məhdudiyyətinin qeydə alındığı təqdirdə sınıq mümkün qədər tez bir zamanda aradan qaldırılmalıdır. Uşaqlarda simptomatik “blow-out” tipli sınıqlar xarakterikdir.

Maksilyar (əng sümüyü) sınıqları

Klassifikasiya

 

  • Maksilyar sınıqlar sınıq səviyyəsinə görə Le Fort tipləri adlandırılan təsnifatda qruplaşdırılmışlar (şəkil).
    • Le Fort I sınığı: Əng sümüyünün aşağı üfüqi sınığı. Əng sümüyünün dişli sahəsi əng sümüyü cibi (maksilyar sinus) və burun əsası səviyyəsində üzün orta hissəsinin sümüklərindən ayrılır. Əng sümüyü qeyri-stabil (qeyri-stabil sınıqlar zamanı sümük fraqmentlərinin yerdəyişməsi mümkün olur) ola bilər.
    • Le Fort II sınığı: Əng sümüyünün piramidal sınığı. Sınıq xətti əng sinuslarının ön divarlarından və orbitadan burun kökünə keçir. Üzün orta hissəsinin sümükləri qeyri-stabil ola bilər.
    • Le Fort III sınığı: Sınıq xətti üzün yuxarı hissəsində orbitalardan və burun kökündən keçir. Üzün orta hissəsinin sümükləri kəllə əsasından ayrılır, yəni kəllə və üzün tam dissosiasiyası baş verir. Üzün orta hissəsinin sümükləri qeyri-stabil ola bilər.

Simptomlar və müayinə zamanı aşkarlanan əlamətlər 

  • Üst dodaq, burunun yan tərəfləri, üst dişlərin diş əti və ya üst dişlər nahiyyəsində dəri hissiyyatının azalması.
  • Okklüziyada (dişləm) sınığın növündən asılı olaraq müxtəlif tiplərdə rast gəlinən dəyişikliklər.
  • Sifətin orta hissəsində və/və ya ağızın selikli qişasında şişkinlik/ göyərmələr
  • Yuxarı çənəni irəli-geri hərəkət etdirdikdə üst çənə və ya bütövlükdə orta üz kompleksi qeyri-stabil ola bilər.
  • II və III tip Le Fort sınıqlarında prosesə hər zaman orbita da cəlb olunduğu üçün göz almasının vəziyyətində dəyişiklik, göz hərəkətlərinin məhdudlaşdırılması, həmçinin diplopiya kimi əlamətlər müşahidə edilə bilər.

Vizualizasiya metodu

 

  • Üzün KT müayinəsi

Müalicə

 

  • Estetik və ya funksional baxımdan narahatlığa səbəb olduğu təqdirdə bir neçə gün ərzində sınığın reduksiyası (repozisiyası), titan materialdan hazırlanmış lövhə və vintlərdən istifadə edilərək fiksasiyası həyata keçirilməlidir.

Alt çənənin (mandibulyar) sınıqları

Zədələnmənin mexanizmi

  • Alt çənəyə vurulan zərbə 
  • Yıxılmaq

Simptomlar və müayinə zamanı aşkarlanan əlamətlər

  • Alt dodaqda, alt çənənin ucunda, alt dişlərdə və ya alt dişlərin diş ətində hissiyyat pozğunluğu
  • Okklüziyada (dişləm) sınığın növündən asılı olaraq müxtəlif tiplərdə rast gəlinən dəyişikliklər.
  • Aşağı çənə hərəkətlərinin ağrılı olması və ağızın açılmasının məhdudlaşması.
  • Dəridə və/və ya ağızın selikli qişasında şişkinlik/ göyərmələr, palpasiya zamanı qeyd olunan həssaslıq
  • Sınıq xəttinə birləşik olan dişlərin boşalması, diş əti qanaması
  • Diş xəttində pillələnmə
  • Sınıq xəttinin qeyri-stabil olması
  • Xüsusilə alt çənənin oynaq hissəsinin hər hansı bir sınığı ilə əlaqədar olaraq: qulaq keçəcəyindən qanaxma, qulaq keçəcəyinin ön divarında göyərmələr

Vizualizasiya metodu

 

  • Pantomoqrafiya (panoram), ehtiyac olduqda başqa bir proyeksiyada da rentgenoqrafiya (əksərən alt çənənin yarım-aksial proyeksiyasında)

Müalicə

 

  • Müalicə demək olar ki, yalnız cərrahi yolla aparılır və yüksək infeksiya riskinə görə cərrahi əməliyyat hər zaman bir neçə gün içərisində icra olunmalıdır.

Adiyyatı mənbələr