Uşaqlarda boyun nahiyəsinin böyümüş limfa düyünləri və digər şişkinlikləri
EBM Klinik protokolları
21.08.2018 • Sonuncu dəyişiklik 21.08.2018
MerjaHelminen
Əsas müddəalar
- Boyun limfa düyünlərinin ikitərəfli böyüməsi əksər hallarda virus infeksiyası ilə əlaqədar olur.
- Limfa düyünlərinin birtərəfli böyüməsinə çox zaman A qrup beta-hemolitik streptokoklar səbəb olur.
- Limfa düyünləri birtərəfli böyüdükdə, ağrılı və ya eritematoz olduqda və ya ağız suyu vəzisi iltihaba uğradığı halda bakterial infeksiya ehtimalı yüksəkdir.
- Ümumi vəziyyəti pozulduqda, tənəffüsü çətinləşdikdə, limfa düyünü fluktuasiya etdikdə və ya böyük ölçülü və qeyri - adi lokalizasiyalı (məsələn, körpücükaltı çuxurda) olduqda, yaxud qan analizində kənaraçıxmalar qeyd edildikdə, uşaq mütləq xəstəxanaya yönləndirilməlidir.
- Böyümüş (> 2 sm) limfa düyününün ölçüsü bir aylıq müşahidə dövrü ərzində kiçilmədiyi halda, uşaq mütəxəssisə yönləndirilməlidir.
Boyun nahiyəsində şişkinliklərin səbəbləri
- Alt çənə bucaqları və döş - körpücük - məməyəbənzər əzələnin kənarı nahiyəsində uzun müddət ərzində müşahidə edilən şişkinliklər, demək olar ki, həmişə təhlükəsizdir. Məktəb yaşlı, asimptomatik uşaqların yarıdan çoxunda diametri 1 sm-dən böyük olan ən azı bir limfa düyünü qeyd edilir.
- Limfa düyününün ölçüsü və onun böyüməsini 2 - 4 həftəlik müşahidə dövrü ərzində izləmək önəmlidir. Valideynlər tərəfindən aşkar edilən limfa düyünlərinin əksəriyyəti infeksion prosesin "qalıqlarıdır" və müşahidə dövrü ərzində getdikcə kiçilir.
- Alt çənə bucağı xaricindəki sahələrdə (xüsusən, körpücükaltı çuxurda) yerləşən limfa düyünləri zamanı daha çox diqqətli olmaq tələb edilir. Bədxassəli proseslə bağlı şübhə meydana çıxarsa, uşaq dərhal pediatrik şöbəyə yönləndirilməlidir.
- Boyunda xroniki limfadenitin ən çox rast gəlinən infeksion səbəbləri toksoplazmoz və atipik mikobakteriyalardır.
- Atipik mikobakteriyalar tez - tez birtərəfli limfadenitə səbəb olur. İlkin olaraq limfa düyününün ölçüsü sürətlə artır, lakin 2 - 3 həftə ərzində böyümə dayanır. Böyümüş limfa düyünü üzərindəki dəri eritematoz ola bilər, infeksion proses uzanarsa dərinin vəzi ilə bitişməsi yarana bilər. Diaqnoz biopsiya zamanı qranulomatoz iltihabın qeyd edilməsi, nuklein turşusunun təyini testi və/və ya biopsiya nümunəsindən mikrobioloji əkmənin nəticəsinə əsaslanır. Diferensial diaqnostika zamanı vərəm nəzərdə saxlanılmalıdır.
- Toksoplazmoz zamanı böyümüş, ağrılı olmayan və fluktuasiya edən tək bir limfa düyünü boynun arxa hissəsində lokalizasiya olunur. Pasiyentlərdə çox zaman digər simptomatika müşahidə edilmir. Zərdabda IgG avidliyi testi ən önəmli diaqnostik müayinədir (infeksiya nə qədər yeni olarsa, avidlik bir o qədər aşağıdır).
- Pişik cırmaqlaması xəstəliyinin törədicisi Bartonella henselae bakteriyasıdır. Hadisələrin təxminən 50%-də anamnezdə xəstəlik öncəsi dövrdə pişik dişləməsi və ya cırmaqlaması qeyd edilir ki, bundan 7 - 14 gün sonra meydana çıxan klinik əlamətlər dərinin yerli eriteması və şişkinlik, ardınca isə limfadenitin yaranması ilə xarakterizə olunur. Diaqnoz histoloji nümunənin müayinəsi və/və ya anticisimlərin aşkarlanmasına əsaslanır.
Brown RL, Azizkhan RG. Pediatric head and neck lesions. Pediatr Clin North Am 1998 Aug;45(4):889-905 "?> Lindeboom JA, Kuijper EJ, Bruijnesteijn van Coppenraet ES, Lindeboom R, Prins JM. Surgical excision versus antibiotic treatment for nontuberculous mycobacterial cervicofacial lymphadenitis in children: a multicenter, randomized, controlled trial. Clin Infect Dis 2007 Apr 15;44(8):1057-64. "?> Simo R, Hartley C, Rapado F, Zarod AP, Sanyal D, Rothera MP. Microbiology and antibiotic treatment of head and neck abscesses in children. Clin Otolaryngol Allied Sci 1998 Apr;23(2):164-8 "?>Block SL. Managing cervical lymphadenitis--a total pain in the neck! Pediatr Ann 2014;43(10):390-6. Rosenberg TL, Nolder AR. Pediatric cervical lymphadenopathy. Otolaryngol Clin North Am 2014;47(5):721-31.