Allergik alveolit
EBM Klinik protokolları
21.03.2017 • Sonuncu dəyişiklik 21.03.2017
RiittaKaarteenaho
Əsas məqamlar
- Kif göbələyi sporları və ya quş nəcisi kütlələri kimi ətraf mühitin üzvi hissəcikləri və ya bioloji tozları məruz qalmalar allergik alveolitli pasiyentlərdə təkrarlanan qızdırma və təngnəfəsliyə səbəb ola bilər.
Etiologiya
- Allergik alveolit üzvi hissəciklərə və ya bioloji tozlara təkrarlanan və ya davaml məruzqalma nəticəsində baş verir. Bu patologiya bəzi ölkələrdə hiperhəssaslıq pnevmoniti kimi məlumdur. Bir sıra səbəb faktorları məlumdur.
- Bu xəstəliyin çox rast gəlinən bir forması kifli quru ot, zibil və ya samanla təmas nəticəsində baş verən fermer ağciyəri sindromudur.
- Allergik alveolit həmçinin kifli taxta tozu, ağac qırıntıları və ya göbələk kompostuna məruzqalma nəticəsində də baş verə bilər.
- Qəfəs quşlarının nəcis kütlələri "quşçu ağciyəri" ("quşbaz ağciyəri") kimi məlum olan allergik alveolitə səbəb ola bilər.
Simptomlar
- Kəskin allergik alveolitin simptomları məruzqalmadan təqribən dörd-səkkiz saat sonra inkişaf edir.
- Ən çox rast gəlinən simptomlar öskürək, təngnəfəslik və qızdırmadır.
- Həmçinin, əzələ və oynaq ağrıları, başağrısı və ürəkbulanma da meydana çıxa bilər.
- Əgər bu vəziyyət davam edərsə iştahasızlıq və çəkinin itirilməsi meydana çıxa bilər.
- Fermer ağciyəri ilə əlaqəli simptomlar adətən mal-qaranın içəridə yedizdirilməsi mövsümündə baş verir. Bu simptomlar adətən iş günündən sonra axşamlar və ya gecələr meydana çıxır və bir neçə gün ərzində zəifləyir. Təkrarlanan məruzqalma ilə bu hücumlar təkrar meydana çıxır.
- Yarımkəskin forma allergik alveolitin ən çox rast gəlinən formasıdır və febril epizodlar, bronxit simptomları, ümumi zəiflik, iştahasızlıq, çəkinin itirilməsi və fiziki gərginlik zamanı təngnəfəslik kimi özünü təzahür edə bilər.
- Simptomların uzun müddət davam etdiyi hallarda diqqətli anamnez mümkün diaqnoza doğru istiqamətlənməlidir.
Klinik tapıntılar
- Ağciyərlərin auskultasiyası çox zaman inspirator xırıltlıları üzə çıxarır.
Görüntüləmə və laborator müayinələr
- Döş qəfəsinin rentgen müayinəsi normal ola bilər və ya bazal paylarda ən çox ifadə olunmaqla mikronodulyar şəkil, yaxud daha diffuz infiltratlar göstərə bilər.
- Yüksək rezolyusiyalı KT skanının tipik tapıntılarına havanın tutulması və xüsusilə mərkəzi-lobulyar "buzlu şüşə" görüntüləri daxildir. Retikulyar anormallıqlar kəskin və yarımkəskin mərhələdə nadir hallarda rast gəlinir, lakin xroniki mərhələdə tez-tez müşahidə edilir. Xroniki mərhələdə həmçinin, "arı şanısı" və traksion bronxiektaziya da rast gəlinə bilər. Adətən anormallıqlar diffuz paylanma göstərir.
- EÇS və CRZ erkən mərhələlərdə yüksələ bilər. Həmçinin, leykositoz da mövcud ola bilər.
- Pasiyentin qan zərdabında çox zaman kif göbələyi tozuna və ya digər antigenə qarşı allergen-spesifik İqG anticisimləri mövcuddur. Anticisimlərin mövcudluğu əvvəllər məruzqalma olduğunu göstərsə də xəstəliyi mütləq olaraq təmsil etmir.
- Bronxoalveolyar lavaj limfositoz göstərir və T hüceyrələri CD4/CD8 nisbəti azala bilər.
Ağciyər funksiyası testləri
- Pulsoksimetriya ilə oksigen saturasiyası ölçülən zaman azalma qeyd edilə bilər.
- Arterial nümunədə oksigenin parsial təzyiqi çox zaman azalmışdır.
- Diffuziya həcmi adətən azalmışdır.
- Spirometriya zamanı çox zaman restriktiv dəyişikliklər aşkar olunur.
Diaqnoz
- Diaqnoz üç əsas meyara əsaslanır:
- üzvi toza məruzqalma
- allergik alveolitə uyğun gələn simptomlar
- allergik alveolit ilə uyğun gələn radioloji tapıntılar
- Bu əsas meyarlara əlavə olaraq altı kiçik meyardan ikisi mövcud olmalıdır. Kiçik meyarlar bunlardır:
- ağciyər auskultasiyasında kiçik qabarcıqlı xırıltılar
- diffuziya qabiliyyətinin azalması
- spirometriya zamanı restriktiv qüsur
- sakit vəziyyətdə və ya fiziki çalışma zamanı arterial nümunədə oksigenin parsial təzyiqinin və/və ya oksigenin saturasiyasının azalması
- bu xəstəliklə uyğun gələn ağciyər biopsiyası
- pozitiv provokasiya testi.
- Əgər kəskin hal barədə şübhələnilirsə diaqnostik müayinələri mümkün qədər tez təşkil etmək məqsədilə ağciyər xəstəlikləri üzrə mütəxəssis yardımına dərhal müraciət edilməlidir. Əgər bu müayinələr, məsələn, xəstəliyə görə bülletenin sonuna qədər olunmazsa nəticələr yenidən normaya qayıda bilər.
Differensial diaqnoz
- Pnevmoniya, sarkoidoz, vərəm, interstitsial və fibrotik ağciyər xəstəlikləri , dərman ağciyər reaksiyaları, karsinomatoz limfangit və üzvi toz toksikliyi sindromu (ÜTTS).
Müalicə
- Allergenə məruzqalmanın aradan qaldırılması üçün tədbirlər və daha sonrakı məruzqalmadan yayınmaq müalicənin əsasını təşkil edir.
- Qlikokortikoidlər ağır hallarda bərpanı sürətləndirmək üçün istifadə olunur. Məsələn, prednizolon günə 30-60 mq dozada başlanılır və sonra isə doza tədricən azaldılır. Dərman müalicəsinin davam müddəti adətən 2-4 həftədir və bu müalicə uzun müddətli proqnozu dəyişdirmir.
- Allergik alveolitin residivinə aparan məruzqalmanın qarşısı məsələn, hava ilə təmin edilən şlem respirator istifadə etməklə alınmalıdır.
- Peşə ilə bağlı məruzqalma səbəbindən olan (məsələn, fermerlərdə) allergik alveolit pasiyentə təzminat hüququ verən bir peşə xəstəliyi kimi nəzərdən keçirilə bilər.
Proqnoz
- Uzun müddətli, müalicə edilməyən xəstəlik xronikiləşə bilər və məsələn, ağciyər fibrozu və emfizemaya səbəb ola bilər.
- Əgər xəstəliyə vaxtında diaqnoz təyin edilərsə və müalicə olunarsa adətən ağciyər funksiyası bu və ya digər dərəcədə normallaşacaq.
Müvafiq resurslar
Spagnolo P, Rossi G, Cavazza A et al. Hypersensitivity Pneumonitis: A Comprehensive Review. J Investig Allergol Clin Immunol 2015;25(4):237-50; quiz follow 250. Quirce S, Vandenplas O, Campo P et al. Occupational hypersensitivity pneumonitis: an EAACI position paper. Allergy 2016;71(6):765-79.