Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Uşaqlarda qəbizlik

Mündəricat

Uşaqlarda qəbizlik

EBM Klinik protokolları
13.07.2016 • Sonuncu dəyişiklik 14.06.2013
MerjaAshorn

Əsas məqamlar

  • Uşaqlarda mülayim gedişli qəbizliyi bağırsaq motorikasını stimulyasiya edən pəhriz və müntəzəm bağırsaq vərdişlərinin aşılanması ilə çox vaxt aradan qaldırmaq mümkündür. Məşqlərin miqdarının artırılması da təşviq olunmalıdır . 
  • Qəbizlik həmçinin körpələrdə qida allergiyalarından, 6-8 yaşlı uşaqlarda isə Seliakiya (qlüten enteropatiyası) xəstəliyi kimi ekstrakolonik (yoğun bağırsaqla bağlı olmayan) səbəblərdən yarana bilər. 

Müalicəyə ehtiyacın duyulduğu hallar

  • Ümumi məlumat
  • Aşağıdakı hallarda qəbizliyin müalicəsinə ehtiyac duyulur :
    • defekasiya aktı ağrı və ya qorxu ilə müşaiyət olunarsa;  
    •  defekasiya aktı xüsusi gücənmə tələb edərsə;
    • defekasiyalararası interval üç gündən çox olarsa.
  • Enkoprezin müalicəsinə bütün hallarda ehtiyac duyulur.
  • Südəmər uşaqlarda defekasiyalararası normal interval bir həftəyə qədər ola bilər. Körpədə hər hansı bir simptom yoxdursa və yaxşı qidalanırsa, heç bir müdaxilə tələb olunmur . Əks hallarda isə qəbizliyin təhlili və müalicəyə olan ehtiyac qəbizliyin hər bir üzvi səbəbini müəyyən edə biləcək mütəxxəssisin iştirakı ilə həyata keçirilməlidir.
    • Hirşprunq xəstəliyi doğum zamanı nəcis ifrazının olmaması, əksər hallarda  qusma, qarın nahiyyəsində şişkinlik, mekoniumun xaric olunmasının ləngiməsi kimi simptomların başlanması ilə xarakterizə olunur.
    • Anterior perineal anus anadangəlmə inkişaf qüsurudur. Bu, qızlarda daha çox rast gəlinir və anal kanalın önə doğru yerdəyişməsi ilə xarakterizə olunur. Əksər hallarda anusda daralma da müşahidə edilir.    
    • Anadangəlmə strikturlara (stenoz)  və miogenik axalaziyaya (sfinkter əzələlərinin daimi yığılmış vəziyyəti) nadir hallarda rast gəlinir .

Funksional qəbizlik

  • Funksional qəbizliyin dörd müxtəlif klinik forması ayırd edilir:

1. Nəcis qaçırma ilə assossiasiya olunmamış nadir qəbizlik

  • Qəbizliyin ən geniş yayılmış növüdür .
  • Çox vaxt öz-özünə aradan qalxır, müalicəyə yaxşı cavab verir .

2. Defekasiya aktının iradi koordinasiyasının pozulması 

  • Əsasən 2-3 yaşlı uşaqlarda anal çat mənşəli ağrılardan qaynaqlanan defekasiya aktından sonra inkişaf edir.  
  • Uşaq iradi olaraq nəcis ifrazını dayandırmağı öyrənir.
  • Simptomlar üzə çıxdıqdan dərhal sonra müalicəyə başlandıqda vəziyyəti idarə etmək daha asan olur. 
  • Qəbizlik problemi həll olunduqdan sonra anal çat normal şəkildə sağalır. Çatın sağalmasına vazelin və başqa yerli məlhəmlərin tətbiqi, həmçinin hidrokortizon tərkibli krem və şamların istifadəsi köməklik göstərə bilər.

3.Defekasiya aktının qeyri-iradi koordinasiyasının pozulması

  • Pasiyent bu fenomendən xəbərsizdir.
  • Əksər hallarda nəcisin miqdarı bol, konsistensiyası yumşaq olsa da, defekasiya aktı zamanı anusun xarici sfinkter əzələsi paradoksal olaraq bağlanır . 
  • Adətən yardım uşaq 5-6 yaşına çatdıqda tələb olunur.
  • Bu vəziyyət uşağın emosional səbəbdən bağırsaqlarını boşaltmaqdan imtina etməsi halı ilə səhv salına bilər və əbəs yerə psixiatrik terapiya tətbiq oluna bilər .  

4. Defekasiya aktının emosional səbəblərdən pozulması   

  • Uşaq psixiatrı tərəfindən ətraflı təhlil və müalicə tələb olunur . 
  • Ümumilikdə, emosional səbəblərlə müqayisədə qəbizlik hallarının əksəriyyəti məhz koordinasiya pozulmaları (2-ci və 3-cü qrup) ilə bağlıdır (1-ci qrupa aid olan səbəblər istisna olmaqla).
  • Yadda saxlamaq lazımdır ki, nəcis qaçırma təklikdə emosional səbəbdən yaranan pozğunluğun diaqnozu üçün kifayət deyildir, çünki nəcis qaçırma (fekal inkontinens) duru nəcisin “daşaraq”  bərkləşmiş nəcis kütləsinin (koprostaz) ətrafından ötüb-keçməsi, anusdan bayıra sızması nəticəsində də müşahidə edilə bilər . 
  • 3-cü və 4-cü qruplar arasında diferensial diaqnostika çətin ola bilər. Buna görə də, ətraflı tibbi anamnez, lazım gələrsə uşaq psixiatrı ilə konsultasiya tələb olunur.  

Müalicə

  • Xronik qəbizliyin müalicəsi 4 mərhələdən ibarətdir: maarifləndirmə, dezimpaksiya və ya bərkləşmiş nəcis yığıntısının boşaldılması, nəcisin reakkumulyasiyasının (yenidən toplanmasının) qarşısının alınması və normal bağırsaq vərdişlərinin bərpası.

Kəskin fazanın müalicəsi   

  1. Bir neçə həftə davam edən ağır qəbizlik hallarında bərk nəcis kütlələri xaric edilməli və bağırsaq yenidən müntəzəm fəaliyyətə öyrəşdirilməlidir. Buna nail olmağın ən yaxşı yolu beş ardıcıl səhər vaxtı kiçik imalə (mikroimalə) tətbiq etməkdir. Lazım gəldikdə, bağırsağın təmizlənməsi təkrarlana bilər.
  2. Bağırsağın təmizlənməsi proseduru ilə eyni zamanda laktuloza tərkibli dərman vasitələrinin istifadəsinə başlamaq lazımdır. Yüngül hallarda və körpələrdə yalnız laktuloza tərkibli dərman preparatlarından istifadə etmək kifayət edə bilər. Burada məqsəd nəcisi yumşaltmaqdır, beləliklə uşaq təcrübə vasitəsilə öyrənəcək ki, böyük bayıra çıxmaq artıq ağrılı deyil. Körpələr üçün başlanğıc doza 5-10 ml, 2-6 yaşlı uşaqlar üçün isə 10-15 ml təşkil edir. Sonrakı dozaların tənzimlənməsi ele aparılmalıdır ki, dərman preparatları diareyanın (ishalın) yaranmasına səbəb olmasın. Laktuloza ilə terapiya təklikdə kifayət etmirsə, laktulozanın əvəzinə və ya onunla birlikdə, tərkibində bağayarpağı toxumu olan, nəcisin həcmini artıran laksativlərdən (“bulk-forming laxatives”), yəni bağırsaq işlədicilərindən istifadə oluna bilər. Bu tip laksativlərin uzunmüddətli istifadəsindən çəkinmək lazımdır. Lazım gəldikdə, imalə prosedurlarına başladıqdan sonra stimulyasiyaedici laksativlərdən (bisakodil, senna, natrium-pikosulfat, dantron) gündəlik istifadə oluna bilər. Stimulyasiyaedici laksativləri ən qısa müddətdə laktuloza əsaslı preparatlarla əvəz etmək lazımdır. 
  3. Qida rasionuna mümkün qədər çox qida liflərini daxil etməklə pəhrizlə bağlı dəyişiklikləri təcili həyata keçirmək lazımdır. 
  4. Müalicə effektinin dəyərləndirilməsi hər zaman təxminən 4-6 həftə keçdikdən sonra aparılmalıdır. Nəcis saxlama halları təkrarlandıqda xəstnin pediatra göndərilməsi nəzərdən keçirilməlidir (virtual kolonoskopiya, anorektal manometriya, rektal biopsiya).

Ağırlaşmış qəbizlik

  • Uşaqlarda qəbizlik nəcisin daşması ilə yanaşı gedərsə və ya pasientdə  həm klinik olaraq, həm də rentgen müayinəsi nəticəsində meqakolon və nəcis saxlama (defekasiyadan imtina) halları aşkarlanarsa, qəbizlik ağırlaşmış hesab olunur. Mühüm əlavə meyarlara daha əvvəl istifadə edilən dərman preparatlarına göstərilən zəif cavab reaksiyası və müalicədən qısa müddət sonra residivləri və həmçinin uroloji problemlərin baş verməsi  aid edilir. 
  • Uşaqlıq dövrünün ağır idiopatik qəbizliyi qızlara nisbətən oğlanlarda daha çox təsadüf edilir. Qəbizliyin ən çox rast gəlinən başlanğıc yaşı 2-4 yaş olsa da, xəstəliyin demək olar ki, 25% hallarında klinik əlamətlərin manifestasiyası 12 aydan daha kiçik yaşlara təsadüf edilir. 
  • Qəbizliyin ağır formalarında pediatr, uşaq cərrahı və uşaq psixiatrının müdaxiləsi tələb olunur. 
  • Müalicənin başlanğıcında natrium-pikosulfat damcısı bir neçə ay müddətinə, həm laktuloza ilə birlikdə, həm də təklikdə təyin edilə bilər. Hər gün eyni saatda, birdəfəlik doza şəklində defekasiyanın düşünüldüyü vaxtdan 12- 24 saat əvvəl verilir. 
  • Makroqol qəbizliyi aradan qaldırmaq üçün uşaqlarda da istifadə oluna bilər. Gündəlik 1-2 paket pediatrik dozalı toz (sutkada 6 q, birdəfəlik doza şəklində və ya iki dəfəyə bölünərək) təyin olunur.
  • Xronik idiopatik qəbizliyin müalicəsi nadir hallarda cərrahi müdaxilə tələb edir .

 

 Müvafiq resurslar

  • ''Koxreyn" icmalları
  • Ədəbiyyat

Clayden GS. Optimal management of chronic constipation. Clin Pediatr 1994;2:625–644