Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Yuxu ilə əlaqəli epizodik simptomlar

Mündəricat

Yuxu ilə əlaqəli epizodik simptomlar

EBM Klinik protokolları
10.05.2016 • Sonuncu dəyişiklik 16.01.2014
ChristerHublin

Əsas məqamlar 

  • Klinik əhəmiyyətli yuxu pozulmaları ümumi əhalinin ən azı 10%-də qeyd edilir. Yetkinlik dövründə yuxu zamanı meydana çıxan simptomların arxasında geniş müxtəilflikdə etiologiyalar dura bilər.
  • Əlavə müayinələrə ehtiyac olmadan halların əksəriyyətinə təkcə anamnez əsasında diaqnoz təyin oluna bilər. Məsələn, əgər yuxuda yerimək (somnambulizm) uşaqlıqdan bəri davam edirsə və klinik mənzərə əhəmiyyətli dərəcədə dəyişməyibsə əlavə heç bir müayinəyə göstəriş yoxdur.
  • Hadisəni görən şahidin ifadəsi, xüsusilə pasiyentin bu hadisələr barədə xəbərdar olmadığı və ya yalnız qismən xəbərdar olduğu hallarda vacib əhəmiyyət daşıyır.
  • Simptomların qiymətləndirilməsi onların bəzisinin müxtəlif risklərlə əlaqəli ola bilməsi, digərlərinin isə əlavə müayinələri tələb etməsinə görə vacibdir. 
  • Simptomlar tez-tez baş verdikdə və ya əzab verici olduqda və dərman müalicəsi və ya hər hansı müalicə üsulu tələb etdikdə yuxu təbabati mütəxəssislərinin (somnoloq) baxışı tövsiyə edilir.

Simptomlar və diaqnoz

  • Təsvir: hərəki fəallıq, vokalizasiyalar (səsçıxarma), nitqə reaksiya, stereotip simptomlar? 
  • Subyektiv müşahidələr: hadisələrdən xəbərdar olmaq, ondan əvvəlki yuxular, səhər simptomların xatırlanması?
  • Zaman xüsusiyyətləri: simptomların yuxunun başlanğıcında, yuxu zamanı (yuxu başladıqdan neçə saat sonra) və ya yuxudan oyanan zaman olması və simptomların davam müddəti? 
  • Meyl yaradan və qarşısını alan amillər
  • Parasomniyalarda ailə anamnezi və uşaqlıq dövründə olan simptomlar
  • Epizodlar aşağıdakı xüsusiyyətlərə malik olduqda əlavə müayinələr (xüsusi bölmədə video telemetriya və polisomnoqrafiya) nəzərdə tutulmalıdır:
    • zorakılıq qeyd olunur və/və ya zədələnmə ilə nəticələnir
    • ətrafda əhəmiyyətli narahatlığa səbəb olur
    • tez-tez baş verərək oyaq vəziyyətdə yorğunluğa gətirib çlxarır  
    • klinik olaraq atipikdir
    • epilepsiya şübhəsini yaradır.

Parasomniyalar

  • Yuxu ilə bağlı olan hissi, hərəki və/və ya vegetativ sinir sistemi funksiyalarında dəyişiklikləri özündə əks etdirən xüsusi pozulmalardır. Bəziləri yuxunun müəyyən mərhələsi ilə və ya yuxu mərhələsinin keçid fazası ilə sıx əlaqəlidir.  
  • Əsas patofizioloji mexanizm huş vəziyyətində dissosiasiyadır: baş beyin müəyyən hərəki və/və ya verbal funksiyaları yerinə yetirmək üçün kifayət qədər oyaqdır, lakin bu funksiyaların şüurlu və planlı olması üçün kifayət dərəcədə yuxuludur. 
  • Bir çox parasomniyalar (məsələn, yuxuda gəzmək və qorxulu yuxular) xüsusilə yaxın və ya daha uzaq ailə üzvlərində rastlaşıldığı üçün yaxşı məlumdur. Çox zaman parasomniyalar kombinə olunmuş və ya qarışıq şəkildə qeyd edilir. 
  • Yuxunun dərinləşməsinə və ya fraqmentasiya olunmasına yardım edən amilər simptomların inkişafını gücləndirir. Mürəkkəb hərəki fəaliyyət varsa və ya pasiyent yatağı tərk edirsə travma riskini minimuma endirmək üçün ehtiyat tədbirləri görülməlidir:  
    • Qapıları və pəncərələri kilidləyin
    • Pilləkənə çıxışa maneə yerləşdirin
    • Yataq otağını birinci mərtəbədə yerləşdirin
    • Yataq otağının qapısına zınqirov qoyun
    • İti  və digər potensial təhlükəli əşyaları göz qabağından götürün və s. 
  • Standartlaşdırılmış dərman terapiyası yoxdur: ən çox istifadə edilən dərmanlar dərin və/və ya REM (rapid eye movement - sürətli göz hərəkətləri) yuxunu suppressiya edən (tritsiklik antidepressantlar və benzodiazepinlər, son zamanlar həmçinin serotoninin geriyə udulmasının seçici inhibitorları -SSRI, məsələn, paroxetine) preparatlardır. Lakin onların effekti dəyişkəndir və uzun müalicə dövrləri tövsiyə edilmir.  

Yuxudan oyanma pozulmaları (Arousal disorders)

  • Yuxu dövrünün ilk üçdə birində baş verərək dərin yuxudan yaranır. Bu pozulma hissəvi və natamam oyanma ilə xarakterizə olunur. Pasiyent ləng və çaşqın tərzdə, bəzən isə aqressiya ilə (məsələn, onu oyatmaq cəhdlərinə) reaksiya verir. Pasiyent hadisəni aydın xatırlaya bilmir və epizodlar yuxularla əlaqəli deyil. 
  • Yetkinlik dövründə rast gəlmə tezliyi bir neçə faizdir.
  • Konfuziyalı oyanma (yuxu sərxoşluğu)
    • Vahimə təəssüratı yoxdur və pasiyent yataqda qalır.  
    • Əşyaların qeyri-normal istifadəsi (məsələn, zəgli saatı sanki bir telefon kimi istifadə edərək danışmaq),  vokalizasiyalar və əcaib nitq qeyd edilə bilər.
    • Epizod tipik olaraq bir neçə dəqiqə davam edir.
  • Yuxuda gəzmək (somnambulizm)
    • Hərəki fəaliyyət yataqdan durmaqdan əhəmiyyətli dərəcədə uzun müddət yeriməyə gədər olan çeşiddədir və bu zaman pasiyent məsələn, evdən çöldə bağlı qapı arxasında qala bilər. 
    • Çox zaman müxtəlif əşyaların əlləşdirilməsi qeyd edilir və bəzi hallarda pasiyent həmçinin, qida qəbul etməyə, yemək hazırlamağa və ya hətta maşın sürməyə cəhd edə bilər. 
    • Pozulmuş huş səviyyəsinə görə pasiyent yöndəmsiz hərəkətlər edir və travma riski əhəmiyyətli dərəcədədir. 
    • Somnambulizm epizodu adətən 15 dəqiqədən az çəkir və sonda pasiyent yatağa qayıda bilər. Pasiyent epizodun sonuna doğru baş verən ayrı-ayrı hadisələri xatırlaya bilər.   
  • Gecə qorxusu (Gecə terroru)
    • Xarakterik xüsusiyyət intensiv fəallaşmadır: epizod çox zaman  həyəcanlı çığırtı ilə başlanır, pasiyent çarpayıda oturur və onun dəhşət içərisində olması görünür.   
    • Vegetativ sinir sisteminin hiperaktivliyi aşkardır: ürək vurğularının və tənəffüsün tezliyi artır, bəbəklər genəlir və profuz tərləmə qeyd oluna bilər. Simptomlara həmçinin, hərəki fəallıq da aid ola bilər.
    • Adətən epizod 30 san.-5 dəq. çəkir və bundan sonra pasiyent təkrar yuxuya gedir. 

Yuxu-oyanma keçidi pozulmaları 

  • Yuxunun başlanğıcında olan qəfil iti hərəkətlər və hissi təəssüratlar çox çeşidlidir. Ətraflarda qəfil qısa əzələ səyrimələri çox tez-tez (ümumi populyasiyanın 60-70%-də) rast gəlinir
  • Həmçinin, yıxılma, istilik və ya başda səs hissi mövcud ola, yaxud pasiyent ağrısız partlayış, parıltı və ya qısa hallüsinator yuxu yaşaya bilər.
  • Stress, ifrat dərəcədə fiziki məşqlər və çoxlu miqdarda kofein qəbulu simptomlara meyllik yarada bilər. Bəzi hallarda simptomların gecələr təkrarlanması yuxuya getmə və ya yuxudan məhrum olmaq qorxusunun meydana çıxmasına səbəb ola bilər; qəfil iti hərəkətlər ağrılı ola bilər. 
  • Yuxuda danışmaq adətən qısa bir epizod və emosiyasız olur, bəzən yalnız anlaşılmaz səslərdən ibarətdir. Lakin həmçinin gecə boyunca intensiv monoloqlar kimi də qeyd edilə bilər. Çox zaman periodik olur və tez-tez böyüklərdə də  rast gəlir.

REM parasomniyaları

Gecə vahiməsi 

  • Adətən şəxsi oyadan narahat edici və ya "pis" yuxular. Yuxu adətən qorxu, bəzən isə kədər və ya nifrət olmaqla tədricən intensivləşən emosiyalarla əlaqəlidir.
  • Adətən qışqırıq və ya yatağı tərk etmək qeyd olunmur və oyanma zamanı huş səviyyəsi yuxudan oyanma pozulmaları və REM davranış pozulmalarından fərqli olaraq normaldır.
  • Böyüklər populyasiyasının təqribən beşdə birində ən azından arabir rast gəlinir.
  • Rastgəlmə tezliyi bəzi dərman vasitələri (levodopa, bəzi beta blokatorlar, eləcə də antipsixotiklər və yuxugətiricilər) və alkohol qəbulunun kəsilməsi zamanı artır.

Posttravmatik stress pozulmaları ilə bağlı gecə vahiməsi

  • Pasiyent gecələr eyni qorxuducu hadisəni təkrar-təkrar yuxuda yaşayır.
  • Simptomların çox zaman gecə qorxusu epizoduna oxşarlığı var (yuxu dövrünün erkən hissəsində baş verməsi, çaşqınlıq, hissəvi amneziya və ya vegetativ sinir sisteminin qüvvətli fəallaşması əlamətləri); gecə vahiməsi və  gecə qorxusu hücumu arasında aralıq bir mərhələni təmsil edə bilər.

Yuxu iflici

  • Bir neçə dəqiqədən çox çəkməyən bir fenomen olub yuxunun başlanğıcında və ya yuxudan oyanma zamanı yaşanılır. Bu zaman pasiyent iradi olaraq ətraflarını, bədənini və ya başını tərpətməyə qabil deyil. Bunun əksinə olaraq göz hərəkətləri və respirator əzələlər normal fəaliyyət göstərir.  
  • Normal funksiya qabiliyyəti spontan və ya kənar bir stimul vasitəsilə bərpa olunur.  
  • Digər cəhətdən sağlam olan adamların dörddə biri-yarısı tək-tək yuxu iflici epizodu yaşamışdır. Bu fenomen ən çox gənclik və erkən yetkinlik dövründə rast gəlinir. Meyl yaradan faktorlara qeyri-müntəzəm yuxu-oyaqlıq tsikli, yuxu defisiti və stress aid ola bilər. 
  • X- xromosomu ilə əlaqəli dominant irsi forma çox nadirdir. Lakin bu hallarda pasiyent narkolepsiyanın bəzi hallarında görülən tərzdə olan yuxu iflicinin çoxsaylı epizodlarını yaşaya bilər.

Davranış yuxu pozulması (REM behaviour disorder, RBD)

  • Xarakterik xüsusiyyət  əzələ atoniyasının yuxu zamanı hərəkət etmək qabiliyyətinin saxlanmasına aparan (əzələ tonusunun enməsi) azalması və ya olmamasıdır. 
  • Simptomlar məsələn, yuxu görənin bir heyvanın və ya naməlum şəxsin hücumuna məruz qaldığı adətən təkrarlanan zorakı bir yuxu ilə əlaqəlidir. Hərəki fəallıq yuxu görənin qaçmasını və ya özünü müdafiə etməsini əks etdirir və təqib edən kimi qəbul edilən yataq ortağını hədəfə ala bilər.  
  • Əl və ayaq zərbələri, yataqdan tullanmaq çox rast gəlinir və zədələnməyə gətirib çıxara bilər. Adətən pasiyent spontan olaraq yuxudan ayılmır, lakin məsələn yataq ortağının qışqırığına ayılır.
  • Təqribi rastgəlmə tezliyi kişilərdən ifadə olunmuş surətdə daha çox olmaqla 0,5%-dir. Klinik əlamətlər adətən xroniki və proqressivləşəndir.
  • Bu pozğunluq halların üçdə ikisində idiopatikdir və adəti başlanma yaşı 60-dan yuxarıdır. 
  • Çox zaman mərkəzi sinir sisteminin müxtəlif xəstəlikləri ilə (iltihablar, qan dövranı pozğunluqları, travmalar, şişlər, demensiyayaya səbəb olan xəstəliklər və s.) əlaqəlidir və klassik Parkinson xəstəliyini bir neçə il qabaqlaya bilər.
  • Antixolinergiklər, tritsiklik antidepressantlar, serotoninin geriyə tutulmasının inhibitorları və MAO inhibitorları qrupuna daxil olan digər antidepressantlar, eləcə də uzun müddət qəbul edilən alkoholun qəfil kəsilməsi bu pozulmanı provakasiya edə bilər.
  • Klonazepam və melatonin halların əksəriyyətində effektiv müalicələrdir.
  • Klinik mənzərənin hətta tipik olduğu hallarda da diaqnoz ixtisaslanmış tibb müəssisəsində təsdiq olunmalıdır.

Digər parasomniyalar

  • Bruksizm: yuxu zamanı dişlərin qıcırdatması və ya möhkəm sıxılması ilə xarakterizə edilən stereotip hərəkətlər.
    • Böyüklərin təqribən beşdə birində rast gəlinir.
    • Çeynəmə sistemi pozulmarında (mina qatının zədələnməsi, üzün və başın ağrılı patologiyaları və s.) tez-tez rast gəlinir: stress simptomları artırır. 
    • Okklyuziya şinası (occlusal splint ,dişləri qorumaq üçün) əsas müalicə seçimidir.
  • Gecələr yatağa sidik ifrazı (gecə enurezi): böyüklərdə nadirdir və əksər hallarda üzvi səbəblə əlaqəlidir. 
  • Katatreniya: əsas simptom uzun müddət ərzində hər gecə təkrarlanan yuxu ilə əlaqəli iniltidir. 
    • Mərkəzi yuxu apnoesindən qaynaqlanan monoton səs 5-50 saniyə çəkir, adətən yuxu dövrünün ikinci yarısı zamanı bir neçə dəqiqə, hətta bir saata qədər  təkrarlana bilər.
    • Çox zaman uşaqlıqda başlanır və xronikidir. Şəxsin özü bu səsdən xəbərdar deyil və katatreniya təklikdə bu şəxsin gündüz özünü necə hiss etməsinə təsir göstərmir.
  • Gecə yuxusu ilə bağlı qidalanma pozulmaları: bir neçə tip mövcuddur
    • Parasomniya kimi təsnif edilən bu klinik mənzərənin mənbələri çox zaman somnambulizmlə oxşardır.
    • Bəzi hallarda bu pozulma digər yuxu pozulmaları (məsələn, narkolepsiya və ya narahat ayaqlar sindromu) ilə əlaqəlidir, digər hallarda isə trigger faktoru (dərman müalicəsində dəyişikliklər və ya stimuləedicilərin istifadəsi, həyatda böyük dəyişiklik və s.) müəyyənləşdirilə bilər.
    • Pasiyentlərin dörddə üçü qadındır. Pasiyentlər arasında piylənməsi olanların 10%-i, insomniya olanların isə 6%-i bu pozulmalardan əziyyət çəkə bilər. 

Gecə epilepsiyası

  • Parasomniyalar və epilepsiyanın arxasında duran patofizioloji mexanizmlər fərqlənir, lakin yaxından əlaqəlidir: yuxu (enmiş huş), yuxudan məhrum olunma hər iki patologiyalara meyllik yaradır, mürəkkəb parsial qıcolmalar isə parasomniyalara bənzəyə bilər. 
  • Parasomniyalar bəzən epileptik qıcolmalara gətirib çıxara bilər. Həmçinin, epileptik mexanizm də parasomniyalara bənzəyən simptomlar meydana çıxara bilər.   
  • Lakin epilepsiyada qıcolmalar adətən həmçinin oyaq vəziyyətdə də baş verir. Bununla belə epieptik pasiyentlərin dörddə birində əksər qıcolmalar yuxu ilə əlaqəlidir.
  • Adətən qıcolmalar yuxu dövrünün başlanğıcında və ya sonunda baş verir.
  • Xüsusiyyətləri:
    • qeyri-adi hərəki fəallıq (generalizə olunmuş tonik-klonik qıcolmalar və ya fokal ətraf hərəkətləri)
    • avtomatizmlər (dodaqları yalamaq, yataq ağları ilə əlləşmək və s.)  
    • sidiyi saxlaya bilməmək
    • dilin dişlənməsi
    • qıcolmanın başlanğıcında çığırtı
    • qeyri-adi ağır tənəffüs 
    • tutmadan sonrakı konfuziya.

Paroksizmal distoniyalar

  • Ətrafların və başın bənzər, lakin müxtəlif davam müddətli və tezlikli distonik və ya diskinetik  hərəkətləri təkrar surətdə qeyri-REM yuxu zamanı baş verir.   
  • Bu epizodlar  qısa (15–60 saniyə) və ya daha uzun (bir saata qədər) ola bilər və bir sıra epizodlar bir gecə ərzində baş verə bilər. Bəzən epizod vokalizasiyalarla əlaqəlidir.
  • Mənbənin alın payı epilepsiyası ola bilməsi barədə artmaqda olan sübutlar vardır. Bəzi hallarda simptomların müsbət ailəvi anamnezi mövcuddur.

Funksional və psixiatrik səbəblər

  • Ən çox rast gəlinən səbəblər panik hücumlar və digər həyəcan vəziyyətləri, eləcə də dissosiativ və konversion pozulmalardır.
  • Adətən bu etiologiyalar həmçinin oyaq vəziyyət zamanı da simptomlara səbəb olur.
Yuxu ilə bağlı pozulmaların xüsusiyyətləri və mümkün səbəbləri 
Təzahür Mümkün səbəb  Tipik xüsusiyyətlər 
Yatağı tərk etmək  Yuxuda yerimək Gecənin erkən hissəsi, hərəki fəallıq adətən sakitdir. 
  Yuxu davranışı pozulması  Erkən səhər saatları, hərəki fəallıq dramatik surətdə ola bilər
  Mürəkkəb parsial epilepsiya Adətən epizodlar oxşar tərzdə təkrarlanır
Yataqda qeyri-normal hərəkətlər Əzələlərin səyrimələri və kəskin yığılmaları  Yuxunun başlanğıcında və REM mərhələsi zamanı, xüsusilə ətrafların distal hissələrində çox rast gəlinir
  Yuxu iflici Skelet əzələlərini hərəkət etdirmək qabiliyyətinin olmaması, yuxunun başlanğıcı və ya yuxudan oyanma zamanı
  Epilepsiya Tonik-klonik qıcolmalar, dilin dişlənməsi 
  Paroksizmal distoniyalar Müxtəlif davam müddətli distonik, ballistik və ya xoreoatetoz hərəkətləri 
Xoşagəlməz hissiyyat və ya bir qeyri-normal davranış təəssürat Qorxulu yuxular Əsasən erkən səhər saatlarında; getdikcə artan xoşagəlməz məzmunlu və sonradan xatırlanan yuxu, oyanan zaman cəld ayılma 
  Gecə vahimələri (vahiməli yuxular) Gecənin erkən dövrü; əvvəlcə həyacanlı bir çığırtı, sonra pasiyent yataqda oturur və onun dəhşət içində olması görünür, əlaqə yaratmağa qabil deyil.
   oyanma zamanı çaşqınlıq  Əcaib davranış, əlaqə yaratmağa qabil deyil 
  Panik hücum  Qorxu və xoşağəlməz hiss, eləcə də müxtəlif somatik hisslərlə müşayiət olunmaqla gecə qəfil oyanma
Vokalizasiyalar Yuxuda danışmaq Adətən yalnız səslər və ya qısa nitq parçaları  
  Bruksizm Dişlərin qıcırdatması və xırçıldatma səsi 
  Gecə vahimələri (vahiməli yuxular) Gecənin erkən dövrü, əvvəlcə həyacanlı çığırtı, sonra isə pasiyent yataqda oturur və onun dəhşət içində olması görünür, əlaqə yaratmağa qabil deyil 
   Oyanma zamanı çaşqınlıq  Vokalizasiyalar, əcaib davranış və ya nitq, əlaqə yaratmağa qabil deyil
  Katatreniya İnilti, adətən yuxunun ikinci yarısı zamanı 
  Epilepsiya Epizodun başlanğıcında çığırtı, qıcolma fazasından sonra xorultulu tənəffüs, tutmadan dərhal sonra oyadıla bilmir