Dəri biopsiyası: göstərişlər və texnikası
EBM Klinik protokolları
11.05.2018 • Sonuncu dəyişiklik 04.04.2011
SuviCajanus
Əsasları
- İşin diaqnozu və vəziyyətlə bağlı fərdi xarakter daşıyan məsələləri nəzərdən keçirin.
- Patologiya haqqında tələb olunan formada müvafiq məlumatları qeyd edin (xəstəliyin davametmə müddəti, törəmənin mövcud olduğu nahiyə, biopsiyanın götürüldüyü nahiyə).
- Biopsiyanı doğru texnikanı tətbiq edərək doğru yerdən götürün.
Dəri biopsiyasına göstəriş
Şiş
- Kənarlaşdırılmış bütün şiş toxumaları patoloji müayinə üçün göndərilməlidirlər. Seboreik keratoz (senil ziyil - qocalıq ziyili, bazal hüceyrə papilloması) və xarakterik epidermoid kistalar (açıq rəngli keratin kütləsinə malik) dəqiqliklə müəyyən edilə bildikləri zaman (video), onların histopotoloji araşdırmalar aparılmadan kənarlaşdırılması mümkündür. Əgər dəri törəməsinin xoşxassəli olmasından əmin deyilsinizsə, biopsiyanın aparılmasına ehtiyac duyulacaqdır.
- Bədxassəli dəri şişləri uşaqlar arasında geniş yayılmış bir hal sayılmır. Müəyyən olunmamış dəri şişinə malik uşaq mütləq birbaşa mütəxəssis müayinəsinə göndərilməlidir.
Digər dəri xəstəlikləri
- Qırmızı yastı dəmrov (Lichen planus) (adətən xarakterik histologiyaya malik olur)
- Qranulomatoz xəstəliklər (anulyar qranuloma , sarkoidoz, lupus vulgaris [dəri tuberkulyozu])
- Psoriaza adətən klinik əlamətlərə əsasən diaqnoz qoyulur, biopsiyaya nadir hallarda ehtiyac duyulur
- Şişə bənzəyən dəri infiltratları (diaqnozu təsdiqləmək üçün adətən biopsiyaya ehtiyac duyulur)
- Xroniki, suluqlanan dəri xəstəlikləri zamanı (məs. penfiqoid və herpes formalı dermatit) immunoflüoressensiya (İF) testinin həyata keçirilməsi də adətən vacib sayılır. İF testinin həyata keçirilməsi üçün nümunə formalinlə qarışdırılmış bütöv suluqdan və yara ətrafı sahələrdən götürülmüş kiçik təzə nümunədən ibarət olmalıdır. Əgər maye azotda nəqli mümkün deyilsə, təzə toxuma nümunəsi onu 5 gün ərzində qoruyacaq nəqliyyat mühitində (Mişelin fiksativi) daşına bilər.
- Diskşəkilli qırmızı qurdeşənək (DQQ) və digər dəri birləşdirici toxuma anomaliyaları. İF testi faydalıdır, lakin vacib deyildir.
- Əgər yara müvafiq müalicəyə cavab vermirsə, hətta ziyansız görünən dəri törəməsindən belə biopsiyanın götürülməsinə göstəriş verilə bilər (məs. ekzematoz xroniki səpki dəri limfoması və ya dəridaxili karsinoma ola bilər).
Dəri biopsiyasının texnikası
- Adi dəri biopsiyası neştər vasitəsilə (no. 15) götürülür; kəsik bütöv dəri boyu dərialtı piy toxumasına qədər aparılır. Biopsiya düz dibli qayıq formasında aparılmalıdır. Biopsiya aparılan nahiyə elə seçilməlidir ki, həmin nahiyədə biopsiyanın dərinliyinə mane olacaq altdayatan heç bir struktura təsadüf edilməsin. Kəsik, çapığın formalaşmasının qarşısını almaq məqsədilə dəri qatları istiqamətində aparılmalıdır. Biopsiya nümunəsi üçün standart ölçü 0.5 × 1.5 sm olmalıdır. Qalınlığı isə sahədən asılı olaraq dəyişir.
- ''Zərbə" ("punch") biopsiyası (adətən 3 - 6 mm) izolyasiya olunmuş şişlərin biopsiyası üçün daha uyğundur. Diaqnoz təsdiqlənir və lazım olan növbəti əməliyyatlar planlaşdırılır. Səpkilər və böyük ölçülü şişlər üçün diaqnostik dəqiqliyi təmin etmək məqsədilə müxtəlif sahələrin ''punch'' biopsiyasına ehtiyac duyula bilər. Əgər dəri törəməsi çox balacadırsa, biopsiya nümunəsi də törəmənin lokalizasiyasına uyğun kiçik olmalıdır.
- ''Zərbə'' biopsiyası bədxassəli olmasından şübhələnilən dəri şişlərinin biopsiyasında da tətbiq edilə bilər.
- ''Zərbə'' biopsiyasının nümunəsinə dərialtı piy toxiuması daxil olmalıdır. Biopsiya edilən nahiyəyə adətən tikiş lazım olmur. Qanayan yara müvafiq kiçik tənziflərlə bağlana bilər. Bəzi hallarda tək bir tikişə göstəriş ola bilər, məsələn, üz ətrafında.
- Biopsiya nümunəsi sıxılmamalıdır və ya parçalanmamalıdır. Nümunəni əldə etmək məqsədilə istifadə olunan alətlərə kiçik maşalar, qırmaq və ya iynələr aid edilir.
Dəri biopsiyasının götürüldüyü nahiyə
- Biopsiya tam yetişmiş törəmədən götürülür, lakin cızılma səbəbilə tamlığı pozulmuş dəri sahələrindən uzaq durmaq lazımdır. Suluqlu dəri xəstəlikləri zamanı və vaskulitdən şübhələnildiyi hallarda ən yaxşı nümunə, mümkün olduğu qədər ən yeni yaranmış törəmədən götürülmüş nümunə hesab edilir.
- Biopsiya hər zaman törəmənin mərkəzi hissəsindən götürülür. Sərhədləri yaxşı bəlli olan səpkilər yeganə istisnadır və biopsiya elə götürülməlidir ki, sərhədlər nümunənin mərkəzində olsun. Əgər səpki yerində çapıq buraxarsa, çapıq toxumasının biopsiyası da faydalı ola bilər.
- Kiçik suluqlar bütöv şəkildə toplanmalıdır (''punch'' biopsiyası (zərbə biopsiyası) uyğun metod sayılmır, çünki bu zaman suluğun tavanı qopa bilər və bu halda diaqnozun qoyulması qeyri - mümkün ola bilər!)
- Kiçik şişlər asanlıqla əldə edilməsi mümkün olduğu təqdirdə bütövlükdə çıxarılmalıdır. 1 - 2 mm pay kifayət edir. Bədxassəli şişdən şübhələnildikdə (məs. bazal hüceyrə karsinoması) böyük payların (3 - 5 mm ) götürülməsi üçün göstəriş verilə bilər. Bu zaman nahiyədən biopsiyanın götürülməsi asan olur. ''Punch'' biopsiyası cərrahi əməliyyatın aparılmasının qaçınılmaz olduğu hallarda uyğun alternativ metod olaraq qəbul edilir.
- Şübhəli piqment dəyişikliklərinin 1 - 2 mm pay şəklində kənarlaşdırılmaları daha məqsədəuyğun sayılır. Böyük ölçülü törəmələri diaqnostik fazada kənarlaşdırmaq daha sonra limfa düyünlərinin topoqrafik rəsminin çəkilməsinə mane ola bilər.
- Əgər histopatoloji diaqnozla klinik təzahür arasında uyğunsuzluq varsa, yeni biopsiyanın götürülməsi tövsiyə edilir və ya xəstə mütəxəssis müayinəsinə yönləndirilir. Histopatoloji diaqnoz vəziyyət haqqında hər zaman dolğun məlumat vermir, diaqnozun qoyulmasında və müalicənin aparılmasında əsas məsuliyyət müalicə həkiminin boynuna düşür.