Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Hıçqırıq

Mündəricat

Hıçqırıq

EBM Klinik protokolları
21.05.2018 • Sonuncu dəyişiklik 16.08.2016
Editors

  • Hıçqırıq diafraqmanın qəfil yığılması ilə yaranan mioklonusudur. Eyni zamanda, qabırğaarası əzələlərin yığılması və qırtlağın qapanması da baş verir ki, nəticədə hıçqırıq səsi yaranır. 
  • Hıçqırığın dəqiq səbəbi və orqanizmdə yerinə yetirdiyi əsas funksiyası məlum deyildir.
  • Fizioloji hıçqırıq öz-özünə keçib gedən bir haldır, xroniki hıçqırıq üçün isə dərman müalicəsi tələb oluna bilər. 

Etiologiya​

  • Hıçqırıq afferent şöbə qismində diafraqma siniri (n. phrenicus), azan sinir (n. vagus) və simpatik sinir sisteminin; mərkəzi requlyator şöbə qismində ara beyinin; birincili efferent şöbə kimi isə diafraqma sinirinin iştirak etdiyi refleks qövsü nəticəsində yaranır. Bu sinirləri və refleks qövsünü onun hər hansı bir mərhələsində stimulyasiya edən faktorlar hıçqırığa səbəb ola bilər.
  • Fizioloji hıçqırıq qısa müddətli olur (48 saatdan az). Bu, məsələn, çoxlu qida qəbulu, qazlı içkilərin istifadəsi, qida və ya içkilərin temperaturunda dəyişikliklər (soyuq və ya isti qida, içki qəbulu) nəticəsində mədənin qəfil genişlənməsi və/ və ya qıcıqlanması ilə əlaqələndirilir. “Uzanmış” hıçqırıq 48 saatdan daha çox, “rezistent” hıçqırıq isə, 2 aydan daha çox müddətdə davam edir. Bir sıra mümkün səbəbləri mövcuddur.

Uzanmış hıçqırığın səbəbləri

  • Mərkəz mənşəli səbəblər
    • Beyin kötüyü xəstəlikləri
      • Qanaxma, infarkt, şiş, travma, dağınıq skleroz
  • Periferik səbəblər
    • Mediastinal (divararalığı) hallar və xəstəliklər
      • Limfadenopatiya
      • Miokard infarktı
    • Yuxarı qarın boşlugu üzvlərinin xəstəlikləri
      • Diafraqmanın qida borusu dəliyinin yırtığı (hiatal hernia), mədə xərçəngi, subdiafraqmatik abses, bağırsaq keçməməzliyi (ileus), əməliyyatsonrası hal
  • Toksik və metabolik səbəblər
    • Alkoqol, uremiya, elektrolitlər müvazinatının pozulması
    • Dərmanlar: qlükokortikoidlər, antiparkinson dərman preparatları, psixotrop dərmanlar, anestetik maddələr, sitotoksik preparatlar
  • Digər səbəblər
    • Psixiatrik səbəblər, səbəbi bilinməyən birincili hıçqırıq (essential hiccup)

Müayinələr​

  • Müayinələr pasiyentin digər mümkün simptom və əlamətləri də nəzərə alınmaqla, yuxarıda sadalanan xəstəliklərin inkar edilməsinə əsaslanır. 
  • Əsas təhlillərə klinik müayinələrdən əlavə döş qəfəsinin rentgenoqrafiyası, qan analizləri, eləcə də hıçqırığın mümkün səbəblərinə qarşı yaranan kliniki şübhəyə əsasən təyin olunmuş digər testlər daxildir.

 Müalicə

  • Hıçqırığın yaranmasına təsir edə biləcək xəstəliklərin müalicəsi tələb olunur. Alkoqol qəbulu risk faktoru kimi nəzərə alınır. 
  • Fizioloji hıçqırıqda tətbiq olunan fiziki manevrlər:
    • Bir qaşıq dolusu narı, quru şəkər tozunu udmaq;
    • Kağız torbanın içərisinə doğru nəfəs alıb-vermək;
    • Stəkanın qarşı kənarından içmək;
    • Buzlu su ilə qarqara etmək.
  • Uzunmüddətli hıçqırığın müalicəsində təcrübədən keçirilmiş dərman preparatları : 
    • Droperidol 1.25-2.5 mq, intravenoz yolla,
    • Valproat 1q/gün, oral yolla, 2 dozaya bölünür,
    • Qabapentin 1200 mq/gün, per os, 3 dozaya bölünür,
    • Baklofen 30-60 mq/gün, 3 dozaya bölünür,
    • Metoklopramid 40 mq/ gün, per rectum (düz bağırsağa).
  • Diafraqma sinirinin rezeksiyası (phrenectomy) nadir hallarda göstəriş sayılır.

Müvafiq resurslar

  • Digər internet mənbələri
  • Ədəbiyyat

Chang FY, Lu CL. Hiccup: mystery, nature and treatment. J Neurogastroenterol Motil 2012;18(2):123-30.