Böyüklərdə qulaq ağrısı
EBM Klinik protokolları
19.06.2018 • Sonuncu dəyişiklik 19.06.2018
TimoAtula
Əsaslar
- Birincili qulaq ağrısı qulaq və ya onunla əlaqəli olan strukturdan qaynaqlanır.
- İkincili qulaq ağrısı isə daha uzaq nahiyədə baş vermiş prosesə istinad edir.
- Qulaqdan qaynaqlanmadığı hallarda ağrının udlaq və ya boyun nahiyəsində hər hansı bir strukturdan qaynaqlandığını nəzərdən keçirmək lazımdır.
Birincili qulaq ağrısı
- Ağrı kəskin iltihabi prosesdən və ya zədədən qaynaqlana bilər.
- Soyuq hava və külək qulaq kanalında ağrıya səbəb ola bilər. Belə ağrı adətən istinin təsirilə qısa bir müddət ərzində aradan qalxır.
- Neqativ təzyiq: infeksiya, barotit və ya barotravma
- Qulağın orta dərəcəli xroniki otiti zamanı meydana gələn ağrı adətən prosesin ağırlaşmasına işarə edir.
- Qulaq kanalı və ya orta qulaqdakı şiş qulaq ağrısının çox nadir hallarda rast gəlinən səbəblərindən hesab edilir.
- Üz sinirinin və ya timpanik pleksusun nevralgiyası da həmçinin ağrının çox nadir rast gəlinən səbəblərindən hesab edilir.
İkincili qulaq ağrısı
- Qulaq ağrısı əksər hallarda temporomandibulyar oynaq və ya diş oklyuziyası ilə bağlı olur. Temporomandibulyar (gicgah-çənə oynağı) ağrı əksər hallarda oynağın özündə deyil, qulaqda hiss edilir. Diş ağrısı qulağa yayıla bilir. İzah edilə bilinməyən qulaq ağrısına malik xəstənin dişlərini müayinə edin. Çeynəmə əzələlərini və temporomandibulyar oynaqlarını isə palpasiya edin. Əgər ağrının səbəbi qeyri-müəyyən olaraq qalırsa bu halda stomatoloqun müayinəsinə ehtiyac duyulur.
- Boyundan qaynaqlanan ağrı adətən qulaq mənşəli olur. Gərgin boyun əksər hallarda döş-körpücük-məməyəbənzər əzələ (lat. sternocleidomastoid) ətrafında ağrıya səbəb olur. Qulaq ağrısı, həmçinin servikal etiologiyalı da ola bilər. Qulaq ağrısından əziyyət çəkən xəstənin vəziyyətini qiymətləndirmək məqsədilə xəstənin boyun əzələlərinin palpasiyası, xüsusi əhəmiyyət kəsb edir.
- Faringeal sahənin xəstəlikləri qulaq ağrısının əsas səbəblərindən hesab olunur. Tonzilit və ya peritonzilyar abses mənşəli ağrı qulağa dil-udlaq siniri (lat. glossopharyngeal) vasitəsilə ötürülür.
- Udlaq, dil və ya damaqdan qaynaqlanan ağrı çətin nəzərə çarpan patologiya (məs., kiçik şiş) mənşəli ola bilər.
- Qulaq (və ya parotid) tüpürcək vəzinin xəstəlikləri də qulaq ağrısına səbəb ola bilər.
- Azan siniri (lat, nervus vagus) qırtlaq, yemək borusu, tiroid vəzi və ya bronxlardan gələn ağrıların ötürülməsində vasitəçi ola bilər.
- Döş qəfəsinin və boynun böyük arteriyalarının disseksiyası və ya digər pozğunluqları da həmçinin simpatik sinir sistemi vasitəsilə qulaq ağrısına səbəb ola bilər.
Müayinələr
- Qulaq müayinəsinə əlavə olaraq, vaxtaşırı aparılan otolarinqoloji müayinənin digər növləri də yerinə yetirilir.
- Temporomandibulyar oynaqların palpasiyası (xəstə ağzını təkrar açıb bağladığı zaman oynaq xarici qulaq kanalının (latin: meatus acusticus externus) girişində hiss edilir).
- Boynun palpasiyası
- Hətta temporomandibulyar oynaqdan qaynaqlanan bütün səbəblərin görüntüləməsinə imkan verməsə də (məs., temporomandibulyar oynaq diskinin disfunksiyası), uzun sürən hallarda ortopantomoqrafiya üsulundan istifadə edilir.
Əlavə araşdırmalar
- Əgər proses xroniki hal alarsa və ağrının səbəbi qeyri-müəyyən olaraq qalarsa otorinolarinqoloqun (qulaq-burun-boğaz) konsultasiyası məsləhət görülür. Əgər səbəbin temporomandibulyar oynaq və ya diş oklyuziyası mənşəli olduğundan şübhələnilərsə, stomatoloqun konsultasiyası məsləhət görülür.