Uşaqlarda struktur anomaliyaları
EBM Klinik protokolları
13.08.2013 • Sonuncu dəyişiklik 13.08.2013
IlkkaKunnamo
Əsaslar
- İlkin qəbulda aşağıda sadalanan struktur anomaliyalarından heç biri üçün (ayaqla bağlı patoloji vəziyyətlər istisna olunmaqla) sistematik qaydada skrininq tələb olunmur.
- Anomaliyaların əksəriyyəti uşağın böyüməsi və inkişafı ilə bağlı olaraq yaşla əlaqədar normal variasiyalardır. Uşaq heç bir simptomdan şikayətlənmir və anomaliyalar adətən uşağın yetkinlik dövründə sağlamlığına təsir göstərmir.
Ətrafların struktur anomaliyaları
- Metatarsus adductus ("yaxınlaşan ayaq darağı sümükləri") ayağın ön hisəsisinin (pəncənin) daxili rotasiyası ilə xarakterizə olunur və pəncənin iç səthində əyilməyə səbəb olur. İmmobilizə edici sarğılar, o cümlədən gips sarğısı və ya bəzən cərrahiyəyə ehtiyac ola bilər.
- Yastıpəncəlik. Əgər pəncə sərbəst olaraq inversiya və eversiya oluna bilirsə, uşaq barmaqları üstə durduqda valqus bucağı itirsə yastıpəncəlik klinik cəhətdən əhəmiyyətsiz tapıntıdır. Ayağın forması və sakit vəziyyətdə uşaqda qeyd edilən "böyümə ağrıları" arasında heç bir səbəb-nəticə əlaqəsi mövcud deyil. Əgər yastıpəncəlik birtərəflidirsə, sərtdirsə, palpasiya etdikdə və ya ətrafa ağırlıq salındıqda ağrılıdırsa patoloji əhəmiyyətə malikdir.
- Varus və valqus yerişi (ayaqlar xaricə və daxilə rotasiya olunmuşdur) müalicəyə ehtiyac olmayan normal bir vəziyyətdir. Adətən bu vəziyyət bud-çanaq oynağının pozasında yaşla əlaqəli dəyişiklik ilə bağlıdır.
- Genu varum (diz oynaqlarının varus deformasiyası və ya O-vari aşağı ətraflar) bütün yenidoğulmuşlarda və həmçinin əksər körpələrdə normal bir vəziyyətdir. Əgər asimmetrikdirsə və ya iki yaşdan sonra pisləşirsə mütəxəssis konsultasiyası üçün göstəriş vardır.
- Simmetrik genu valgum (diz oynaqlarının simmetrik valqus deformasiyası və ya X-vari diz oynaqları) yaşla əlaqəli normal vəziyyətdir və adətən təxminən 3 yaşda ən çox nəzərə çarpır. Birtərəfli və ya əhəmiyətli dərəcədə olan (iç topuq çıxıntılar arası məsafə 10 sm-dən daha böyük), eləcə də məktəb yaşında proqressivləşməyə davam edən genu valgum mütəxəssis konsultasiyası üçün göstərişdir.
- Ayaq barmaqlarının üst-üstə düşməsi (əyilməsi) aşağıda yerləşən barmaqda bükücü əzələ vətərinin ifrat gərilməsi nəticəsində yaranır. Bu vəziyyət heç bir funksional pisləşməyə səbəb olmur. Cərrahi korreksiya (vətərin kəsilməsi) yalnız estetik səbəblər baxımından göstərişdir.
- Əl barmaqlarının sindaktiliyası (barmaqların pərdəli olması). Əgər sümük bitişməsi varsa və ya anomaliya birinci və ikinci barmaqları əhatə edirsə sindaktliya doğuşdan sonra tezliklə uşaq cərrahı tərəfindən qiymətləndirilməlidir. Digər hallarda cərrahi korreksiya 4-5 yaşlarda aparılmalıdır. Bütün sindaktiliya halları uşaq cərrahı tərəfindən qiymətləndirilməldir. Ayaq barmaqlarının sindaktiliyası yalnız estetik səbəblər baxımından göstərişdir.
Gövdədə anomaliyalar
- Fimoz azyaşlı oğlanlarda normal bir haldır. Obstruktiv balanit (kserotik obliterasiya olmuş balanit) sirkumsiziya müdaxiləsi üçün yeganə mütləq göstərişdir. Sirkumsiziya üçün nisbi göstərişlərə təkrarlanan irinli balanit və parafimoz (pülüyün penisin başından arxada sıxılaraq pərçimlənməsi) daxildir. Sidik ifrazı zamanı pülüyün qabarması təklikdə cərrahiyyə üçün bir göstəriş deyil. Kəskin balanit sahənin vanna edilməsi və pülüyün altına kiçik dozalı antibiotik (göz məlhəmləri) məlhəminin tətbiqi ilə müalicə olunur.
- Göbək yırtığı. Əgər bir yaşdan sonra əl barmağı yırtıq dəliyindən keçə bilirsə (yəni, yırtıq kanalının diametri ən azı 1,5 sm-dirsə) göbək yırtığı cərrahi müalicə olunmalıdır.
- Göbək yırtığı olan bütün 4 yaşlı və ya daha böyük uşaqlar uşaq cərrahına yönəldilməlidir.
- Qasıq yırtığı mütəxəssis müayinəsinə göndərilmə üçün həmişə bir göstərişdir.
- Valideynlərə qabaran yırtığın özlüyündə təhlükəli olmadığı deyilməlidir. Həmçinin, valideynlərlə yırtığın yerinə salınması qaydası barədə təlimat aparılmalı, əgər yırtığın yerinə salınması mümkün deyilsə və uşaq aydın surətdə narahatlıq keçirirsə həkimə müraciət etməsi məsləhət görülməlidir.
- Yaşı 6 aydan az olan uşaqda qasıq yırtığı asanlıqla boğulmaya məruz qalır və bir neçə həftə ərzində əməliyyat olunmalıdır.
- Hidrosele. Uşaq 4 yaşa çatmazdan öncə hidroselenin əməliyyat olunmasına ehtiyac yoxdur. Daha azyaşlı uşaqlarda hidrosele ilkin səhiyyə xidmətində monitorinq edilə bilər. Ağrılı, əhəmiyyətli ölçülü və ya körpəlik dövründən sonrakı yaşlarda üzə çıxan hidrosele daha tez əməliyyat edilir.
- Piqment ləkələri adətən təhlükəsizdir (şəkil ).
- Hemangioma uşağın bir yaşına qədərki zaman ərzində böyüyə bilər. Bu fakt valideynlərə qabaqcadan deyilməlidir. Həmçinin, valideynlər hemangiomanın spontan surətdə reqressiya etməyə meyli barədə məlumatlandırılmalıdır (şəkil ).
- Yenidoğulmuşlarda əyriboyunluq (torticollis və ya döş-körpücük-məməyəbənzər əzələnin "psevdoşis"-i) pozalarla terapiya və fizioterapiya (müalicəvi bədən tərbiyəsi) ilə müalicə oluna bilər. Əgər əzələ yığılmış vəziyyətdə qalmaqda davam edirsə 10-12 aylıq yaşlarda cərrahiyyə göstəriş ola bilər.
- Pectus carinatum ("toyuq döş qəfəsi") cərrahiyyə üçün göstəriş deyil. Ağır dərəcəli pectus excavatum (döş qəfəsinin qıfa bənzər deformasiyası) üçün cərrahi korreksiya tələb oluna bilər.
Dil yüyəni
- Dilin qısalnmış yüyəni. Əgər dil ucunun yuxarı dişlərə toxunmasının qarşısını almırsa, qidalanmaya mane olmursa və ya 4 yaşdan böyük olan uşaqlarda şifahi nitq problemləri ilə əlaqəli deyilsə dilin qısalmış yüyəni üçün cərrahi müdaxilə tələb edilmir. Qısalmış yüyənlərin əksəriyyəti zaman keçdikcə spontan olaraq dartılır.
- Yenidoğulmuş çağada yüyənin kəsilməsi cəld və asan olub doğum evində aparıla bilər. Əgər bu prosedur daha gec yaşlarda tələb olunursa LOR-həkim tərəfindən aparılmalıdır.