Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Qanda kreatinin konsentrasiyasının yüksək olması, hYFS (eGFR) və böyrəyin funksional sınaqları

Mündəricat

Qanda kreatinin konsentrasiyasının yüksək olması, hYFS (eGFR) və böyrəyin funksional sınaqları

EBM Klinik protokolları
21.09.2018 • Sonuncu dəyişiklik 15.05.2017
HeikkiSaha

Qısa Məlumat

Əsas məqamlar

  • Böyrək funksiyasını əks etdirən əsas sınaqlar plazmada kreatinin konsentrasiyası, kreatinin konsentrasiyanın nəticəsi əsasında hesablanan yumaqcıq filtrasiyası sürəti (hYFS, ing. eGFR) və sidik analizidir.
  • Proteinuriya və/və ya hematuriya ilə birgə və ya onlar olmadan filtrasiya sürətinin aşağı düşməsi, böyrək xəstəliyi haqda düşündürür.
  • hYFS 60 ml/dəqiqə səviyyəsindən yuxarıdırsa, böyrək xəstəliyi haqda düşündürən digər əlamətlər (hematuriya, proteinuriya, şəkərli diabet pasiyentində mikroalbuminuriya) mövcud olmadığı təqdirdə, növbəti müayinələr və ya nəzarətə ehtiyac yoxdur.

Böyrək xəstəliyinin mövcudluğunu göstərən əlamətlər

  • Böyrəklərin funksiyası zəifləyibsə
    • yumaqcıq filtrasiyası sürəti (YFS) azalır və/və ya
    • sidiklə zülal, eritrosit və ya digər substansiyalar normadan artıq səviyyədə ifraz edilir.
  • Bu proseslər bir-birindən asılı olmayaraq inkişaf edə bilər: sidiklə böyük miqdarda zülal hətta YFS normal saxlanıldıqda da xaric edilə bilər (məs., nefrotik sindrom) və, digər tərəfdən, ağır böyrək çatışmazlığı ilə olan pasiyent, demək olar ki, normal sidik analizi nəticəsi göstərə bilər (məs., yaşla-əlaqəli işemik nefropatiya, böyrəyin kistoz xəstəliyi).
  • Böyrək xəstəlikləri üçün skrininq və ilkin laborator diaqnostika məqsədilə yalnız sadə və baha başa gəlməyən metodlar tələb edilir (acqarına plazma kreatinini/hYFS və sidiyin analizi). Kontrol müayinələr bu sınaqların nəticələrinə əsaslanaraq aparılır.
  • Bax proteinuriya  və hematuriya .

Böyrək funksiyasının qiymətləndirilməsi

  • Plazmada acqarına kreatinin konsentrasiyasının təyin edilməsi həm skrininq məqsədləri üçün, həm də böyrək xəstəliyi ilə olan pasiyentin monitorinqində əsas müayinə olaraq qalır. Nəticə hYFS hesablanması üçün istifadə edilir (kalkulyator proqramı ). Kalkulyator uşaqlarda hYFS hesablanması üçün istifadə edilməməlidir.
  • Dəqiq YFS-ni radioaktiv nişanlanmış yoheksol və ya Cr-EDTA molekulunun istifadəsilə təyin etmək mümkündür, lakin bu texnikalar rutin klinik praktika üçün uyğun deyil.
  • Plazmada sidik cövhəri
    • Skrininq məqsədləri və ya ilkin müayinələr üçün istifadə edilməməlidir. Bədəndə sidik cövhərinin sintezinə qəbul edilən zülalın miqdarı və toxuma parçalanmasının sürəti təsir göstərir. Misal olaraq, toxuma katabolizminin artması (infeksiya, zədələnmə) və qlükokortikoid dərman preparatlarının təsiri nəticəsində plazmada sidik cövhərinin konsentrasiyası yüksələ bilər.
    •  Xroniki böyrək çatışmazlığının monitorinqində uremiyanın səviyyəsinin dəyərləndirilməsi və dializə məruz qalan pasiyentlərdə müalicənin effektivliyinin qiymətləndirilməsi üçün istifadə edilir.
  • Sistatin C
    • Bədəndə nüvəli hüceyrələr tərəfindən sabit sürətlə sintez edilən kiçik zülaldır.
    • Sərbəst şəkildə yumaqcıqlardan filtrasiya olunur, böyrək borucuqlarında reabsorbsiya edilir və demək olar ki, tam parçalanır.
    • Kreatinin konsentrasiyası ilə müqayisədə YFS göstəricisi kimi daha dəqiqdir, xüsusilə yüngül dərəcəli böyrək çatışmazlığında, lakin hYFS-dən üstün deyil. Eyni zamanda, müayinənin maliyyə dəyəri kreatinin konsentrasiyası ilə müqayisədə daha yuxarıdır. Pasiyentin əzələ kütləsinin norma xaricində olması aydın görünürsə, kreatininlə birgə ölçülməsi tövsiyə edilir.

Kreatinin böyrək funksiyasının göstəricisi kimi

  • Böyrək funksiyasından əlavə, kreatinin konsentrasiyasına pasiyentin əzələ kütləsi təsir göstərir.
    • Əzələ kütləsi yaxşı inkişaf etmiş bir kişidə kreatinin konsentrasiyası, hətta normal böyrək funksiyası durumunda normanın yuxarı həddindən çox ola bilər (bu halda, sistatin C konsentrasiyası norma çərçivəsindədir).
  • Yaşlandıqca böyrəklərin funksional vahidləri olan nefronların bəziləri destruksiyaya uğrayır, bu da yumaqcıq filtrasiyasının azalması ilə nəticələnir. Bununla bərabər, kreatinin konsentrasiyası adətən sabit qalır, belə ki, yaşlanma eyni zamanda əzələ kütləsinin itməsinə gətirir.
    • Məsələn, yaşlı, ölçüləri kiçik olan bir qadında kreatinin konsentrasiyası normal hüdudlar çərçivəsində ikən, YFS xeyli azalmış ola bilər. 
  • Cins və yaşın təsiri kreatinin klirensi və ya formulla hesablanmış YFS (hYFS) göstəricisinin istifadəsilə aşağı salına bilər.
  • Kreatinin səviyyələrinə əsaslanan formullar, sidik toplamağa ehtiyac olmadan, YFS-i kifayət qədər dəqiqliklə hesablamağa və  böyrək xəstəliyinin mərhələsini dəyərləndirməyə imkan verir.
  • Nəzərdə tutulmalıdır ki, YFS üçün formullar onun yalnız real göstəriciyə yaxın ölçüsünü verəcək. Hazırki kalkulyatorlarda CKD-EPI formulu istifadə edilir.
  • Pasiyent diabetik nefropatiya və ya böyrək disfunksiyasının bəzi digər təzahürlərinə (proteinuriya, hematuriya) malik olduqda, hYFS kalkulyasiyası özünü xüsusən doğruldur. Xüsusilə yaşlı pasiyentlərdə, hYFS böyrəklər vasitəsilə xaric edilən dərman preparatları dozasının korreksiya edilməsində kömək edir.

Böyrək çatışmazlığının təsnifatı

  • Kalkulyasiya edilmiş hYFS cədvəldə göstərildiyi kimi böyrək xəstəliyi mərhələsinin ölçülməsi üçün istifadə edilə bilər.
Kalkulyasiya edilmiş YFS (hYFS) əsasında böyrək çatışmazlığının ağırlıq dərəcəsi
Mərhələ Təsviri hYFS (ml/dəq)
1. Normal > 90
2. Yüngül 60–89
3. Mötədil 30–59
4. Ağır 15–29
5. Terminal-mərhələli böyrək xəstəliyi < 15
  • hYFS 60 ml/dəqiqə  səviyyəsindən aşağı düşdükdə (mərhələ 3–5) böyrək xəstəliyi kliniki əhəmiyyətlidir.
  • hYFS 60 ml/dəqiqə səviyyəsindən yuxarıdırsa, böyrək xəstəliyinin mövcudluğunu göstərən digər əlamətlər (hematuriya, proteinuriya, şəkərli diabetli pasiyentdə mikroalbuminuriya) qeyd edilmirsə, sonrakı müayinələr və ya kontrola ehtiyac qalmır.
  • Yaşın artması ilə YFS düşür, və yaşlı şəxslərdə yuxarıdakı formullarla kalkulyasiya edilən hYFS çox zaman aşağıdır. Yaşlı pasiyentlərdə, hYFS kifayət qədər aşağı ola bilər (30–45 ml/dəqiqə) və pasiyentdə eyni vaxtda proteinuriya, şəkərli diabet və ya kontrol edilməyən hipertenziyanın qeyd edilmədiyi təqdirdə,  bu proqressiv bir böyrək xəstəliyi mövcudluğunun göstəricisi sayılmaya bilir.

Kreatinin konsentrasiyasının yüksəlməsi zamanı müayinələr

  • Pasiyentin anamnezinin təhlili: ilkin səbəb rolunda çıxış edəcək vəziyyətlər varmı?
    • Daha əvvəllər böyrək xəstəliyi (kreatinin konsentrasiyası, proteinuriya, hematuriya)
    • Hipertenziya və müvafiq dərman preparatlarının qəbulu
    • İlkin səbəb rolu oynayan digər vəziyyətlər (şəkərli diabet, ateroskleroz, prostat vəzi hipertrofiyası, revmatik xəstəliklər, vaskulit, mieloma, sarkoidoz)
    • Dərman preparatları və ya digər toksik amillərin təsiri (iltihab əleyhinə preparatlar, AÇF inhibitorları, angiotenzin reseptoru blokatorları, trimetoprim, sidikqovucular, kontrast maddələr, alkoqol əvəzedicisi kimi istifadə edilən substansiyalar)
  • Fiziki müayinə
    • Ümumi vəziyyət (dehidratasiya və qızdırmanın mövcudluğu kəskin xəstəlik olmasını göstərir)
    • Arterial qan təzyiqi (böyrək xəstəliyində çox zaman yüksəkdir, pasiyentdə dehidratasiyanın olduğu halda azala bilər)
    • Arteriyaların palpasiya və auskultasiyası (damar xəstəliyi)
    • Qarının palpasiyası (kistoz böyrəklər, sidik ləngiməsi)
    • Düz bağırsağın müayinəsi (böyümüş prostat vəzi, göstəriş olduğu halda qalıq sidiyin ölçülməsi)
    • Ödem (nefroz, aşağı albumin səviyyəsi)
  • Göstəriş sayılan digər müayinələr
    • Sidiyin analizi, yəni test-zolaqla sidik analizi , və göstəriş üzrə - sidik çöküntüsü və sidiyin bakterioloji əkməsinin müayinəsi (böyrək xəstəliyinin digər əlamətləri)
    • Sidikdə albumin/kreatinin nisbəti, və bu normada olmadığı təqdirdə, sidiklə gecə ərzində albumin ekskresiyası - xüsusilə şəkərli diabetli pasiyentlərdə və ya 24-saat ərzində sidiklə zülal ekskresiyası müayinəsi
    • Qanın klinik analizi (anemiya, trombositopeniya), CRZ, EÇS
    • Zərdabda albumin (ağır proteinuriya varsa; > 3 q/24 saat)
    • Elektrolitlər (kalium, kalsium, fosfatlar; pasiyentdə hiperkaliemiya, hipo- və ya hiperkalsiemiya və ya hiperfosfatemiya ola bilər)
    • Böyrəklərin ultrasəs müayinəsi (böyrəklərin ölçüsü, parenximada dəyişikliklər, hidronefroz, kistlər)

 Mütəxəssisə nə zaman müraciət edilməli

  • Mütəxəssislə konsultasiya aparılmasına səbəb həm diaqnozun qoyulması, həm də mövcud böyrək xəstəliyi müalicəsinin optimallaşdırılmasıdır. Bunlara nail olunduqdan sonra pasiyent öz həkiminin nəzarəti altına qayıda bilər.
  • Təcili göndəriş
    • Böyrək çatışmazlığından əlavə, pasiyentin kəskin xəstəliyə aid əlamət və ya simptomlar (məs., qızdırma, yuxarı və ya aşağı tənəffüs yolları və ya oynaqları əhatə edən simptomlar) nümayiş etdirdiyi aşkarlanırsa. Pasiyentdə qısa müddətdə böyrək çatışmazlığının ağırlaşması baş verə bilər, və diaqnozun tez qoyulması və müalicənin başlanması vacibdir .
  • Təcili olmayan göndəriş
    • Böyrək funksiyasının pozğunluğu, hətta sadəcə təsadüfi aşkarlandığı hallarda belə, etioloji cəhətdən araşdırılmalıdır, xüsusilə vəziyyətin getdikcə proqressivləşdiyi (getdikcə artan kreatinin/azalan YFS) və ya eyni zamanda böyrək xəstəliyinin digər əlamətlərinin mövcud olduğu (proteinuriya) hallarda.
  • Aşağıdakı hallarda göndəriş verilməsinə ehtiyacı görülmür :
    • pasiyent ciddi yanaşı xəstəliklərə malikdir, və böyrək xəstəliyi proqnoz nöqteyi nəzərindən xüsusi əhəmiyyət kəsb etmir
    • yaşlı pasiyentdə aşağı hYFS (hətta 30–45 ml/dəq qədər) qeyd olunur, lakin vəziyyət proqressivləşmir (plazmada kreatinin konsentrasiyası sabitdir, artım yoxdur), qan təzyiqi medikamentoz terapiya ilə kontrol edilir və pasiyentdə böyrək xəstəliyi ilə assosiasiya olunan metabolik problemlər  (məs., anemiya, hiperfosfatemiya, asidoz) və ya əhəmiyyətli dərəcəli proteinuriya (0,5–1,0 q/24 saat səviyyəsindən yuxarı) yoxdur.
  • Problemli hallarda, nefroloqla telefon vasitəsilə konsultasiya həmişə nəzərdə saxlanılmalıdır.