İdmançı ürəyi
EBM Klinik protokolları
26.06.2018 • Sonuncu dəyişiklik 29.01.2014
HannuParikka
Əsas məqamlar
- İntensiv, uzunmüddətli məşqlər mədəciklərin ölçüsünü bir qədər artıra və divarlarını qalınlaşdıra bilər.
- EKQ-də sinus bradikardiyası, QRS voltajının artması, erkən repolyarizasiya və T dişində dəyişikliklər qeyd oluna bilər.
- İdmançı ürəyi ilə bağlı dəyişikliklər həmişə asimptomatikdir və məşqlərin keçirilmədiyi dövr ərzində geri dönür.
- Ürək xəstəliyinə işarə edən simptomlar, növbəti müayinələr üçün göstəriş təşkil edir.
Açıqlaması
- İdmançı ürəyi dedikdə intensiv və uzunmüddətli məşqlər nəticəsində, ürəyin strukturu və onun elektrik aktivliyində adaptiv dəyişikliklərin baş verməsi nəzərdə tutulur.
- Dəyişikliklər yüksək təzyiq və maye ilə yüklənmə, həmçinin azan sinir tonusunun üstünlüyü nəticəsində yaranır.
- Dəyişikliklər adaptiv xarakter daşıyır və beləliklə, intensiv fiziki məşqlər dayandırıldıqdan sonra geri dönür.
Struktur dəyişiklikləri
- Mədəcik boşluğu ölçüsünün böyüməsi, dözümlülük tələb edən idman növləri ilə məşğul olanlarda, güc idman növləri ilə məşğul olanlarla müqayisədə daha aydın görünür.
- Mədəcik divarının qalınlığının artması, güc idman növləri ilə məşğul olan atletlərdə, dözümlülük tələb edən idman növləri ilə məşğul olanlarla müqayisədə özünü bir qədər daha qabarıq biruzə verir.
- Sol mədəciyin əzələ kütləsinin artması
- Əhəmiyyətli dərəcəli exokardioqrafik pozğunluqlar kişi idmançılarda nadir rast gəlinir, qadın idmançılar arasında, demək olar ki, heç qeyd olunmur.
- Həm struktur, həm elektrik keçiriciliyi dəyişiklikləri neqroid irqə mənsub idmançılarda özünü daha qabarıq göstərir.
EKQ və ritmdə anomaliyalar
- Sinus bradikardiyası, 30 v/dəq-dən aşağıdır, xüsusilə dözümlülük tələb edən idman növləri ilə məşğul olan atletlərdə
- Arioventrikulyar əvəzedici ritm epizodları
- PR intervalının uzanması və keçici Venkebax tipli atrioventrikulyar blokada
- Bradikardiya, istisnasız olaraq, yalnız sakitlik vaxtı və gecə meydana çıxır, fiziki gərginlik zamanı aradan qalxır.
- EKQ-də mədəcik hipertrofiyası üçün voltaj meyarları qarşılanır, xüsusilə sol mədəcik üçün. Bu daralmış, lakin dərinləşməmiş Q dişi ilə assosiasiya oluna bilər, miokardın yüklənməsi əlamətləri yoxdur.
- Erkən repolyarizasiya ilə ST seqmentinin müəyyən qədər yüksəlməsi, xüsusilə V1–V3 aparmalarında, və V1–V3 aparmalarında hündür T dişi ilə, onun yüngül terminal mənfiləşməsi (şəkil ).
- Fiziki gərginlik zamanı repolyarizasiya dəyişiklikləri yox olur.
- His dəstəsinin sağ ayaqcığının natamam blokadası çox geniş rast gəlinir.
- Dözümlülük tələb edən idman növləri ilə məşğul olan atletlərin bəzilərində mədəcik ekstrasistolaları rast gəlinir, bununla yanaşı struktur cəhətdən ürək intaktdır.
- Dözümlülük tələb edən idman növləri ilə məşğul olmuş veteran atletlər üçün qulaqcıq fibrilyasiyasının inkişaf etmə ehtimalı nisbətən yuxarıdır.
Diferensial diaqnoz
- Dəyişikliklər, simptomların olmadığı halda belə ürək xəstəliyi ilə bağlı şübhə yarada bilər.
- Ən önəmli problem hipertrofik kardiomiopatiya ilə diferensial diaqnostikadır ki, bu patologiyanın istisna edilməsi üçün exokardioqrafiya, ürəyin MRT müayinəsi və bəzi hallarda, ixtisaslı tibbi xidmət səviyyəsində invaziv müayinələr tələb olunur.
- Həmçinin digər kardiomiopatiyalar (şəkil ), miokarditlər, ürəyin işemik xəstəliyi və qulaqcıqarası çəpərin defekti nəzərdə saxlanılmalıdır.
- EKQ-dəki dəyişikliklərin asimptomatik faza müddətində və ya intensiv məşqlərin başlanmasından əvvəl çəkilmiş EKQ ilə müqayisəsi, diaqnoz qoyulmasına kömək edə bilər.
- Morfoloji dəyişikliklər, məşqlər 2-3 aylıq tam olaraq dayandırılarsa, normallaşacaq.
- Tez-tez mədəcik ekstrasistolaları (məsələn 24 saat ərzində > 100 mədəcik ekstrasistolası və ya qrup mədəcik ekstrasistolalarının qısa epizodları) bütün hallarda ixtisaslaşmış tibbi xidmət səviyyəsində araşdırılmalıdır; onlar ürək xəstəliyinin başlanğıc mərhələsinin göstəricisi ola bilər.
- İdman məşqlərindən qaynaqlanan adaptiv dəyişikliklər həmişə asimptomatikdir. Əgər idmançıda ürək xəstəliyi barədə düşündürən simptomlar inkişaf edirsə, ətraflı müayinələrin, çox zaman ixtisaslaşmış tibbi xidmət səviyyəsində (exokardioqrafiya , fiziki yük verilməsi ilə EKQ , davamlı ambulator EKQ monitorinqi, ürəyin MRT müayinəsi, göstəriş olduqda invaziv müayinələr) aparılması göstərişdir.
Kəsb etdiyi önəm
- Gəncliyində idmanla məşğul olmuş və bir neçə ildir ki, məşq etməyən bir şəxsdə ürəkdə morfoloji dəyişiklər və ya ritm pozğunluqları, bütün hallarda ürək xəstəliyi və ya idiopatik aritmiya əlamətləri kimi interpretasiya edilməli və növbəti müayinələr üçün göstərişdir.
- İdman ürək xəstəliyi və ya idman üçün spesifik aritmiyalara səbəb olmur.
- İdman aktivliyi sırasında meydana çıxan çox nadir qəfləti ölüm halları (1–2 hadisə /100 000 idmançı), bütün hallarda diaqnostika edilməmiş hər hansı miokardial xəstəliyin (ən çox hipertrofik kardiomiopatiya), məlum yüngül ürək qüsurunun ağırlaşmalarının və ya kəskin ürək hadisəsinin (işemiya, miokardit) nəticəsi olur.
- Avropa Kardiologiya Cəmiyyəti razılaşma komissiyası və Beynəlxalq Olimpiya Komitəsinin Tibbi Komissiyası qəfləti ölümün profilaktikası üçün yarışlarda iştirak edən idmançıların ürək xəstəlikləri ilə əlaqədar skrininqinin 12-14 yaşlarda başlanılması və 35 yaşadək davam etdirilməsini tövsiyə edir.
- Hərtərəfli fərdi və ailə anamnezi (xüsusilə ailə üzvləri arasında qəfləti ölüm), fiziki müayinə və EKQ
- Sağlıq durumu, müntəzəm qaydada hər iki ildən bir və ya əldə edilən nəticələrə müvafiq olaraq izlənilməlidir.
- Dəyərləndirmə xüsusi təlim keçmiş bir həkim tərəfindən həyata keçirilməlidir.
- Xoşxassəli proqnoza malik yüngül, asimptomatik ürək xəstəliyi yüksək nailiyyətlər idmanı ilə bağlı fəaliyyətinin davam etdirilməsi üçün mütləq əngəl sayılmır, lakin bir sıra ürək xəstəlikləri (struktur və ya elektrik keçiriciliyi ilə bağlı; ciddi qapaq patologiyaları, kardiomiopatiyalar, ürəyin işemik xəstəliyi, miokarditlər, Marfan sindromu, QT intervalının uzanması sindromu daxil) idman yarışlarından imtina olunması ilə bağlı tövsiyələri zəruri edir. Bu cür qərarların qəbulunda kardioloqun rəyi əsasdır.
Corrado D, Pelliccia A, Bjørnstad HH et al. Cardiovascular pre-participation screening of young competitive athletes for prevention of sudden death: proposal for a common European protocol. Consensus Statement of the Study Group of Sport Cardiology of the Working Group of Cardiac Rehabilitation and Exercise Physiology and the Working Group of Myocardial and Pericardial Diseases of the European Society of Cardiology. Eur Heart J 2005;26(5):516-24.