Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Leyşmanioz

Mündəricat

Leyşmanioz

EBM Klinik protokolları
28.02.2017 • Sonuncu dəyişiklik 28.02.2017
HeliSiikamäki

Törədici amil

  • Qamçılı ibtidai Leishmania

Yayılması

  • Dəri leyşmaniozu
    • Aralıq dənizi ölkələri, Asiya, Afrika, Orta və Cənubi Amerika
    • Hadisələrin ⅔ hissəsindən çoxu 6 ölkənin payına düşür: Əfqanıstan, İran, Suriya, Əlcəzayır, Braziliya və Kolumbiya
  • Dəri-selikli qişa leyşmaniozu
    • Cənubi və Mərkəzi Amerika
    • Bütün hadisələrin 90%-i üç ölkədədir; Boliviya, Braziliya və Peru
  • Visseral leyşmanioz (kala-azar)
    • Aralıq dənizi ölkələri (İspaniyanın şərq sahili üçün endemikdir), Asiya, Afrika, Cənubi və Mərkəzi Amerika
    • Bütün hadisələrin 90%-i 6 ölkədədir: Banqladeş, Hindistan, Efiopiya, Cənubi Sudan, Sudan və Braziliya

Ötürülməsi

  • Xəstəlik insanlara insan məskənləri yaxınlığında yaşayan və gecələr qan soran mığmığalar vasitəsilə ötürülür.
  • İnfeksiya mənbələri, leyşmaniya növündən asılı olaraq, itlər, insanlar, gəmiricilər və digər heyvanlardır. 

Bütün dünya üzrə önəmi

  • Dörd qitədə rast gəlinir. 98 ölkə üçün endemikdir, bunların əksəriyyəti inkişaf etməkdə olan ölkələrdir.
  • Visseral leyşmanioz: hər il təxminən 300 000 yeni hadisə, > 20 000 ölüm, epidemiyalar
  • Dəri leyşmaniozu: il ərzində bir milyon yeni hadisə
  • Digər bölgələrdə, xəstəlik endemik ərazilərdən səfərdən gələnlərdə və ya immiqrantlarda rast gəlinə bilər.

Əlamətlər və simptomlar

  • Bütün infeksiyalar simptomatik olmur.
  • Dəri leyşmaniozunda, bir neçə həftə və ya aylar sürən inkubasiya dövründən sonra, dəri üzərində mığmığanın dişlədiyi yerdə qaşınan papula meydana çıxır. Papula, kənarları yüksəlmiş, dibində qranulyasiya və ifrazat olan dairəvi kraterə-bənzər xoraya çevrilir. Xora bir neçə il ərzində sağalır, lakin yerində çapıq qalır.
  • Dəri-selikli qişa leyşmaniozu üz nahiyəsində zədələnmə ilə başlayır ki, bu daha sonralar sağalır.  Selikli qişadakı xoralar bir neçə aylar və ya illər sonra inkişaf edir. Bu xoralar  burun arakəsməsi və ağız və burunun yumşaq strukturlarını tamamilə destruksiya edə bilər.
  • Visseral leyşmaniozun inkubasiya dövrü adətən 3–8 aydır, lakin 3 həftədən 2 ilədək dəyişə bilər. Tipik simptomlara qızdırma və çəkinin itməsi aiddir. Digər mümkün simptomlara ishal, tünd piqmentləşmiş dəri zədələnmələri və qanaxma simptomları daxildir. Fiziki müayinə zamanı ən çox rast gəlinən əlamətlər limfadenopatiya və hepatosplenomeqaliyadır, həmçinin pansitopeniya və hiperqammaqlobulinemiya qeydə alınır.
    • Visseral leyşmanioz, immunçatışmazlığının inkişaf etdiyi halda, birincili infeksiyadan hətta onilliklər sonra da meydana çıxa bilər. Simptomlar ağır dərəcəli və ya atipik ola bilər. Visseral leyşmanioz İİV infeksiyası ilə əlaqəli önəmli opportunistik infeksiyadır.

Diaqnostika

  • Dəri və dəri-selikli qişa leyşmaniozu üçün, zədələnmənin kənarından biopsiya və ya toxuma qaşıntısı götürülməlidir.
  • Visseral leyşmanioz üçün, adətən sümük iliyi biopsiyası toplanılır.
  • Toplanmış toxuma nümunələri boyama, əkmə və PZR müayinəsinə göndərilməlidir.
  • PZR boyama və ya əkmə ilə müqayisədə daha həssas olub, eyni zamanda leyşmaniya növünü ayırd edir ki, bunun dəri leyşmaniozunda müalicə seçiminə təsiri vardır.
  • Visseral leyşmanioz zamanı, həmçinin zərdabda anticisimlər aşkar edilə bilər.

Müalicə və proqnoz

  • Müalicə ixtisaslaşmış xəstəxanalarda mərkəzləşdirilə bilər.
  • Dəri leyşmaniozu kiçik cərrahiyyə əməliyyatı və ya farmakoterapiya ilə müalicə edilir (leyşmaniya növündən asılı olaraq, beşvalentli sürmə, liposomal amfoterisin B, pentamidin və ya imidazol törəmələri). Dəri leyşmaniozuna yoluxma Amerika qitəsində baş verdikdə, müalicə, dəri-selikli qişa leyşmaniozunun inkişafı riski ilə əlaqədar adətən sistem preparatlarla aparılır"?>.
  • Visseral leyşmanioz müalicəsiz qaldıqda çox zaman ölümlə nəticələnir. Dərman müalicəsi liposomal amfoterisin B və ya beşvalentli sürmə birləşmələrindən təşkil olunur.
  • Faktiki olaraq, dəri-selikli qişa leyşmaniozunun müalicəsi"?> visseral leyşmaniozun müalicəsi ilə eynidir.
  • Dərman müalicəsinə yaxşı cavab verir, lakin dəri-selikli qişa leyşmaniozu müalicəsi ən mürəkkəb olan formadır.

İndividual səviyyədə profilaktika

  • Vaksin və profilaktik dərman preparatları mövcud deyil.
  • Mığmığalardan qorunma: qaranlıq saatlarda açıq havada qalmaqdan çəkinmək, bədəni örtən geyim, örtüksüz qalan dəri üzərinə həşərat repellentlərinin istifadəsi, insektisidlərlə işlənilmiş yataqüstü torlar. Kiçik ölçüsü ilə əlaqədar, mığmığa insektisidlə işlənilməmiş tordan keçmək qabiliyyətinə malikdir.

Müvafiq resurslar

Copeland NK, Aronson NE. Leishmaniasis: treatment updates and clinical practice guidelines review. Curr Opin Infect Dis 2015;28(5):426-37. Showler AJ, Boggild AK. Cutaneous leishmaniasis in travellers: a focus on epidemiology and treatment in 2015. Curr Infect Dis Rep 2015;17(7):489. Blum J, Buffet P, Visser L et al. LeishMan recommendations for treatment of cutaneous and mucosal leishmaniasis in travelers, 2014. J Travel Med 2014;21(2):116-29. Mansueto P, Seidita A, Vitale G et al. Leishmaniasis in travelers: a literature review. Travel Med Infect Dis 2014;12(6 Pt A):563-81. Murray HW. Leishmaniasis in the United States: treatment in 2012. Am J Trop Med Hyg 2012;86(3):434-40.