Xaya xərçəngi
EBM Klinik protokolları
24.05.2017 • Sonuncu dəyişiklik 24.05.2017
MikaRaitanen
Əsas müddəalar
- Xayalarda palpasiya edilən kütlədən əksi sübut olunana qədər xaya xərçəngindən şübhələnilməlidir.
- Ultrasəs müayinəsinin həssaslığı təxminən 100%-dir və tək şişdən şübhələndikdə və ya xayalıqdakı kütlənin klinik qiymətləndirilməsi qeyri-müəyyən olaraq qaldıqda tətbiq edilməlidir.
- Əgər xərçəng şübhəsi varsa, xayalıqdan toxuma nümunəsi götürmək əks-göstərişdir.
- Xaya xərçənginin proqnozu yaxşıdır.
- Xüsusilə risk qrupunda olanların xayalarını özlərinin müayinə etməsi vacibdir. Atası və ya qardaşı xaya xərçəngi diaqnozu qoyulmuşlar və enməmiş xaya üçün müalicə almış xəstələr risk qrupundadırlar.
Epidemiologiyası
- Xaya xərçənginə nisbətən nadir hallarda (kişilərdə bütün xərçəng hallarının 1-1.5%) rast gəlinir, lakin 15-35 yaşlı gənc kişilər arasında ən geniş yayılmış xərçəng növüdür.
- Enməmiş xayalar (kriptorxizm) və irsi faktorlar xaya xərçəngi üçün risk faktorlarıdır. Ətraf mühit faktorlarının da həmçinin təsiri aşkardır.
- Xaya xərçənginin 90%-dən çoxu qonosit hüceyrələrdən yaranır. Qonosit hüceyrəli şişlər sonradan iki əsas histoloji kateqoriyaya bölünür: seminoma və qeyri-seminoma kimi tanınan digər qonosit hüceyrəli seminoma.
Əlamət və simptomlar
- Ən tez-tez müşahidə olunan simptom xayanın birinin böyüməsidir.
- Xaya ağrısı 5 haldan birində müşahidə olunur və təxminən simptomların 10% metastaza görədir. Bu simptomlara bel və qarın ağrısı, dispnoe və hemoptizis daxildir. 5% xəstədə ginekomastiya olur.
- Şiş adətən xayanın daxilində bərk və ya elastik kütlə kimi hiss olunur.
- Xayalığın ultrasəs müayinəsi birinci sıra radioloji müayinədir. Hazırki məlumata əsasən xaya mikrolitiazı xaya xərçəngi riskini yüksəltmir. Xayalıqdan keçən gur işıq xərçəng şişini, hansı ki, işığın keçməsinə imkan vermir hidrosele və spermatoseledən differensiasiya etməyə kömək edir.
- Komputer tomoqrafiya müayinəsinin metastazları təyin etməkdə həssaslığı yaxşıdır və o, bütün xəstələrdə xəstəliyin mərhələsini təyin etmək üçün göstərişdir.
- Xaya xərçəngi üçün serum şiş markerləri (alfa-fetoprotein, insan xorion qonadotropin və laktat dehidrogenaza) vardır və onların həm diaqnostika, həm də müşahidə üçün faydalıdır. Buna baxmayaraq, şiş markerlərinin normal səviyyəsi xaya xərçənginin varlığını inkar etmir, buna görə də ilkin səhiyyə xidməti səviyyəsində onların istifadəsi lazım deyildir.
Müalicə
- Xaya xərçəngi üçün birinci seçim müalicə qasıq nahiyyəsindən kəsiklə təsirə məruz qalmış xaya və toxum ciyəsinin götürülməsidir. Götürülmüş xaya protez xaya ilə əvəz oluna bilər.
- Xəstəliyin mərhələsindən asılı olaraq əməliyyatın ardınca əlavə radioterapiya və ximioterapiya, retroperitoneal limfa düyünü disseksiyası və ya onların kombinasiyası ilə davam etmək olar.
- Əgər xərçəng xayada yerləşibsə, əlavə müalicədən çəkinmək lazımdır. Xəstəliyin residiv verdiyi halında onkoloji terapiya ilə müalicə nəticələri təcili başlanmış yanaşı terapiya ilə əldə olunana bərabərdir.
Müşahidə (izləmə)
- Müşahidə limfa düyünlərinin və qarının palpasiyasının daxil olduğu fizikal müayinə ilə yanaşı şiş markerlərinin təyin edilməsinə əsaslanır. Ən əhəmiyyətli radioloji müayinə KT müayinəsidir, buna görə də müşahidə əksər hallarda xəstəxana şəraitində həyata keçirilir.
- Müşahidə cədvəli şişin növü, şiş markerlərinin səviyyəsi və təyin edilən yanaşı müalicədən asılıdır.
Müvafiq mənbələr